İşlə hobbi arasındakı harmoniya - İNCƏ BAXIŞ
Kanadalı müğənni və prodüser Abel Makkonen 2010-cu illərin sonlarında
youtube-da gizli şəkildə həftə sonu istirahət – weekend haqqında bir neçə mahnı
yükləyəndə nəinki özünün "Uiknd” (the weekend) kimi, həm də bu sözün dünyaca məşhurlaşacağı
ağlına belə gəlməzdi.
Müğənninin həmin mahnılardan ibarət albomu satışda rekord qıranda isə
insanlar o musiqilərin sədası altında həyat ritmlərini qurmağa başladılar. Onun
iki dəfə "Qremmi” qazanması, "Oskar”a namizəd olması, "Forbes”in dünyanın ən
varlı müğənnilərinin reytinq cədvəlində yer alması heç də təsadüfi deyildi.
Lirik tenor qərbdən-şərqə, cənubdan-şimala insanlara uik-endi necə keçirməyin
vacibliyini anlatmışdı. Həftə sonlarını maraqlı keçirməyi həyat tərzinə
çevirmişdi. İnsanlara gərgin işlə hobbi arasında harmoniya yaratmağı
öyrətmişdi. Mahnılar insanları həyata bağlamışdı, yaşamağı anlatmışdı.
Sonradan "Weekend” mövzusunda çoxlu filmlər çəkildi. Dərgilər nəşr
olundu. Moda həftələri keçirildi.
Karyeranın gizli silahı
O vaxtdan bəri "həftə sonları”nı səmərəli keçirməyi uğurlu karyeranın
gizli silahı adlandıranlar var. Uik-endi bütün müvəffəqiyyətli insanların
xəyallarını qurmaq üçün lazımlı fürsət hesab edənlər də çoxdur. "Uğur qazanan adamlar
istirahət etməyi bilirlər və buna görə də, çox iş görməyi bacarırlar”- deyə
"Forbes” insanları puldan çox istirahət haqqında düşünməyə səslədi. Məşhur iş
dərgisi ən uğurlu adamların həftə sonları internet, telefon və digər ünsiyyət
vasitələrini unutduğunu, daha çox insanlarla ünsiyyətə üstünlük verdiyini vurğuladı.
Hayd parkda həftə sonu
Bir neçə il əvvəl Londonda evində qaldığım 56 yaşlı qaradərili qadının "boyfrendi”
ilə şəhər kənarına istirahətə hazırlaşanda "Weekendi necə keçirəcəksən?” sualına
məndən maraqla cavab gözləməsi heç yadımdan çıxmır. Muzeylərə baş çəkəcəyimi
deyəndə "Bəlkə, Hayd parkda dincələsən” məsləhətindən vaz keçmədim. Həftə sonunu
dünyanın bu məşhur parkında keçirdim.
İki gün boyunca Serpentayn gölünə tamaşa etdim, eyniadlı qalereyanı gəzdim. Hersoq
Vellinqton muzeyinə baş çəkdim. Krallıq parkının Kensinqton bağlarıyla
sərhədinə qədər gedib çıxdım. Rəngbərəng güllərdən, ətirli ağaclardan, nadir
quşlardan intəhasız zövq aldım. Bu, ağlıma gətirməyəcəyim və heç zaman
unutmayacağım "uik-end” idi.
Adını hələ də xatırladığım
Jenni adlı ev sahibi iki gün sonra qayıdanda onun timsalında insanların
istirahətlərini sadə yolla, az büdcə ilə necə qurmaqlarının sirrini öyrəndim. "Həftə
sonu- weekend- uik-end” sözləri də o vaxtdan beynimə taxılıb qaldı. Bu sözü o
qədər sevdim ki, səyahət fotolarımın sosial şəbəkələrdəki paylaşımlarımın
"həştəq”i oldu.
Hər cibə uyğun
Son illər "həftə sonu”nun bizim ölkəmizdə də xeyli məşhurlaşdığını
müşahidə edirəm. Şəhərkənarı otellərə dincəlməyə gələn insanları görüncə bu
düşüncənin get-gedə genişlənməsinə xeyli sevinirəm. "Bizim otellərdə qiymətlər
bahadır” deyənlərin fikirləri ilə də razıyam. Amma kənd turizmi də var. Şəhərin
hay-küyündən uzaqlaşıb ucqar bir kənddə sadə bir mənzil də kirayələmək olar,
bir ağacın altında palaz sərib dincəlmək də. Bir bağda və ya parkda xudmani yer
tapıb kitab oxumaq da, musiqi dinləmək də, yürüş etmək də. Yaxın dostla kiçik
bir kafenin pəncərəsi ağzında yer edib dərdləşmək də. Yetər ki, gərgin həftə
sonundan sonra beynini yükdən təmizləməyin, stressdən uzaqlaşmağın yolunun istirahətdə
olduğuna inanasan. Onda xatirə kimi çəkdirdiyin fotonun altına və ya sadəcə
qəlbinə "weekend” yazmaqdan zövq alarsan...
Təranə Məhərrəmova