• cümə axşamı, 25 aprel, 21:39
  • Baku Bakı 21°C

İstefa, yoxsa qaçış? - TƏHLİL

29.01.22 09:45 1057
İstefa, yoxsa qaçış? - TƏHLİL
Politoloqun fikrincə, istefa verən Ermənistan prezidenti Armen Sarkisyan diasporun himayəsinə bel bağlayırdı. Onun Baş nazirlə münasibətləri həmişə ziddiyyətli olub. Bu istefa diasporun hökumətə təzyiqini azaltmalı, Paşinyanın mövqeyini gücləndirməlidir.
Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən Müharibəsində düşmənin belini qırıb, işğal altındakı torpaqları qısa müddətdə azad edib. Döyüş meydanında ordusu darmadağın olan, böyük itkilərə məruz qalan Ermənistan kapitulyasiya aktına imza atıb. Bu rüsvayçı məğlubiyyət, tarixi ədalətin bərpası bütün dünya ermənilərini, eləcə də Ermənistan cəmiyyətini sarsıdıb, hakim komandada və müxalifətdə ciddi fikir ayrılığına yol açıb.


Kütləvi istefaların kulminasiya nöqtəsi

Bu müddətdə qarşılıqlı ittihamlar, təhqir və təhdidlərlə müşayiət olunan proseslər fonunda mühüm vəzifə tutan şəxslərin istefa verməsi xüsusilə diqqət çəkib. Məğlubiyyətin, itkilərin səbəbini və günahını öz üzərinə götürməyən, məsuliyyətdən yaxa qurtarmağa can atan erməni rəsmiləri ard-arda vəzifələri ilə vidalaşıblar. Ermənistandakı kütləvi istefalar bir neçə gün bundan öncə özünün kulminasiya nöqtəsinə çatıb. Ermənistan prezidenti Armen Sarkisyan, ardınca isə Prezident Aparatının rəhbəri Emil Tarasyan istefa veriblər. Maraqlıdır, Ermənistan prezidentinin qəfil istefasına səbəb nədir? A.Sarkisyanın istefası Azərbaycan və Türkiyə ilə barışıq istiqamətində Ermənistan hökumətinin qəbul edə biləcəyi güzəştlərlə bağlı ola bilərmi? Ümumiyyətlə, A.Sarkisyanın bu addımı Ermənistandakı proseslərə necə təsir edəcək?


Prezident və Baş nazir ortaq rəyə gələ bilmirdi

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, A.Sarkisyan yaxşı siyasi və işgüzar münasibətləri olan şəxs sayıldığı üçün onun istefası bir qədər təəccüblə qarşılanır: "Armen Sarkisyan Ermənistanın sabiq baş naziri Serjik Sarkisyan dönəmində prezident postunu tutmuşdu. Serjikin devrilməsi nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanla Armen arasında bir sıra məsələlər üzrə ciddi fikir ayrılıqları var idi. İkinci Qarabağ müharibəsindən sonra Ermənistandakı hərbi rəhbərliyi – müdafiə naziri və baş qərargah rəisi istefaya göndərilərkən də onlar arasında ziddiyyətlər yaşanmışdı. Prezident və baş nazir ortaq rəyə gələ bilmirdi. Bunları nəzərə alsaq, Sarkisyanın qəfil istefa verməsi Ermənistanda siyasi böhranın və dövlət idarəçiliyindəki gərginliyin nəticəsi sayılmalıdır. Təbii, Paşinyan bu istefadan özü üçün istifadə etməyə çalışacaq. Əlinin altında olan, ona sadiqlik nümayiş etdirən hər hansı kadrını prezident postuna gətirə bilər. Bunun üçün bir sıra variantlar var. Ermənistan parlamentinin spikeri, xarici işlər naziri, təhlükəsizlik şurasının katibi ilkin namizədlər arasındadırlar”.


Erməni lobbisinin əsas hədəfi

Politoloq bildirib ki, A.Sarkisyanın istefası Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün aparılan danışıqlara müsbət təsir göstərə bilər: "Armen Sarkisyanın Böyük Britaniya, Vatikan, ABŞ, xüsusən ərəb dünyası ilə çox yaxşı münasibətləri var idi. Sarkisyan Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinə dəfələrlə səfər edib. Təbii ki, belə münasibətlərə malik şəxsin dünyadakı erməni diasporu ilə də sıx əlaqələri var. Hazırda isə erməni lobbisinin əsas hədəfi Azərbaycan və Türkiyədir. Onlar qondarma soyqırımı ilə bağlı saxta fikirlərin geniş təbliğatını aparırlar. Bu, erməni diasporunun təbliğat maşınının əsasını təşkil edir. Belə olan halda Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində apardığı danışıqlar Armen Sarkisyanın fəaliyyəti ilə ziddiyyət təşkil edirdi. Məhz buna görə də, Sarkisyan istefaya səbəb kimi xarici siyasətdə yetərsizliyi və məhdud səlahiyyətlərini göstərib”.

Xarici siyasət kursunun daxilində olmamaq
Politoloq vurğuladı ki, hazırda Ermənistan hakimiyyəti öz qonşuları ilə münasibətləri normal istiqamətə yönəltmək, iqtisadi əlaqələrə malik olmaq üçün danışıqlar aparır: "Azərbaycanla sərhədlərin delimitasiyası, bölgədəki nəqliyyat və kommunikasiya xətlərinin bərpası, həmçinin Türkiyə ilə bir sıra məsələlərin müzakirəsi gündəlikdədir. Türkiyə və Ermənistan arasında münasibətləri tənzimləyəcək xüsusi nümayəndələrin Moskvada görüşü keçirilib. Bundan əlavə, 3+3 formatında əlaqələri inkişaf etdirmək üçün də görüş keçirilib. Növbəti belə görüşün Türkiyədə keçirilməsi planlaşdırılır. Yəni Armen Sarkisyanın Ermənistan xarici siyasət kursunun daxilində olmaması, Türkiyə və Azərbaycanla, həmçinin regionda iştirakçı olan digər dövlətlərlə danışıqlarda birbaşa iştirak etməməsi onun istefa verməsinə səbəb olub”.

Paşinyan üçün əsas meyarlar

İ.Hüseynov söyləyib ki, A.Sarkisyan erməni lobbisinin maraq dairəsində olan fiqurdur. Politoloqun qənaətincə, lobbini daha da zəiflətmək, yaxud Ermənistanın daxili işlərinə qarışmasını əngəlləmək üçün A.Sarkisyanın aradan götürülməsi Paşinyan üçün mühüm əhəmiyyət kəsb edir: "Sarkisyanın istefası həm də onu deməyə əsas verir ki, Ermənistan siyasətində təcrübəli, praqmatik bir fiqur aradan götürüldü. Paşinyanın əsas niyyəti özünə sadiq olan, məhz onun düşüncələri ilə oturub-duran, verilən tapşırıqları yerinə yetirən şəxslərin mühüm postlara gətirilməsidir. Ermənistanın baş naziri üçün belə dəyərlər əsas götürülür. Hansısa qeyri-hökumət təşkilatlarının layihələrində iştirak etmək, xaricdə təhsil almaq və Paşinyana sadiq olmaq başlıca şərtdir. Misal üçün, hər hansı təhsili, səriştəsi, təcrübəsi olmayan şəxs Ermənistanda müdafiə naziri təyin olunub. Prezident kürsüsündə əyləşdiriləcək şəxs üçün də bu kimi meyarlar əsas ola bilər. Paşinyan heç vaxt istəməz ki, ondan daha nüfuzlu və təcrübəli, ciddi siyasi karyera qurmuş şəxs prezident seçilsin, baş nazirdən üstün olsun”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər