• cümə axşamı, 18 aprel, 17:57
  • Baku Bakı 22°C

İstehsalı artan Azərbaycan avtomobilləri

19.06.19 09:30 914
İstehsalı artan Azərbaycan avtomobilləri
2019-cu ildə "Khazar" avtomobillərinin istehsalının artırılması gözlənilir. Bu barədə Trend-ə "Azərmaş" ASC-dən bildiriblər. Məlumata əsasən, müəssisədə "Peugeot 206" və "Peugeot 207" modellərinin istehsalını təşkil etmək planlaşdırılır. İxraca gəldikdə isə qeyd olunub ki, hazırda Ukrayna və Rusiya ilə danışıqlar aparılır, prosesin yaxın aylarda təşkil olunacağı gözlənilir. Şirkətdən bildirilib ki, 2019-cu ilin əvvəlindən 300 avtomobil satılıb. Ötən il mindən çox avtomobil istehsal olunub ki, onlardan 95 faizi satılıb. Qeyd edək ki, "Khazar" avtomobil zavodu Neftçala sənaye zonasında yerləşir. Zavodda istehsal olunan bütün avtomobillər "Avro-5" standartlarına uyğundur.
Bir müddət əvvəl iqtisadiyyat naziri Şahin Mustafayev də ilin əvvəlindən başlayaraq qeyri-neft sənayesində daha böyük fəallığın avtomobil istehsalı sahəsində müşahidə olunduğunu deyib. Nazirin sözlərinə görə, ölkədə istər minik, istər yük avtomobillərinin istehsalı ildən-ilə artır. Ş.Mustafayev qeyd edib ki, Neftçala Sənaye Parkında 2018-ci ildən fəaliyyət göstərən "Khazar" avtomobil zavodunda bu ilin ilk rübündə 1600 minik avtomobili istehsal olunub. Həmin avtomobillərin də böyük əksəriyyəti artıq satılıb. Müəssisə daha 400 avtomobil üçün sifariş alıb.
İstehsalın artması bazarda yerli maşınlara maraq yarada biləcəkmi? Ümumiyyətlə, bu sahədə ixracı artırmaq üçün hansı addımlar atılmalıdır?
İqtisadçı ekspert Rəşad Həsənov avtomobil istehsalı sahəsində qabaqcıl ölkəyə çevrilmək məsələsində böyük üstünlüyümüzün olmadığını bildirdi: "Başqa sahələrdə ola bilər, amma avtomobil istehsalı sahəsi bir az çətindir. Avtomobil sənayesi 2000-2015-ci illər arasında bəzi cəhdlərin olmasına baxmayaraq, uğursuz inkişaf yolu keçdi. Bunun nəticəsində ölkəmizdə istehsal olunan avtomobillərin sayında, eyni zamanda sektorun dövriyyəsində əhəmiyyətli azalmalar müşahidə edildi. Amma 2015-ci ildən sonra yaranmış vəziyyət, xüsusilə də iqtisadiyyatın şaxələndirilməsi, resurs asılılığının azaldılması, tələbatın yerli istehsalla ödənilməsi bu istiqamətdə müəyyən addımların atılmasına şərait yaratdı. Beləcə, avtomobil istehsalı da, inkişaf etdirilməsi prioritet olan sahəyə çevrildi. Xüsusilə də son 2 il ərzində sənaye məhəllələrində bir neçə avtomobil zavodunun fəaliyyətə başlaması üçün müvafiq işlər görüldü, qonşu ölkələr, Rusiya və İranla birlikdə investisiyalar qoyuldu, birgə müəssisələr yaradıldı. Bu müəssisələrin fəaliyyəti ölkəmizdə avtomobil sənayesinin inkişafını sürətləndirən faktorlardan birinə çevrildi. Bu gün həmin müəssisələrin mövcudluğu deməyə əsas verir ki, bu istiqamətdə həm istehsalın miqdarında, həm də dövriyyədə artımlar olacaq. Bu müddət ərzində istehsal olunan məhsulların yerli bazarlarda rəqabətliliyinin artırılması ilə də bağlı müəyyən addımlar atıldı. Ötən ilin sonlarında təsdiqlənən tariflərə uyğun olaraq, ölkəmizə idxal olunan avtomobillərin aksiz vergisində çox ciddi artımlar tətbiq edilməsi nəzərdə tutulurdu ki, bu da idxal olunan maşınların qiymətini kəskin şəkildə artırır. Nəticə etibarı ilə bu addım, yerli istehsal üçün rəqabətli şərait formalaşdırılır. Düşünürəm ki, indiki şərtlər yerli avtomobil sənayesi üçün kifayət qədər optimaldır. Amma təbii ki, müəssisələr öz fəaliyyətlərini ənənəvi formada deyil, daha müasir metodlarla və bazar prinsipləri ilə qurmalıdırlar. Burada rəqabətlilik həm qiymət, həm keyfiyyət baxımından əhəmiyyətli olmalıdır.
R. Həsənov qeyd etdi ki, bu sahənin məhsulları ilə bağlı stereotiplər qırılarsa, ciddi inkişaf əldə olunar: "Bilirik ki, texnoloji avadanlıqların istehsalı sahəsində istehlakçıların yerli məhsullara güvəni tam deyil. Avtomobil də məhz bu kateqoriyaya daxil olan məhsullardandır. Ümid edirəm ki, yeni müəssisələr istehsal etdikləri məhsulların keyfiyyəti ilə bu stereotipin qırılmasında mühüm rol oynayacaqlar. Əgər stereotipi qıra bilərlərsə, Azərbaycanda avto-sənayenin inkişafı üçün yeni bir addım atılmış olacaq. Deyə bilərəm ki, hazırda bazarda ciddi tələb formalaşıb. Yerli avtomobil istehsalçıları bu vəziyyəti qiymətləndirərək düzgün bazar siyasəti həyata keçirə bilərlər”.
İqtisadçı Ramin Rəhimov bildirdi ki, bir məhsulu istehsal etməzdən əvvəl bazar araşdırması edilməli, həmin məhsulun alıcılıq qabiliyyəti öyrənilməlidir: "Hazırda yerli yox, xarici avtomobillərə tələbat daha yüksəkdir. Düşünürəm ki, avtomobilləri istehsal etməkdən daha çox, ilkin olaraq onun ehtiyat hisslərini istehsal edən müəssisələrin sayının artırılması yaxşı olardı. Həm real istehsal sahəsi genişlənmiş olardı, həm də həmin müəssisələrə işçi qüvvəsi cəlb olunardı. Etiraf etməliyik ki, hələ ixrac yönümlü avtomobil istehsal edə biləcək potensiala malik deyilik. Yəni bütün detalları xaricdən ixrac edib avtomobil istehsal edəcəyiksə, bu, bizə baha başa gələcək. Yaxşı olar ki, bir məhsulu istehsal etməzdən əvvəl bazar araşdırması edilsin, həmin məhsulun alıcılıq qabiliyyəti öyrənilsin. Çox təəssüf ki, günümüzdə yerli istehsallı avtomobilin real alıcısı yoxdur. Real alıcı kütləsini formalaşdırmaq üçün də keyfiyyət parametrlərinə, yerli istehsala olan inamı artırmaq lazımdır. Bunun üçün də birdən-birə avtomobil istehsal etmək yox, ehtiyat hissələrinin istehsalına başlamalıyıq. Düşünmürəm ki, yaxın bir neçə il ərzində xaricə avtomobil ixrac edəcək keyfiyyət parametrlərinə malik olacağıq”.
Günel Azadə
banner

Oxşar Xəbərlər