• cümə axşamı, 25 aprel, 12:51
  • Baku Bakı 23°C

İsmayıllıdakı qətlin təfərrüatları açıqlandı - Baş Prokurorluq

04.07.14 14:37 1128
İsmayıllıdakı qətlin təfərrüatları açıqlandı - Baş Prokurorluq
Baş Prokurorluq İsmayıllı rayonunda 81 yaşlı qadının qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 2-də saat 07 radələrində İsmayıllı şəhər sakini, 1933-cü il təvəllüdlü Talıbova Rəbiyyə Qasım qızının üzərində zorakılıq əlamətləri olan meyitinin İsmayıllı şəhəri, Q.Aslanov küçəsində tapılması barədə rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı həmin tarixdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı rayon sakini Cəbiyev Elbrus Samir oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İstintaqla müəyyən olunub ki, iyulun 1-də, saat 17 radələrində Elbrus Cəbiyev əvvəllər kirayədə qaldığı İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, 31A saylı evin həyətində sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zəminində keçmiş qonşusu Rəbiyyə Talıbovaya küt alətlə xəsarətlər yetirərək onu qəsdən öldürüb. Bundan sonra E.Cəbiyev R.Talıbovanın meyitini həmin evin döşəməsinin altında gizlədib, saat 04 radələrində isə meyiti evdən çıxarıb yolun kənarına atıb.
E.Cəbiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
banner

Oxşar Xəbərlər