• cümə axşamı, 18 aprel, 06:37
  • Baku Bakı 12°C

İtaliyadan qayıdan həmyerlimiz: “Hər şey bir göz qırpımında baş verirdi”

02.04.20 11:22 3082
İtaliyadan qayıdan həmyerlimiz: “Hər şey bir göz qırpımında baş verirdi”
Emin Rüstəmov: "Karantindən yayınan italyanlar virusu ölkənin hər tərəfinə daşıdılar”
Son vaxtlar dünyada hər kəsin danışdığı, müzakirəyə qoyduğu, kütləvi informasiya vasitələrinin əsas xəbər manşetlərini "işğal” edən, sosial şəbəkələrdə gündə milyon dəfələrlə adı çəkilən tək bir mövzu var: Koronavirus pandemiyası. Ötən ilin sonlarında Çindən başlayan epidemiya, sonra da ard-arda Avropa ölkələrini cənginə alan, hətta okeanları belə adlayaraq uzaq Amerikaya çatan, bütün dünyanı iflic edən pandemiya. Sözügedən mövzuda "Kaspi” qəzetinin suallarını Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov cavablandırır.

- Emin bəy, koronavirusun meydana çıxdığı və yayıldığı ilk dönəmdə Siz İtaliyada yaşayırdınız. O zaman hadisələr təzə-təzə cərəyan edirdi. Hazırda isə bu virusdan ölənlərin sayına görə İtaliya Çini qabaqlayıb. O dövrdə proseslər necə cərəyan edirdi? Virusun yayılmasının qarşısının alınması üçün hansı tədbirlər görülürdü?
- Bu gün bütün dünya ölkələri koronavirusla ciddi mübarizə aparır, onun yayılmasının qarşısını almaq üçün yollar axtarırlar. İnfeksiologiya üzrə ixtisaslaşmış dünyanın nüfuzlu alimləri bu xəstəliklə mübarizə üsullarını öyrənmək, həmçinin, ona qarşı vaksinin ən qısa zamanda tapılması istiqamətində səfərbər olublar. Etiraf etmək istərdim ki, adıçəkilən virus hələ Çində yayılmağa başlayanda mən məsələnin vahimliyini bir o qədər də anlamamış, hətta ciddi qəbul etməmişdim. Amma günlər bir-birini sürətlə əvəz etdikcə, virusun qurbanlarının sayı da artmaqda idi. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, COVİD-19-un ilk can aldığı Avropa ölkəsi İtaliya oldu. Belə ki, İtaliyanın Lombardiya bölgəsindən 75 yaşlı bir qadın, Veneto bölgəsindən 78 yaşlı bir kişi həyatını itirdi. Bu faktlar cari ilin fevral ayının sonlarına təsadüf edirdi. Artıq bu iki ölüm faktından sonra, İtaliyanın Şimal bölgəsində 10 şəhər nəzarətə götürüldü, eyni zamanda universitet və məktəblərdə dərslər dayandırıldı. Fevralın 23-də İtaliya Səhiyyə Nazirliyinin verdiyi məlumatda, artıq yoluxma faktının 59 nəfərdə aşkarlandığı bildirilirdi. Həmin dövrdə mən özüm də İtaliyada idim. Mənim daimi yaşayış yerim paytaxt Roma şəhəridir. Elə hər şey də burdan başladı. Sanki hər şey bir göz qırpımında baş verirdi. İtaliyadan sonra İspaniya, Fransa, Almaniya kimi ölkələr, daha sonra digər Avropa ölkələri COVİD-19 yoluxma faktlarının mövcudluğunu elan etdilər. Artıq İtaliyanın şimalında həyat iflic olmuşdu. Çağırışlara baxmayaraq, həddindən artıq sosial olan italyanları küçələrdən, meydanlardan evlərə toplamaq mümkün deyildi.

- Nə səbəbə italyanlar bu çağırışlara əhəmiyyət vermirdilər?
- İnsanların əksəriyyəti hətta bu virusun mövcudluğuna şübhə ilə yanaşırdılar. Digər tərəfdən, karantin qorxusundan canını qurtarmağa çalışan italyanlar cənuba doğru axışmağa başladılar və özləri də bilmədən virusu İtaliyanın hər tərəfinə daşıdılar. Avropanın ən yaşlı insanlarının İtaliyada yaşadığını da nəzərə alsaq, virusun aldığı canların sayı sürətlə artmağa başladı. Bu, artıq böyük bir fəlakətin başlanğıcı idi. Təxminən bir aydan bir qədər çox müddəti geridə qoymuşuq, amma rəqəmlər hələ də qorxu saçmaqda davem edir. Belə ki, mart ayının 31-ə olan məlumata görə dünyada 856,917 nəfərdə yoluxma faktı qeydə alınıb, 42,107 (19%) nəfər isə həyatını itirib. İtaliyada 106,792 nəfər bu virusa yoluxub, 12,428 nəfər isə həyatını itirib. Olduqca ciddi rəqəmlərdir. Buna görə də, martın 9-da İtaliya höküməti bütün ölkəni "qırmızı zona”elan edərək, nəzərdə tutulmuş qadağalarla karantin rejiminin tətbiqinə başladı. Xəstəxanalar, apteklər və marketlərdən başqa bütün ictimai iaşə obyektləri fəaliyyətini dayandırdı, əhalinin evdən çixmasına qadağalar qoyuldu. Hələ də bu qadağalar qüvvədədir.

- Koronavirus epidemiyasını İtaliyada qarşılayan, Azərbaycan dövlətinin təşkil etdiyi çarter reysləri ilə Romadan Vətənə təxliyyə olunan, ölkəmizdə bu virusa qarşı mübarizə tədbirlərini müşahidə edən gənc kimi vətəndaşlarımıza tövsiyələriniz nədən ibarət olardı?
- Təəsüf hissi ilə bildimək istəyirəm ki, bu virus bəlası ölkəmizdən də yan keçmədi. Hesab edirəm ki, mövcudrəqəmlərin artacağı istisna deyil. Digər dünya ölkələri kimi, Azərbaycan da koronavirusla mübarizədə ciddi səy göstərir. Məktəblərin və ali təhsil müəsisələrinin, müəyyən dövlət qurumlarının və idarələrinin fəaliyyətinin dayandırılması, sərhədlərin bağlanması, xüsusi karantin rejiminin tətbiqi koronavirusla mübarizədə ciddi əhəmiyyət kəsb edən məqamlardır. Bölgələrlə giriş-çıxışın tamamilə məhdudlaşdırlması, əhalinin ən sıx məskunlaşdığı Bakı şəhərində, eləcə də regionlarımızda dövlət səviyyəsində həyata keçirilən qabaqlayıcı profilaktik tədbirlər, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, dövlətin bu məsələyə nə qədər ciddi yanaşdığını bir daha sübut edir. Amma dövlətlə bərabər, yükün yarısı da insanların üzərinə düşür. İnsanlar bu məsələyə laqeyid yanaşdıqca, karantin rejiminin qaydalarına ciddi riayət etmədikcə, koronavirusla mübarizə bir o qədər çətin olacaq, ciddi fəsadlara gətirib çıxaracaq. Prezident İlham Əliyevin son çıxışlarında da qeyd etdiyi kimi, dövlət tərəfindən qəbul edilmiş bütün qərarlara və atılmış addımlara baxmayaraq, dinamika artır və bunun əsas səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir. Mən də bu fikirlə tamamilə razıyam. Bütün maarifləndirici tədbirlərə, edilən ciddi xəbərdarlıqlara baxmayaraq, əfsuslar olsun ki, bəzi vətəndaşlarımız məsələnin ciddiyyətini anlamaqda çətinlik çəkirlər. Bu gün 4518 nəfər Azərbaycan vətəndaşı xüsusi karantin rejimində nəzarət altındadır. Respublikada 10 xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub. Bir neçə gün bundan öncə Bakı şəhərində müasir "Yeni Klinika” tibb müəssisəsi bu xəstəlikdən əziyyət çəkənlərin istifadəsinə verilib. Bunlar dövlətin həyata keçirdiyi mühüm tədbirlərdir. Bizim üzərimizə düşən vəzifə isə karantin rejiminin qaydalarına əməl etməkdən, ehtiyac olmadıqca yaşadığımız evləri tərk etməməkdən ibarətdir. Ancaq bu yolla xalqımızı, millətimizi böyük bəladan qurtara bilərik. Çalışaq evdə qalaq, karantin rejiminin tələblərinə əməl edək!

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər