• cümə axşamı, 19 dekabr, 03:22
  • Baku Bakı 6°C

İslama üz tutan ermənilər

09.07.21 16:30 918
İslama üz tutan ermənilər
Ermənistanda çoxsaylı problemlərin sırasına mənəvi aşınma da əlavə olunur
Erməni cəmiyyətinin bütün sahələrində hökm sürən xaos və qeyri-müəyyənlik nəinki səngiyir, əksinə, günbəgün güclənir. Çoxsaylı problemlərin sırasına daha biri də əlavə edilir - mənəvi aşınma. Ermənilər yaşadıqları problemlərin səbəbini indi də dində görməyə başlayıblar. Belə ki, tanınmış erməni köşə yazarı Artem Erkanyan islamı qəbul edən ermənilərin sayının kəskin şəkildə artması probleminə toxunub. "Sputnik Armeniya"da dərc olunan məqaləsində yazır ki, islamı qəbul edən ermənilər bu addımı təzyiq deyil, könüllü şəkildə atmağa başlayıb. Erməni yazar soydaşlarını bu seçimi etməyə sövq edən amillər və bunun milli təhlükəsizlik nöqteyi-nəzərindən nə qədər təhlükəli olmasını araşdırmağa çalışıb. Erməni mediasında dərc olunan məlumatlarda vurğulanır ki, son aylar Ermənistan vətəndaşlarının islamı qəbul etməsi halları artıb. Söhbət etnik, əvvəl xristianlığı qəbul edən, yaxud ateist dünyagörüşə malik ermənilərdən gedir.
Yazar bu günlərdə rastlaşdığı belə faktlardan birini açıqlayıb. Bildirilir ki, müfti Salah Hacı Meciyevin xeyir-duası ilə Çeçenistan paytaxtında Yerevan sakini Robert Davtyanın islamı qəbul etməsi ilə bağlı mərasim keçirilib. Onun məhz bu məqsədlə Qroznıya gəldiyi bildirilir. Mərasimi Çeçenistan müsəlmanları dini idarəsinin rəis müavini Arbi Xabziyev keçirib. Erməniyə Adəm adı verərək, ona müfti adından hədiyyələr də təqdim edib. "İslam nyuz" nəşrinin yazdığına görə, bu mərasimə qədər məsciddə başqa bir Ermənistan vətəndaşı, 24 yaşlı Norayr Babadcanyanın islamı qəbul etmə mərasimi keçirilib. "Arqumentı i faktı" da ilin əvvəlində Yerevandan Qroznıya gələn etnik erməninin islamı qəbul etməsi barədə yazmışdı . Bundan əvvəl isə müftinin köməkçisi Musa Albiyev Aştarak şəhərindən gələn 27 yaşlı Anuşavan Harutyunyanın istəyi ilə onu müsəlman edib. Adı dəyişən erməni Məhəmməd Harutyunyan olub. Ondan əvvəl də internetdə, islamı qəbul edən və Qroznıda məskunlaşan Artur adlı erməni ilə iki çeçen arasındakı qarşıdurmanı əks etdirən bir video yayılmışdı. Erməni yazar: "Bir sözlə, Çeçenistanda ermənilərin İslamı qəbul etməsi halları təcrid olunmaqdan uzaqdır. Ermənistan vətəndaşları xüsusi olaraq Qroznıya gəlirlər. Bütün bunların da erməni dini rəhbərliyin icazəsi olmadan baş verməsi mümkün deyil. Çeçenistanın mənəvi liderləri tərəfindən "erməni reneqant"lığının təşviq edilməsi həyəcan doğurmaya bilməz. Bunu səmimi bir jest adlandırmaq da olmaz. Bu faktların ictimaiyyətə açıqlanması və təkrarlanması daha təəccüblüdür. Axı mövzu düzgün təhlil edilmədən onun mətbuatda işıqlandırılması üçün çox həssasdır".
Müəllif yazır ki, Erməni Apostol Kilsəsi müsəlmanların xristianlığı qəbul etməsinə yönəlik çağırışlar etməkdən çəkinir. Və bunu "ruhların ovlanması" kimi qarşılanacağından narahatdır. Ölkəsinin istənilən dinlərə hörmətlə yanaşdığını iddia edən yazar, burada riyakarlığa yol verir. İşğal altında olan Azərbaycan torpaqlarında donuz saxlanılan məscidlər, məhv edilən islam mədəniyyət abidələrini bəs kimin ayağına yazmaq olar? Bu suala hələ də cavab verən yoxdur. Daha sonra erməni xüsusi xidmət orqanlarının islamı qəbul edən erməniləri izləməsi, onlar üzərində nəzarəti həyata keçirməyə çağırış əks olunub. Bildirir ki, onlar asanlıqla xarici xüsusi xidmət orqanlarının əlində alətə çevrilə bilərlər. Müsəlman ermənilərin, eyni zamanda radikal müsəlman qruplaşmalarına üzv ola biləcəklərindən narahatlıq da əks olunub.
Müəllif "SalamNews" nəşrindən sitat da gətirir . "İslamı qəbul edən ermənilər arasında radikal islamçılar vəhabi məzhəbinin tərəfdarları var. Sələfi ermənilər müxalifət tərəfində döyüşmək üçün Suriyaya göndərilir" - deyə erməni yazar nəşrdən misal çəkir. Bu məlumatları Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Regional Təhlükəsizlik Problemləri Mərkəzinin baş elmi işçisi Ahmet Yarlıkapov da təsdiqləyir. Alim "müsəlman ermənilərin terror şəbəkələrində meydana çıxmasına dair məlumatlar Ermənistan üçün həyəcanverici bir çağırış olmalıdır. Üstəlik, bir əsr əvvəl Türkiyədə islamı qəbul edən ermənilərdən danışmırıq. Bunlar yalnız bu yaxınlarda islamı qəbul etmiş ermənilərdir. Bu insanların erməni adları və soyadları var, eyni zamanda, terror şəbəkələrinə yaxından inteqrasiya edilirlər" deyib.
Ermənilərin terrorçu qruplara cəlb edilməsinə dair bir neçə fakt var. 2013-cü ildə "Qafqazski uzel" nəşrində də Suriyada cihadçıların tərəfində vuruşan Əbu Məhəmməd Əl-Armininin ölümü barədə məlumat var idi. Əsl adı isə Yeğişe Karapetyandır. 2017-ci ilin aprelində Gümrüdə bir rus hərbçisini vəhşicəsinə qətlə yetirən Stepanavan sakini Arman Janjuguzyanın "İslam Dövləti” terror təşkilatının üzvü olduğu (bir sıra ölkələrdə qadağan olundu) da təsbit edilib. 2015-ci ildə Özbəkistanın Cizax bölgəsindən olan fermer, Ermənistan vətəndaşı Aramais Avakyan "İslam Dövləti” ilə əlaqədə şübhəli bilinərək həbs olunub. 2013-cü ildə Boston Marafonunda çeçenlər - Tamerlan və Coxar Tsarnaev tərəfindən təşkil edilən terror aktında iştirak edən Mixail Alaverdievin erməni olduğu ortaya çıxdı. Amerika mətbuatı onu Tsarnaev terrorçularının əsas ilhamçısı adlandırmışdı. 2005-ci ildə ABŞ-ın o zamankı prezidenti Corc Buşun həyatına qəsd cəhdinə görə ömürlük həbs cəzasına məhkum olunmuş tbilisili Vladimir Harutyunyanın da müsəlman olduğu ortaya çıxdı. Artıq həbsxanada saqqal buraxdı, ərəbcə öyrəndi və Quranı öyrənməyə başladı.
Müəllif yazır ki, ermənilərin terror təşkilatlarına daxil edilməsi barədə məlumatlar ən çox Türkiyədən gəlir. Belə ki, Ermənistandan gələn əmək miqrantları din dəyişikliyinə sürətlə gedirlər. 2019-cu ildə məşhur ilahiyyatçı və teleaparıcı Nihat Hatipoğlu 13 yaşlı Artur adlı bir erməni oğlanın türk telekanallarından birində canlı olaraq İslamı qəbul etməsini nümayiş etdirmişdi. Uşağın Ermənistan vətəndaşı olan anası hadisədən sonra ilahiyyatçını məhkəməyə vermişdi.
Müsəlmanlığı qəbul edən ermənilər haqqında məlumatlar Suriyadan da gəlir. Erməni köşə yazarı qeyd edir ki, əgər Suriya və digər ölkələrdə dinin dəyişilməsi tez-tez və müəyyən hallarda zorla baş verirsə, Rusiyada soydaşlarımız Məhəmmədin təlimlərini kifayət qədər könüllü və bilərəkdən qəbul edirlər: "Moskva, Mahaçqala, Krasnodardakı etnik ermənilərin müsəlman icmaları haqqında məlumatlar var. Soçi erməniləri arasında islam dininin davamçıları var. Lazarevski bölgəsinin imamı "çox sayda erməni cümə namazı üçün Golovinka məscidinə gəlir” deyir”.
Müəllif sonda yazır ki, "Alif TV şəbəkə kanalında Həştərxanda islamı qəbul edən və "Nur-İslam" adını almış keçmiş nüfuzlu kriminal avtoritet Vaçaqan Qabrielyan haqqında bir film çəkilib: "Görəsən, Robert Davtyan, Norayr Babacanyan, Anushavan Harutyunyan, Yegişe Karapetyan, Arman Jancuquzyan, Vaçagan Qabrielyan kimi insanları İslama cəlb edən nədir? Bu sual yalnız psixoloqlara və sosioloqlara deyil, inanıram ki, Apostol Kilsəsinin iyerarxlarına da yönəldilməlidir. Həqiqətən, bu şəxslərə məmləkətlərində erməni kilsələri, keşişləri, arximandritlər və yepiskoplar xidmət göstərir. Niyə mənəvi qida axtaran bəzi ermənilər əcdadlarının inancından daha çox, yad təlimləri üstün tuturlar?"

Azər Nuriyev
banner

Oxşar Xəbərlər