“İspanlar tez panikaya düşüb evə ərzaq tədarük edirdilər”
01.04.20 16:18
1342
Mirzə Bayrampur: "Bir günün içində supermarketlər,
apteklər boşalır və ani xaos yaranmağa başlayır”
Son bir
neçə aydır ki, koronavirusun yayılma səbəbi ilə ölkələrin bir çoxu əhalisini
qorumaq üçün ciddi tədbirlər görür. Karantin rejiminin elan edilməsi, sərhədlərin
bağlanması və s. görülən işlər sırasındadır. Ən əsas tədbirlərdən biri də
xaricdə təhsil alan tələbələrimizin ölkəmizə gətirilməsidir. Bir müddət əvvəl
xüsusi reyslərlə müxtəlif ölkələrdə təhsil alan tələbələrimiz ölkəmizə gətirilərək
karantin rejimində saxlanıldı və daha sonra evlərinə buraxıldı. Həmin tələbələrdən
biri də İspaniyada təhsil alan Mirzə
Bayrampurdur.
Qeyd edək
ki, Mirzə Bayrampur 12 dekabr 1997-ci ildə Bakıda doğulub. 2015-ci ildə Bakı
Atatürk Liseyindən məzun olub. Mirzə deyir ki, xaricdə təhsil almaq barəsində
uşaqlıqdan düşünüb: "Xaricdə təhsil almağımda oxuduğum məktəb də böyük rol
oynadı. 2015-ci ildə Türkiyə hökumətinin keçirdiyi təqaüd proqramının qalibi
oldum. Azərbaycandan 46 nəfər seçilmişdi. Bakalavr təhsilimi Ankara
Universitetində aldım. Təyyarə biletimdən tutmuş, qalacaq yerimə qədər hamısını
Türkiyə dövləti ödəyirdi. Amma 2017-ci ilin əvvəllərində İtaliyada təhsilimi
davam etdirmək qərarına gəldim. Açığını desəm, Ankara çox sıxıcı şəhərdir və bu
da qərarıma böyük təsir etdi. 2017-ci ilin sentyabr ayından İtaliyanın Turin
Universitetində təhsil almağa başladım. Təbii ki, bu da məni qane etmədi və
2018-ci ildən təhsilimi İspaniyaya keçirdim. Orada "Schellammer Business School”da biznes menecmentliyi üzrə təhsil
alıram”.
Müsahibim
İspaniyadakı təhsilin bir sıra üstünlükləri olduğunu deyir: "İspaniya mənim
uşaqlıq arzum idi. Həm dil, həm mədəniyyət olaraq ispanlar dünyada sözünü demiş
xalqlardandır. Ora getməyimə əsas səbəblərdən biri də bir çoxunun azarkeşi
olduğu "Barcelona” futbol klubudur. İspan insanı bizim insanımıza çox bənzəyir.
Həm istiqanlı, həm qonaqpərvər, həm də kömək etməyi sevən bir xalqdır. Oradakı
təhsilin bir çox tərəfini bəyənirəm. Əsas üstünlüyü insanda analitik düşünmə
qabiliyyətini və araşdırma bacarığını formalaşdırmasıdır. Bizim təhsil
sistemimizlə də ən böyük fərqləri budur. Bizdə hazır konspekti tələbəyə verib, deyirlər
öyrən. Onlar isə "araşdır, tap və öyrən” deyirlər. Şübhəsiz ki, əzbərləməklə
öyrənilənlər bir müddətdən sonra yaddan çıxır, amma araşdırılıb öyrənilən şeylər
uzun müddət yadda qalır. Ümumiyyətlə, Avropanın bir çox ölkələrində təhsil
sistemi güclüdür”.
O ki
qaldı dünyanı və xüsusilə də İspaniyanı cənginə alan koronavirusa, Mirzə deyir
ki, fevral ayının ortalarından etibarən artıq söz-söhbət gəzməyə başlamışdı: "Dərslərdə
əsasən İtaliyadakı vəziyyət haqqında danışırdıq. Əsas müşahidə etdiklərim isə
insanların tez panikaya düşüb evə ərzaq tədarük etməsi idi. Konkret olaraq
tarix deyə bilmərəm, amma mart ayının əvvəllərində kəskin şəkildə artmağa
başladı. İlk tədbirlər bütün dünyada olduğu kimi idi. Gigiyenaya fikir vermək,
çölə çıxmamaq, başqaları ilə təmasda olmamaq. Universitetdən bizə bu tələblərə
uymağın vacibliyi bildirildi. Biz də əməl etməyə çalışırdıq. İspanlar çox tez
panikaya düşmüşdülər və çox qorxurdular. Mənim öz şəxsi fikrimi soruşsanız, mən
buna elə də çox inanmıram. Biznes fakültəsində oxuyuram və izah olunanlar o idi
ki, bu, pul dövriyyəsinin artırılması məqsədi ilə bir çox ölkələrdə yayılan
epidemiyadır. Təsəvvür edin, 1 günün içində supermarketlər, apteklər boşalır və
millətdə ani xaos yaranmağa başlayır. Qiymət artımları və azalmalar tez-tez nəzərə
çarpır və əldə qalan məhsullar satılır. Buna axın istiqamətinə üzmək deyilir. Hər
kəs bundan lazım olduğu kimi istifadə etməyə çalışır”.
Ölkəyə
Madrid-Doha-Bakı reysi ilə gəldiyini deyən müsahibim Novruz bayramına görə
onsuz da gəlməyi planlaşdırdığını bildirdi: "Aeroportda ilkin müayinədən keçdim
və heç bir hal aşkar olunmadı, temperaturum normal idi. Həmçinin gəlməmişdən
öncə də İspaniyada virusa qarşı analiz vermişdim və əlimdə analizlərin cavabı
var idi. Buna baxmayaraq, bildirdilər ki, karantinə getməliyəm. Səbəbini
soruşduqda isə, təyyarədə kimdəsə virusun ola biləcəyini, yoluxma halı baş verməsinin
mümkün olduğunu dedilər. 2 saylı Əfəndiyev adına şəhər xəstəxanasına yerləşdirildim.
11 gün karantin dövrü keçdi və 2 dəfə analiz alındı. Hər ikisi neqativ olduğu
üçün həkim rəyi əsasında evə buraxıldım. Karantin günlərində də ciddi problem
yaşamadım. Şərait, bizə olan münasibət yaxşı idi, sadəcə yaxınlarımızın bizə
yemək gətirməsinə icazə vermirdilər. Bu da bəzən mübahisələrə səbəb olurdu”.
Həmsöhbətim
hazırda Bakıda, evində gələcək planları ilə məşğul olduğunu bildirir: "Gələcək
planlarımı qurur, özümü inkişaf etdirmək üçün onlayn şəkildə "Marketing və
Project Management” kurslarında iştirak edirəm. Universitet dərslərim isə aprel
ayının 6-dan etibarən onlayn şəkildə davam edəcək. Universitetimiz hər şeyin fərqindədir
və bizim sağlamlığımıza böyük önəm verir. Pandemiya İspaniyada bizim ölkəmizdən
tez bitsə belə, bizim ölkədə bitənə kimi onlayn şəkildə dərslərimizi almağa
davam edəcəyik. Universitet rəhbərliyi vəziyyətimizi yaxından izləyir və
bildiriblər ki, narahatlığa heç bir əsas yoxdur”.