İsrail nümayəndə heyəti ADU-da olub

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü,
əməkdar elm xadimi Kamal Abdulla Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü,
israilli alim Brenda Şaffer, Hayfa Universitetinin professoru Avina Am İdan və
məşhur israilli jurnalist Yaron Londonla görüşüb. ADU-da İsrail və Yaxın Şərq
Araşdırmalar Mərkəzinin fəaliyyət göstərdiyini deyən K.Abdulla Azərbaycan və yəhudi
xalqlarının münasibətlərinin çox maraqlı və zəngin tarixə malik olduğunu
bildirib. Onun sözlərinə görə, Azərbaycanda yaşayan yəhudi xalqının nümayəndələri
arasında ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş, Milli Qəhrəman
adına layiq görülmüş şəxslər var. Akademik deyib ki, azərbaycanlılar və yəhudilərin
dostluğu çox möhkəm xarakter daşıyır. İbri dili kimi Azərbaycan dilinin də
özündə qədim tarixi və mədəniyyəti əks etdirdiyini deyən K.Abdulla qonaqlara
"Kitabi-Dədə Qorqud” dastanını misal çəkib. K.Abdulla nümayəndə heyətinə Azərbaycan
multikulturalizmi fenomeni barədə də danışıb.
Öz növbəsində Y.London Azərbaycana ilk dəfə gəldiklərini
söyləyib. O, bildirib ki, həm azərbaycanlılar, həm də yəhudilər öz mədəniyyətləri
ilə məşhur olan xalqlardır: "Mən belə hiss edirəm ki, azərbaycanlılarla biz öz
mədəniyyətimizi qorumaq baxımından çox oxşarıq. Azərbaycan elə bir ölkədir ki,
biz burada özümüzü evimizdəki kimi hiss edirik”.
Daha sonra Y.London ADU-nun İsrailşünaslıq ixtisası üzrə təhsil
alan tələbələrinə "İbri dilinin dirçəlməsi” mövzusunda mühazirə oxuyub. "Biz bilməliyik ki, dil mədəniyyətin
göstəricisidir. Dünyada mövcud olan bütün xalqların dili və əlifbası tarixi
proseslər zamanı dəyişikliklərə məruz qalıb. Azərbaycan və İsrail xalqları qədim
tarixi köklərə dayanan dil mədəniyyətinə sahibdir. Hər iki xalq öz dilini müxtəlif
istilalar zamanı qoruyub saxlamağa müvəffəq olub”. Y.London İsrail xalqının qədim
dil tarixinə malik olduğunu söyləyib və müxtəlif dövrlərdə məruz qaldığı
istilalar nəticəsində bu xalqın dilində də müəyyən dəyişikliklərin baş
verdiyini sözlərinə əlavə edib.
Sonra ibri dilinin yaranması və
tarixi inkişaf mərhələləri haqqında ətraflı məlumat verən Y.London Sami dil ailəsinə daxil olan, eyni zamanda İsrail dövlətinin
rəsmi dövlət dili olan ibri əlifbası barədə də tələbələrə ətraflı məlumat
verib.
Sonda isə Y.London tələbələrin
suallarını cavablandırıb və universitetin İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinə
müəllifi olduğu "Canlıların karnavalı” adlı kitabını hədiyyə edib.
