• cümə axşamı, 25 aprel, 16:51
  • Baku Bakı 23°C

İsrail-Ermənistan münasibətlərində “Qordi düyünü”

27.01.20 18:42 4387
İsrail-Ermənistan münasibətlərində “Qordi düyünü”
Politoloqların fikrincə, "The Jerusalem Post”da dərc olunan məqalə İsrailin mesajı kimi qəbul edilməlidir

Ermənistan siyasi, iqtisadi və demoqrafik tənəzzülə uğradığı kimi, xarici siyasətdə də uğursuzluq yaşamaqdadır. Əlbəttə ki, bütün bunların başlıca səbəbi yerli hakimiyyətin işğalçı siyasətidir. Elə bu günlərdə rəsmi Yerevanın xarici siyasətdə qarşılaşdığı vəziyyət bunu bir daha sübut edir. Belə ki, İsraillə münasibətləri yaxşı olmayan Ermənistanla bağlı "The Jerusalem Post” qəzetində dərc edilən "At Auschwitz tribute, Israel should study tale of two monuments” başlıqlı məqalənin işıq üzü görməsi təsadüfi deyil. Məqalədə Ermənistan hakimiyyəti tərəfindən nasist Njdeyə heykəl qoyulması məsələsi yer alıb. Nasistlər məsələsinə həssas yanaşan yəhudilər üçün erməni cəlladına heykəlin ucaldılması yaxşı qarşılanmayıb. Məlumdur ki, ermənilər də bir çox hallarda özlərini yəhudilər kimi "soyqırıma” məruz qalan xalq kimi dünyaya sırımağa cəhd edirlər. Amma bu, yəhudilər tərəfindən qəbul edilmir. "The Jerusalem Post” qəzetində dərc edilən məqalədə də bunu bir daha təsdiq edir. Məqalə müəllifi haqlı olaraq bildirir ki, 1991-ci ildə müstəqillik əldə edən və Ermənistanla münaqişə vəziyyətində olan Azərbaycanda bu ilin noyabrında Qarabağ müharibəsinin şəhidi, milliyyətcə yəhudi Albert Aqarunova abidə qoyulub. Njde ilə Aqarunova qoyulan abidə arasında təzad göz önündədir.
İsrail-Ermənistan arasında soyuq münasibətlərin olmasını sözügedən məqalənin Ermənistan prezidenti Armen Sarkisyanın Tel-Əvivə səfəri ilə eyni vaxtda dərc edilməsindən də görmək mümkündür. Belə ki, İkinci Dünya müharibəsi zamanı Osvensim konsentrasiya düşərgəsinin azad edilməsinin 75-ci ildönümünü və Xolokostu qeyd eləmək üçün Rusiya, Fransa, Ukrayna prezidentləri, habelə ABŞ-ın vitse-prezidenti və bir sıra digər ölkələrin yüksək çinli rəsmiləri İsraildə olublar. Onların arasında Ermənistan prezidenti Armen Sarkisyan da olub, amma erməni mənbələrinin yaydığı məlumata görə heç də o "sevilən qonaq” qismində olmayıb. Sarkisyan səfər çərçivəsində İsrail Knessetində (parlament) də olub və Knessetin sədri Yoel Edelşteynlə görüşüb. Çıxışında o, erməni və yəhudi xalqlarının "oxşar taleyə” malik olduğunu iddia edərək, iki xalqı eyniləşdirməyə çalışıb və sonda Knessetdən saxta "erməni soyqırımı”nı tanımağı xahiş edib. İsrail rəsmiləri Sarkisyana heç bir ümidverici söz deməyiblər. Lakin görüşdən sonra "The Yerusalem Post” qəzetində Ermənistan əleyhinə, orada faşizmin baş qaldırması məsələsi ilə bağlı böyük bir məqalə dərc edilməsi rəsmi Yerevana cavab kimi qiymətləndirilməlidir. Bütün bunlar isə onu göstərir ki, İsrail-Ermənistan münasibətləri ermənilərin bütün cəhdlərinə rəğmən, soyuqlaşmağa doğru gedir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan bir çox ölkələrə səfərə getmir, prezident Armen Sarkisyanı göndərir: "Misal üçün, Paşinyan bu il keçirilən Davos Forumuna getmədi və bilirdi ki, böyük şirkətlərin Ermənistana marağı yoxdur. Çünki əhali az, bazar kiçik, xarici bazarlara da çıxışı yox. Özü bu foruma getmədi, amma yerinə Armen Sarkisyanı göndərdi. Məsələ ondadır ki, Armen Sarkisyanı ərəb ölkələrinə də göndərir və fikir versək görərik ki, Yaxın Şərqdəki səfərlərə ancaq prezident gedir. O cümlədən İsrailə də Armen Sarkisyan getdi. Bəri başdan qeyd etmək olar ki, İsrail-Ermənistan əməkdaşlığının perspektivi yoxdur. Çünki Ermənistan işğalçılıq siyasəti həyata keçirir. Eyni zamanda Azərbaycan və İsrail arasında sıx tərəfdaşlıq münasibətləri var. Ermənistan bəzən tələb şəklində İsrailə şərt irəli sürür ki, Azərbaycan silah satılmasın. Əlbəttə ki, bu mümkün deyil. Ona görə də Ermənistan nə qədər çalışsa da, İsrail-Azərbaycan münasibətlərini poza bilməyəcək. Məsələ ondadır ki, ermənilər özləri də İsraillə sıx əməkdaşlıq qura bilmir. Lakin ara-sıra məlumat ötürürlər ki, guya İsraildə səfirlik açacaqlar, amma bu da alınmır”.
E.Şahinoğlu qeyd etdi ki, İsrail tərəfindən narahatlığa səbəb olan faktordan biri də faşist Njdeyə Yerevanda abidənin qoyulmasıdır: "Bu məsələyə İsrail hər zaman çox həssas yanaşır. Çünki II Dünya müharibəsində 6 milyon yəhudi Avropada qətlə yetirilib. Ona görə də həm faşistlər, həm də onlarla əməkdaşlıq edən istənilən şəxs İsrailin düşməni sayılır. Njde də faşistlərlə əlbir olub, qətliamlarda iştirak edib. Elə tək bu səbəbə görə İsraillə Ermənistan arasındakı münasibətlər istiləşə bilməz. Məhz Armen Sarkisyanın səfəri zamanı İsrail mətbuatında Njde haqqında məqalə dərc olundu. Bu, əslində İsrailin mesajıdır ki, əgər bizimlə isti münasibətlər qurmaq istəyirsinizsə, Njdeyə qoyulmuş abidəni götürün. O abidəni isə Ermənistan hakimiyyəti heç vaxt götürməyəcək”.
Politoloq Qabil Hüseynli bildirdi ki, İsraillə Ermənistan arasında isti münasibətlərin olması mümkün deyil: "Çünki ermənilərin iştahası çox böyükdür və yəhudilərin əl-ayağına dolaşan hərəkətlər edirlər. Məsələn, ermənilər "seçilmiş xalq”, "dünyanın hər yerinə "sivilizasiya yayan millət” kimi bədnam iddialarını bütün dünyaya yaymaqla yəhudilərin işini yaramayan tezislər irəli sürürlər. Düzdür, yəhudilər erməniləri gözəl tanıyırlar və bilirlər ki, II Dünya müharibəsi dövründə ermənilər Qaregin Njdenin timsalında onlara qarşı törədilən qətliamlarda iştirak ediblər. Hələ bu azmış kimi həmin qaniçən cəllad, nasist Njdenin Ermənistanın paytaxtında heykəlini qoyublar, küçə adları verilib və sair”.
Q.Hüseynli vurğuladı ki, İsrail- Ermənistan münasibətlərində soyuqlaşma var: "Ermənilər təkcə azərbaycanlılar üçün deyil, yəhudilər üçün də ciddi problemlər yaradan xalqdırlar. Bu xalqın mövcudluğu elə dünya sivilizasiyası üçün ciddi problemlər yaradır və təhlükəlidirlər. Bütün bunları nəzərə alaraq söyləmək mümkündür ki, erməni-yəhudi münasibətlərinin düzəlməsi mümkün deyil. Çünki ermənilər indi dünya boyunca yəhudilərlə rəqabət aparmaq niyyətinə düşüblər. Ona görə də İsrail-Ermənistan münasibətləri bundan sonra da qaydasına düşməyəcək, əksinə kəskinləşməkdə davam edəcək”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər