“İsrail tamaşaçıları həddindən artıq həssasdırlar”
Festival bir ölkənin tanınmasında böyük rol
oynayır. Əslində isə festival bir bayramdır. Hələ bu, sərhəd tanımayan, din,
dil, irq fərqi qoymayan musiqinin festivalıdırsa, o zaman ikiqat bayramdır.
Beynəlxalq festivallarda iştirak etmək isə dünyaya açılan qapıdan vətənin
təbliğatının sənin əllərində olması deməkdir. Son illər tanınmış xanəndələrimizin,
musiqi aləmindəki sənətkarlarımızın səsi məhz belə festivallardan eşidilir. Bu
dəfə isə gənc xanəndəmiz, Əməkdar artist Bəyimxanım Vəliyevanın növbəti bir beynəlxalq
festivalda çıxış etdiyini eşitdik. Onunla əlaqə saxladıqda, xanəndə artıq
vətənə yola düşürdü. Müasir texnologiyanın verdiyi imkanlardan istifadə edərək
Qüdsdə olan ifaçı ilə əlaqə saxladıq, səfərin səbəbini soruşduq:
- Noyabrın 9-dan 12-nə qədər İsrailin Qüds
şəhərində keçirilən ənənəvi beynəlxalq "Ud” festivalında iştirak etdim. Artıq
3-cü dəfədir ki, bu festivala dəvət alıram və ölkəmizi belə mötəbər bir
festivalda təmsil edirəm. Dünyanın diqqətində olan və ətrafına böyük auditoriya
cəm edən belə bir festivalda iştirak etmək, orada öz ölkəni təmsil etmək
həqiqətən böyük bir şərəf, eyni zamanda məsuliyyətdir. Mən bu dəfə həmin
festivala Azərbaycandan tək qatılmışdım. Festivalda israilli musiqiçilərlə
birlikdə saat yarımlıq sintez muğam konsert proqramı ilə çıxış etdim.
- Sintez muğam
proqramına hansı musiqilər daxil idi?
- Festivalda məni İsrail musiqiçiləri müşayiət
edirdi. Xalq və bəstəkar mahnılarımızı ifa etdim. Belə ki, "Getmə-getmə” xalq
mahnısını, "Bəstə Nigar”, Hacıbaba Hüseynovun repertuarından "İki sevda
çəkənlərin cəzası var” təsniflərini və sair repertuara daxil etmişdim. İsrail
musiqiçilərindən məşhur instrumentalist Markın bəstələdiyi bir mahnını səsləndirdim.
Orada Azərbaycanı təmsil etdiyim üçün bildirdim ki, burada Azərbaycan sözləri
də mütləq olmalıdır. Həmin mahnı sırf instrumental musiqi idi. Həmin mahnıya bizim
gözəl qəzəlxanımız Şəhriyarın sözlərini əlavə etdim. Onların 2 improvizələri
var idi ki, mən orada muğamlar səsləndirdim. Həqiqətən də çox fərqli və maraqlı
bir proqram oldu. Təəssüratlarım xoşdur və bu konsertdən böyük ruh yüksəkliyi
ilə geri dönürəm.
- Bu sintez ifa
tamaşaçılar tərəfindən necə qarşılandı?
- Konsert sonrası tamaşaçılar ayaq üstə
alqışladılar və məni ikinci dəfə səhnəyə dəvət etdilər. Yenidən ifa etməyimi
xahiş etdilər.
Zalda əyləşən tamaşaçılar bu konsertdən böyük zövq
almışdılar. Onlar konsert sonrası da öz xoş təəssüratlarını səsləndirdilər.
Azərbaycan muğamına böyük maraqlarının olduqlarını söylədilər. Onu qeyd edim
ki, İsrail tamaşaçıları həddindən artıq həssasdırlar. Musiqini sevirlər və keyfiyyətli
musiqiyə dəyər verməyi bacarırlar. Onlar bir növ musiqi fanatıdırlar.
- Festivalda hansı
ölkələr iştirak edirdi?
- "Ud” festivalına Hindistan, İraq, Gürcüstan,
Amerika, İsrail, Kanada və bir çox ölkələrdən iştirakçılar qatılmışdı. Məndən
öncə ölkəmizin görkəmli sənətkarı, Xalq artisti Alim Qasımov Azərbaycanımızı bu
festivalda təmsil edib. Ondan
sonra mən dəvət aldım. Məhz bu sintez şəklində. 2015-ci ildə bu festivalda
iştirak edəndə Azərbaycandan istedadlı tarzənimiz Malik Mansurov da iştirak
edirdi. Bu dəfə Azərbaycandan tək mən iştirak etdim.
- Festivallar sizə
nə qazandırır?
- Festival ölkəmizi təmsil və təbliğ etmək üçün ən
gözəl vasitədir. Biz burada dünyanın müxtəlif ölkələrindən gələn sənət
adamlarına, getdiyimiz ölkənin vətəndaşlarına öz musiqimizi göstərir və onun
hansı keyfiyyətə malik olduğunu nümayiş etdiririk. Beynəlxalq arenaya daha tez
çıxmaq və sənətimizlə sözümüzü demək üçün şans əldə edirik. Ölkəmizin
həqiqətlərini belə böyük bir arenada daha çox təbliğ etmiş oluruq.
- Konsert
proqramında sintez şəklində ifa etdiyiniz mahnılara necə hazırlaşdınız?
- Festivala dəvət aldıqdan sonra iki ay əvvəl mənə
repertuardakı mahnıları göndərdilər. Mən də həmin mahnıların üzərində çalışdım.
Daha sonra İsrailə gedəndə oradakı musiqiçilərlə gərgin məşqlərimiz oldu.
Konsert günü də 3 saat məşq oldu. Nəticədə festival günü saatyarımlıq konsert proqramı ilə çıxış etdik.
- Şəkillərdən
gördüyümüz qədəri ilə ziyarət etməyə də zaman tapmısınız.
- Bəli, konsertdən sonra müsəlmanların müqəddəs
yeri hesab olunan, Məhəmməd peyğəmbərimizin meracının baş verdiyi, müqəddəs
Qurani-Kərimdə adı çəkilən, müsəlmanlarınilkqibləsi
sayılan Məscidül-Əqsa məscidini də ziyarət etdim. Xalqımıza əmin-amanlıq, sülh
arzuladım. Bura müqəddəs yerlərdən biridir.Məscidül-Əqsa bizim dildə"Ən
uzaqdakı məscid" mənasını verir. Məscidül-Həramdansonra tikilən ən qədim
ikinci məscid hesab olunur. Belə bir yerdə olduğum və ziyarət etdiyim üçün
xoşbəxtəm. Hər kəsə buranı ziyarət etməyi arzulayıram.
Xəyalə Rəis