İsmayıllıdan Bakıya daşınan zibil - FOTOLAR
Turizm
rayonlarında məişət tullantılarının toplanması və daşınması işi düzgün
qurulmayıb
Karantin qaydalarının yumşaldılması, rayonlara
gediş-gəlişin bərpa edilməsi paytaxt sakinlərinin regionlara səfərini
intensivləşdirib. Şəhərin səs-küyündən, toz-torpaqlı, çirkli havasından 1-2
günlük can qurtarmaq istəyənlər rayonlara üz tutur, təbiət qoynunda istirahətə
üstünlük verirlər. Biz də həmkarlarla birlikdə bir neçə gün bundan öncə
İsmayıllı rayonuna səfər etdik, Sumağallı kəndində ev kirayələyib iki gecəni
orada qaldıq. Füsunkar təbiəti, gülərüz
insanları, fərqli mətbəxi ilə seçilən İsmayıllı rayonunda istirahətdən zövq
aldıq. Xalq şairi Musa Yaqubun Buynuz kəndindəki məzarını, bu kəndin meşəsini,
Şahdağ Milli Parkını ziyarət etdik, yol qeydləri apardıq. İki gün ərzində
apardığımız müşahidələr əsasında deyə bilərik ki, daxili və xarici turistlərin
istirahət etməsi üçün bütün imkanlara malik olan İsmayıllıda diqqətimizi çəkən
yeganə çatışmazlıq, məişət tullantılarının idarə olunması üçün işin lazımi
səviyyədə qurulmamağı idi.
Zibil
atmaq üçün 9 kilometr məsafə qət etmək
Belə ki, Sumağallı kəndində qonaq olduğumuz birinci
günün səhəri evdə səliqə-sahman yaradıb yığılan zibilləri avtomobilin yük
yerinə topladıq və kənd ərazisindəki zibil qabına atmaq istədik. Sakinlərdən
soraqlaşsaq da, zibil atmaq üçün xüsusi bir yerin olmadığını bildirdilər. Kimi
çay və yol kənarına, kimi də meşəlik ərazidə bir çuxura atmağı "tövsiyə” etdi.
Təbii ki, təbiəti çirkləndirmək istəmədiyimizdən, zibil qutusu axtarışına
çıxdıq. İsmayıllı rayonunun Sumağallı kəndindən Qəbələ rayonunun Vəndam
qəsəbəsinə qədər olan 9 kilometrlik məsafəni qət etdik. Gəldiyimiz yolun hər
iki tərəfi meşəlik, müxtəlif istirahət mərkəzləri ilə əhatə olunsa da, heç bir
yerdə məişət tullantıları üçün qablara, yaxud zibilin ətrafa atılmamağına dair
hər hansı maarifləndirici plakata, zibil qabının harada olmasına dair
istiqamətverici lövhəyə, məlumata rast gəlmədik. Yalnız sakinlərdən soruşduqdan
sonra Vəndam bələdiyyəsinin qarşısında dayanmış zibil maşınını tapdıq və
avtomobilimizin yük yerində özümüzlə gəzdirdiyimiz tullantıları ora atdıq.
Sumağallıda qonaq qaldığımız ikinci günün səhəri isə təkrar 9 kilometr məsafə
qət edib Vəndama zibil atmağa getmədik. Tullantıları avtomobilimizin yük
yerində Bakıya kimi gətirib, qarşımıza çıxan ilk zibil qabına atdıq.
Yaşıllıq
məkanları zibilxanaya çevrilir
Nəzərə alaq ki, səfər marşrutumuz üzərindəki
İsmayıllı, Qəbələ, Şamaxı turizm imkanları geniş olan rayonlardır və buraya
həftə sonları dincəlmək üçün gələnlərin sayı çoxluq təşkil edir. Bu rayonların
ərazisindən keçən magistral yolun hər iki tərəfində onlarla istirahət məkanları
var. Ancaq nə bu istirahət məkanlarının qarşısında, nə də yolun meşəlik
ərazilərdən keçən hissələrində, misal üçün 100-500 metrdən bir müasir zibil
qutularına rast gəlmək mümkün deyil. Halbuki belə səliqəli, rəngbərəng zibil
qutularına paytaxtımızda rast gəlmək mümkündür. Bu zibil qablarından turistik
zonalarda da yerləşdirmək, tullantıların düzgün idarə olunmasını təmin etmək,
təbiətin çirklənməsinin qarşısını almaq mümkündür. Çünki heç də hamı
tullantıları maşının yük yerinə toplayıb Bakıya gətirmir, yaxud səbirlə 9
kilometr məsafə qət edib başqa yaşayış məntəqəsindəki zibilxanaya daşımır.
Xəlvətə salıb zibili kol-kosluğa, meşəliyə, çay kənarındakı çala-çökəyə
tullayanlar da tapılır. Nəticədə təbiətə ziyan dəyir, istirahət etdiyimiz
yaşıllıq məkanları zibilxanaya çevrilir. Yerli sakinlərlə söhbət zamanı onlar
da bu problemdən narahatlıqlarını dilə gətirdilər. Bildirdilər ki, zibil
qabları yoxdur deyə, ya kənd sakinləri tullantıları öz həyətyanı sahəsində
çuxur qazıb orada yandırır, ardınca da üstünü torpaqla basdırır, ya da hara
gəldi atırlar. Hər iki halda ekologiyaya ziyan dəyir. Üstəlik, aidiyyəti
qurumlardan hər hansı biri meşəliyə, yaşıllıq sahələrinə, çay kənarına kiminsə
zibil atdığını bilsə, dərhal onu 20 manat cərimələyirlər. Kənd sakinləri deyir
ki, ekologiyanın qorunması, ətrafa zibil atmağa görə cərimənin tətbiq edilməsi
müsbət haldır, amma məsələnin bu həddə gəlib çatmamağı üçün lazımi yerlərə
zibil qabları qoyulmalı, məişət tullantıları vaxtlı-vaxtında daşınmalıdır.
Bələdiyyələrin
məhdud imkanları
Məişət tullantılarının toplanması və daşınması,
bilavasitə yerli özünüidarəetmə orqanlarının işi olduğundan, ilk növbədə adları
çəkilən rayonlardan birinin bələdiyyəsi ilə əlaqə saxladıq. Əvvəlcə hər hansı
açıqlama vermək istəməsə də, israrımız qarşısında suallarımızı cavablandıran,
lakin adının çəkilməməyini xahiş edən bələdiyyə təmsilçisi söylədi ki, məişət
tullantılarının toplanması və daşınması ciddi maliyyə resursu tələb edir. Onun
sözlərinə görə, turizm mövsümündə bu tələbat və məişət tullantılarının həcmi
dəfələrlə artır. Bələdiyyə nümayəndəsi qeyd etdi ki, vətəndaşlar, o cümlədən
turizm üçün əlverişli olan yaşayış məntəqələrinin heç də bütün sakinləri zibil
pulunu, həmçinin əmlak vergisini asanlıqla ödəmirlər, bir çox hallarda bundan,
ümumiyyətlə imtina edirlər. Bu isə bələdiyyələrin maliyyə imkanlarını
məhdudlaşdırır. Nəticədə tullantıları toplayan işçilərə əmək haqqı vermək,
zibil daşıyan nəqliyyat vasitələrinə vaxtlı-vaxtında texniki qulluq etmək,
yanacaq və əlavə yük maşını almaq mümkün olmur. Həmsöhbətim vurğuladı ki,
məişət tullantılarının düzgün idarə olunmasına meşəlik ərazilərdə fəaliyyət
göstərən turizm obyektləri, magistral yolboyu fəaliyyət göstərən istirahət
məkanları da öz dəstəyini verməli, ümumi iş naminə məsuliyyəti, bələdiyyələrə
dəstəyi bir qədər də artırmalıdırlar.
İcra
hakimiyyəti üçün hər şey əladır
İsmayıllı
Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdiri Sevil Əhmədova ilə telefon əlaqəsi saxlayıb sözügedən problemi
onun da diqqətinə çatdırdıq. O, məişət tullantılarının toplanması və daşınması
ilə bələdiyyələrin məşğul olduğunu xatırladaraq, bu işin lazımi səviyyədə
təşkil olunduğunu vurğuladı. Sevil xanıma söyləyəndə ki, şəxsi müşahidələrimiz
bunun əksini deyir və müvafiq yerlərdə zibil qablarının quraşdırılmasına
ehtiyac var, o, telefon nömrəmizi qeyd etdi və məsələni araşdırıb bizimlə əlaqə
saxlayacağını dedi. Amma Başçının müavini sonradan bizimlə əlaqə yaratmadı,
fərqli vaxtlarda etdiyimiz telefon zənglərini də cavablandırmadı.
Vətəndaşlar
tələb etməlidirlər
Ekologiyanın, turistik zonaların təmizliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyini, Dövlət Turizm Agentliyini də
qayğılandırdığından, sözügedən qurumların da mövzuya dair münasibətini
öyrəndik, müşahidə etdiyimiz problemi onların diqqətinə çatdırdıq. Nazirliyin
"Facebook” səhifəsində "Ekspert saatı”nın növbəti buraxılışı zamanı mövzu
barədə ünvanladığımız sualı cavablandıran Dövlət
Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirdi ki, məişət
tullantılarının toplanması və daşınması, ilk növbədə yerli özünüidarəetmə
orqanlarının işidir: "Məişət tullantılarının toplanmasına, daşınmasına görə
yerli özünüidarəetmə orqanları
vətəndaşlardan vəsait toplayır. Məhz buna görə də vətəndaşlar bələdiyyələrdən
məişət tullantılarının normal qaydada toplanmasını və daşınmasını tələb etməlidirlər”.
Müqavilələrin
vaxtı uzadılmır
Nazirliyin
Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırov isə turizm və rekreasiya zonalarında aparılan
monitorinqlərə diqqət çəkərək söylədi ki, məişət tullantılarının daşınması üçün
aidiyyəti qurumlarla razılaşması olmayan, çirkab suların ətrafa axıdılmasına
yol verən, bununla bağlı fəaliyyətində nöqsanlar aşkarlanan obyekt sahibləri
ilə turizm sahəsində xidmət göstərmək üçün yenidən müqavilələr imzalanmır:
"Turizm və rekreasiya zonalarında mütəmadi monitorinqlər aparılır. Məişət
tullantılarını, çirkab sularını qanunauyğun şəkildə idarə edə bilməyən obyekt
sahibləri ilə müqavilələr yenilənmir, onların fəaliyyəti bununla
məhdudlaşdırılır. Bundan sonra da ətraf mühitə, təbiətə bu cür biganə olan,
tullantıların meşələrə atılmasına şərait yaradan şəxslərlə turizm xidməti
göstərməyə icazəni nəzərdə tutan, yəni meşəlik ərazidə turizm obyekti işlətmək
üçün imzalanan müqavilələrin vaxtı uzadılmayacaq”.
"Gözəl
kənd” layihəsi
Dövlət Turizm
Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirdi ki, təmsil etdiyi qurumun regional
idarələri tərəfindən bir çox layihələr həyata keçirilir və bunlar içərisində
qeyd olunan problemlə bağlı bələdiyyələrlə də müvafiq işlər görülür. Onun
sözlərinə görə, Lənkəranda, Şəkidə və digər regionlarda yerli özünüidarəetmə
orqanları ilə birlikdə turizm zonalarında təmizlik işlərinin görülməsi, müvafiq
yerlərdə zibil qutularının yerləşdirilməsi kimi tədbirlər həyata keçirilib:
"Dövlət Turizm Agentliyinin "Gözəl kənd” layihəsi var. Bu layihə çərçivəsində
yerli əhali ilə birlikdə təmizlik, bərpa, yenidənqurma və digər işlər görülür.
Layihə turistik əhəmiyyətli kəndləri əhatə edir. Çalışırıq ki, layihənin icra
olunduğu yaşayış məntəqələrini nümunəvi kəndə çevirək. Bundan başqa, gənclər
təşkilatları, turizm könüllüləri ilə birlikdə tez-tez iməclik keçiririk. Buna misal kimi çimərliklərdə,
şəlalələrin ətrafında olan ərazilərdə aparılan təmizlik işlərini sadalaya
bilərik. Lakin ümumilikdə, turizm potensialı olan rayonlarda məişət
tullantıları üçün zibil qablarının qoyulması, onların vaxtlı-vaxtında
boşaldılması, zibilin müvafiq qaydada daşınması, bilavasitə bələdiyyələrin
işidir. Biz, sadəcə hansısa layihələr çərçivəsində onlara dəstək verir,
maarifləndirici işlər aparırıq”.
Həyata
keçməyən Milli Strategiya
Ekoloq Samir
İsayev qəzetimizə
açıqlamasında qeyd etdi ki, turizm rayonlarında fəaliyyət göstərən hər bir
şirkətlə bələdiyyələrin müqaviləsi var və bu, həm yerli özünüidarəetmə orqanı,
həm də sahibkarlıq fəaliyyəti göstərən şəxs üçün önəmlidir. Ekspertin sözlərinə
görə, bələdiyyə bundan qanuni gəlir əldə edir, ödədiyi vəsait müqabilində
sahibkar da məişət tullantılarının daşınması qayğısından azad olur: "Heç bir
rayonda bələdiyyə belə imkanı əldən verməz. Mütləq o sahibkarlıq subyekti,
turizm obyekti ilə müqavilə imzalayıb. Amma sual doğuran məsələ budur ki, bu
məişət tullantıları necə yığılır, hara toplanır? Aidiyyəti dövlət qurumları
məhz buna nəzarət etməlidir. Misal üçün, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
bu prosesə ciddi nəzarət etmir. Gedib o bələdiyyədən soruşmurlar ki, sən zibili
necə və hara daşıyırsan, poliqonla müqavilən varmı? Nabran istisna olmaqla, bu
işin, hələlik mükəmməl səviyyədə təşkil edildiyi digər turistik zonanın adını
çəkə bilmərəm. Rayonlarda bu iş lazımi səviyyədə təşkil olunmur. "Azərbaycanda
bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair
2018–2022-ci illər üçün Milli Strategiya” var. Sözügedən sənəd Prezident İlham
Əliyevin 2018-ci il 1 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib. Milli
Strategiyada İqtisadiyyat, Səhiyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər
nazirlikləri, yerli icra hakimiyyəti orqanları qarşısında qeyd edilən
problemlərin həllinə dair konkret vəzifələr qoyulub. Pandemiya, ardınca Vətən
Müharibəsinin başlanması və ondan sonrakı proseslər Strategiyada nəzərdə
tutulan tədbirlərin sürətini təəssüf ki, ləngidib”.
Rufik
İSMAYILOV