• cümə, 29 Mart, 03:47
  • Baku Bakı 7°C

İslahatlar daha da dərinləşdiriləcək

23.10.19 18:32 2215
İslahatlar daha da dərinləşdiriləcək
Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatından sonra Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov istefa ərizələri ilə dövlət başçısına müraciət ediblər. Onların indiyə qədərki xidmətləri yüksək qiymətləndirilərək istefaları qəbul edilib. Oktyabrın 22-də Azərbaycan Prezidentinin imzaladığı sərəncamla sabiq iqtisadiyyat naziri Şahin Mustafayev Baş nazirin müavini təyin olunub. Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyətəyin olunması ilə əlaqədar qəbul edərkən iqtisadi sahədə Azərbaycanın strateji hədəfləri, prioritetləri barədə danışıb, Nazirlər Kabinetinin qarşısında duran vəzifələri və qarşıdan gələn dövrdə iqtisadi dayanıqlığı daha da gücləndirmək üçün icrası vacib olan vəzifələri göstərib. Bildirilib ki, Azərbaycanın uğurlu dayanıqlı iqtisadi inkişafı qeyri-neft sektorunun hesabına təmin edilməli, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalı, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində bir çox işlər görülməlidir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın iqtisadi artımı demoqrafik artımı üstələməli və buna nail olmaq üçün yeni artım mənbələri aşkar edilməlidir. Azərbaycan Prezidenti ölkədə kölgə iqtisadiyyatına qarşı mübarizənin mütəşəkkil xarakter daşımasının vacibliyini də diqqətə çatdırıb. Deyib ki, kölgədən çıxarılacaq biznes Azərbaycanın iqtisadi göstəricilərini düzəldəcək və göstəricilər reallığı əks etdirəcək. İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmasının önəminə toxunan dövlət başçısı bildirib ki, əgər buna nail olunarsa, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq. O qeyd edib ki, investisiyalar qeyri-neft sektorunun artımına xidmət etməli, artan əhalini işlə təmin olunması üçün şərait yaradılmalıdır.

Dövlət başçısının son təyinatlarını, Baş nazirin müavini qarşısında qoyduğu tələbləri "Kaspi” qəzetinə şərh edən millət vəkili, politoloq Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi kadr siyasətinin, islahatların əsasında Azərbaycan xalqının rifahının təmin olunması məqsədləri dayanır. O qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır. Deputatın fikrincə, islahatların birinci mərhələsi əsasən qanunvericilik və instutisional sahələri əhatə edib və dərhal sonra struktur və kadr islahatlarına keçid başlanıb: "Əslində bu ardıcıllıq həyata keçirilən islahatların müxtəlif komponentlərini özündə birləşdirməklə onun tamlığından xəbər verir. Hazırkı mərhələ daha çox kadr islahatları mərhələsi kimi görünə bilər. Amma bir qədər diqqət etsək görərik ki, kadr islahatları da islahatların digər komponentləri ilə paralel həyata keçirilir. Çünki, 2015-ci ildən bəri alınan qərarlar, imzalanan sərəncam və fərmanlar dediklərimizi təsdiq edir, xeyli sahədə nazir vəzifələrinə qədər mühüm dəyişiklərin olduğunu göstərir. Son dəyişikliklər isə kadr islahatlarında yuxarı idarəetmə strukturlarını əhatə etdiyi üçün daha çox diqqəti cəlb edir. Qısa müddətdə baş nazirin dəyişməsi, baş nazirin müavinlərinin işdən azad edilməsi və artıq yeni baş nazirin müavini vəzifəsinə təyinatın olması kadr islahatlarının dərinləşməsi kimi qiymətləndirilməlidir”.


Millət vəkili deyib ki, bu proses sadəcə kadrların dəyişməsi deyil, həm də idarəetməyə yeni keyfiyyət dəyişikliyinin gətirilməsi kimi nəzərdən keçirilməlidir: "Böyüyən iqtisadiyyatı idarə etmək və onun inkişafını təmin etmək qlobal iqtisadi çağırışlar və milli maraqlar kontekstində olduqca aktualdır. İslahatların ən ümdə vəzifələrindən biri əhalinin rifah halının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, işsizliyin səviyyəsinin aşağı səviyyəyə salınması, sosial islahatların dərinləşməsi məqsədini daşıyır. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi kadr siyasətinin, islahatların əsasında Azərbaycan xalqının rifahının və ölkəmizin inkişafının təmin olunması məqsədlərinin dayanmasını göstərir”.


Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, ölkə başçısı hələ 2003-cü ildə ilk dəfə prezident seçiləndə öz seçkiqabağı platformasında, eləcə də inauqurasiyadakı çıxışında Azərbaycanı dünyanın ən müasir, inkişaf etmiş, demokratik yolla gedən bir ölkəsinə çevirəcəyini, hər bir vətəndaşın prezidenti olacağını bəyan edib. Deputatın sözlərinə görə, Prezident İlham Əliyev verdiyi vədlərə sadiq qalıb, 2003-cü ildən bu günə qədər ölkəmizin bütün sahələrində saysız-hesabsız uğurlar əldə olunub, böyük nailiyyətlərə imza atılıb. M.İbrahimqızı deyib ki, həmin vaxtdan indiyə qədər ölkəmizdə çox ciddi islahatlar da həyata keçirilib: "Sonuncu dəfə prezident seçkilərindən sonra möhtərəm Prezidentimiz bəyan etdi ki, qarşıdakı illərdə Azərbaycanda bütün sahələrdə, eləcə də dövlət idarəçiliyində islahatlar həyata keçiriləcək. Yəni təkcə iqtisadi, sosial sferada deyil, eyni zamanda dövlət idarəçiliyində, hüquq sahəsində də ciddi islahatlar keçirilib. 2018-ci ilin aprelindən bu günə qədər reallaşdırılan islahatlar göz qabağındadır. Eyni zamanda bu müddətdə çox ciddi və yüksək səviyyəli, mükəmməl kadr islahatları da həyata keçirilib və indi də bu, baş verməkdədir. Möhtərəm Prezidentimiz öz çıxışlarında deyib ki, daha geniş dünyagörüşə sahib, yüksək səviyyədə təhsil almış, Azərbaycanda yüksək nailiyyətlər əldə etmiş gənclərin idarəçiliyə gətirilməsi vacibdir. Son dövrdə bu prosesin necə sürətlə getdiyini görürük. Cənab Prezident Şahin Mustafayevlə görüşdə də bu fikirləri səsləndirib ki, nəinki dövlət idarəçiliyində, iqtisadiyyat, sosial sahədə, eyni zamanda Yeni Azərbaycan Partiyasının işində yeniliklərin olması vacibdir”.

M.İbrahimqızı bildirib ki, dövlətimizin güclənməsində, ölkəmizin inkişafında xüsusi xidmətləri olan qocaman, daha doğrusu zəngin təcrübəyə malik dövlət adamlarımız Prezidentin tələblərini, mesajını çox hörmətlə, yüksək səviyyədə qəbul edirlər: "Onların bir çoxu siyasi mədəniyyət göstərərək özləri istefa ərizəsi ilə dövlət başçımıza müraciət edirlər. Azərbaycanda gənclərin dövlət idarəçiliyində, siyasətdə, parlamentdə, yerli icra strukturlarında, icra hakimiyyətində, bələdiyyələrdə təmsil olunmaları üçün böyük imkanlar yaradılır. Prezidentimiz onsuz da hər zaman gənclərə deyir ki, siz mənə güvənin və mən də sizə güvənirəm. Yəni, ölkə başçısı gənclərin ən yaxın dostudur. Bu mənada hesab edirəm ki, görülən işlərin hər biri ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir, təqdir olunur, dəyərləndirilir”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər