• cümə axşamı, 28 mart, 14:44
  • Baku Bakı 16°C

İslam Həmrəyliyinin Azərbaycan modeli təbliğ edilir - Fotolar

11.10.17 15:20 1874
İslam Həmrəyliyinin Azərbaycan modeli təbliğ edilir - Fotolar
Gəncliyə Yardım Fondunda "Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "İslam həmrəyliyinin Azərbaycan modelinin təbliğinə dair tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan "Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərova bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə həyata keçirilir. Onun sözlərinə görə, tədbirin keçirilməsinin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini icmaların nümayəndələri arasında İslam Həmrəyliyinin Azərbaycan modelini təbliğ etməkdir. S.Cəfərova ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərindən və Prezident İlham Əliyevin həmrəylik çağırışlarından danışıb: "Biz İslam Həmrəyliyinin Azərbaycan modeli dedikdə yalnız ölkəmizdəki müsəlmanların həmrəyliyini nəzərdə tutmuruq. Azərbaycanda yüz illərdir müsəlman, xristian, yəhudilər qardaşcasına yaşayır. Prezident İlham Əliyevin dediyi kimi bu bizim milli sərvətimiz və dəyərimizdir. Onu qoruyub saxlamaq hər birimizim borcudur”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elnarə Kərimova deyib ki, dünyanın təhlükəsizliyini, insanların sülh şəraitində yaşamasını təmin etmək üçün tolerantlıq, multikultural dəyərlərin təbliğ edilməsi zəruridir. Bütün bunları nəzərə alaraq prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili” və 2017-ci ili "İslam həmrəyliyi ili” elan edib. İslam həmrəyliyi ili elan edilməsi isə ölkədə əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərin, sülhün, barışın, dostluğun, birgə yaşayışın dünyaya ixrac edilməsinə öz mühüm töhfəsini verəcək. Münaqişələrin baş verdiyi bir dövrdə sabitlik, tolerantlıq, vəhdət, multikulturallıq nümunəsi olan Azərbaycan islam həmrəyliyini yaratmaq və bu prosesə öz töhfəsini vermək iqtidarındadır. Prezident İlham Əliyevin İslam həmrəyliyinə çağırışı bütün İslam dünyasında xalqların, ölkələrin, iqtisadi, mədəni, elmi əməkdaşlığına, eyni zamanda İslam dininin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik və sülh ideyalarının daha da diqqət mərkəzinə çəkilməsinə xidmət edir”.

Azərbaycan Respublikası Alban udi xristian dini icmasının sədri Robert Mobili isə vurğulayıb ki,İslam həmrəyliyinin Azərbaycan modeli həm ölkədə,həm də dünyada bir tolerantlıq nümunəsi kimi qiymətləndirilir: "Azərbaycan multikultural dəyərləri ilə bütün dünyaya örnək olmaqla yanaşı, İslam həmrəyliyi baxımından da İslam dünyasına nümunədir”.

R.Mobilinin dediyinə görə, Azərbaycanda sülh məramının və qarşılıqlı ehtiram məfkurəsinin bəşəriyyətə bəyan edilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb: "Zəmanəmizin narahat gündəm yaşadığı, Şərqlə Qərbin kəskin ziddiyyətlərlə qarşılaşdığı bir dönəmdə Azərbaycan dövləti bütün dünyaya özünün sülhpərvər ruhunu, dialoq aparmaq mədəniyyətini, İslam dininin mənəvi dəyərlərini və mütərəqqi mahiyyətini bəyan edir”.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Sirac Səfərov qeyd edib ki, İslam həmrəyliyi müasir dünyamızda yaranmış gərginliyin aradan qaldırılmasında çox mühüm rol oynaya bilər. Məhz buna görə prezident İlham Əliyevin "İslam Həmrəyliyi İli” ilə əlaqədar irəli sürdüyü fikirlər yalnız Azərbaycana, ölkəmizdəki dini konfessiyalara, müsəlman aləmi ilə digər konfessiyalar arasında münasibətlərə aid olmaqla bərabər, eyni zamanda, bütün dünyada gedən proseslərə təsir göstərəcək bir hadisədir.

Bakı şəhəri Avropa Yəhudiləri Dini İcmasının ravvini Şneyr Şeqal vurğulayıb ki, Azərbaycan multikultural dəyərləri ilə bütün dünyaya örnək olmaqla yanaşı, İslam həmrəyliyi baxımından da İslam dünyasına nümunədir.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının nümayəndəsi Denis Sveçnikovun sözlərinə görə, Azərbaycanda dinlər arasında olan mövcud tolerantlıq, dözümlülük münasibətləri dünyanın bir çox ölkələri üçün nümunə ola bilər.İslam dini sülh dinidir, terrorizmdən çox uzaqdır. İlahiyyatçı-alim Abbas Qurbanov isə bildirib ki,bütün dünyaya nəzər saldığımızda İslam və müsəlman dünyası üzərində oyun oynandığının şahidi oluruq: "70 il boyunca, yəni Sovet hakimiyyəti dövründə ibadətxanalarımız, məscidlərimiz insanların üzünə qapalı olub. Dini ədəbiyyat yox səviyyəsində, demək olar ki, olmayıb. Dini ibadətgahlar qapadılıb, dini vəsaitlər məhv edilib. Dini təbliğ və ibadətlər qadağan olunmuşdu. Ancaq Azərbaycan müstəqillik əldə etdikdən sonra, dövlətin dəstəyi ilə məscidlər təmir-bərpa olunmağa, ibadətgahlar açılmağa, dini təbliğ edən mütəxəssislər yetişməyə başladı. Dini ədəbiyyat, vəsaitlər çoxaldı. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə radikalizmdən uzaq dini ədəbiyyatlar işıq üzü görür. Bu da çox sevindirici bir haldır”.


banner

Oxşar Xəbərlər