• çərşənbə, 08 May, 23:51
  • Baku Bakı 18°C

İşıq yalnız Azərbaycandan gələcək - MÖVQE

02.10.21 09:15 674
İşıq yalnız Azərbaycandan gələcək - MÖVQE
Qarabağda yaşayan ermənilərin yeganə nicatı Azərbaycan vətəndaşlığını qəbul edib, bölgədə həyata keçirilən layihələrdə iştirakçı olmaqdadır
Vətən Müharibəsindən qalib çıxan Azərbaycan işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlayıb. Bütün güclər Qarabağın dirçəldilməsi üçün səfərbər edilib. Sürətlə həyata keçirilən tədbirlərin nəticəsi olaraq Şuşada bir sıra obyektlər istifadəyə verilib, yeni yaşayış məhəlləsinin təməli qoyulub, Zəfər yolu çəkilib, Füzulidə beynəlxalq hava limanı tikilib, Zəngilanda "ağıllı kənd” pilot layihənin icrasına başlanılıb. İşğaldan azad olunan ərazilərdə elektriklə bağlı məsələlərin də bu ilin sonuna qədər tamamilə həllini tapması planlaşdırılıb. Bununla bütün bölgə elektriklə tam təmin olunacaq. Bir sıra yolların, o cümlədən hərbi təyinatlı yolların çəkilişi isə davam etdirilir.


İşsiz-gücsüz, ümidsiz ermənilər

Bunlarla yanaşı, Ağdamın, Şuşanın baş planları hazırlanıb. Yaxın gələcəkdə Cəbrayılın, Füzulinin, həmçinin digər rayon və şəhərlərin də baş planları hazır olacaq. Birinci pilot kənd layihəsi də yəqin ki, cari ilin sonuna, yaxud gələn ilin əvvəlinə Zəngilan rayonunda hazır olacaq. Azərbaycan dövlətinin ümumilikdə Qarabağ və Şərqi Zəngəzurla bağlı planları göz önündədir. Prezident İlham Əliyevin Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibədə vurğuladığı kimi, rəsmi Bakı bütün bunları ilk növbədə öz vətəndaşları üçün edir ki, bu bölgəni yenidən qursun və keçmiş məcburi köçkünlər tezliklə oraya qayıda bilsinlər. Həyata keçirilən tədbirlər, görülən işlər, təbii ki, Ermənistan əhalisinin, həmçinin Qarabağda yaşayan ermənilərin də diqqətindən yayınmır. Onlar sürətlə həyata keçirilən quruculuq prosesini görürlər. Dövlət başçımızın qeyd etdiyi kimi, çünki onlar bizim televiziyalara baxır, bizim radioya qulaq asırlar. Onlar nəinki prosesə şahidlik edir, hətta quruculuq işlərində rol almaq, tikinti sektorunda çalışmaq niyyətlərini də ifadə edirlər. İndiyə qədər erməni xalqının nümayəndələri bir neçə dəfə bizim Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb bu barədə hərbçilərimizə xahişlərini çatdırıblar. Rica ediblər ki, onları da bu işlərə cəlb edək. Çünki onlar orada işsiz-gücsüz qalıblar, səfalət və ümidsiz bir vəziyyətdədirlər.


İnsana yaraşmayan bir vəziyyət

Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu müraciətlərə müsbət yanaşdığını diqqətə çatdırıb. Bildirib ki, bunun üçün hüquqi məsələlər tam həllini tapmalıdır: "Biz orada yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpağında yaşayırlar, Qarabağ hər zaman Azərbaycan olub - istər sovet dönəmində, istər ondan əvvəlki dönəmdə, işğal dönəmində də Azərbaycan olub. Onları biz Azərbaycan vətəndaşları hesab edirik, sadəcə olaraq, onlar bunu qəbul etməlidirlər, onlar öz yaxalarını erməni təbliğatından qurtarmalıdırlar, onlar öz gələcəyini, öz uşaqlarının gələcəyini təmin etməlidirlər. Biz hazır olarıq ki, onları işlərə cəlb edək. Niyə də etməyək?Biz strateji nöqteyi–nəzərdən gələcəyə barış prizmasından yanaşırıq. …Qarabağda 25 min erməni yaşayır, onlar da həm inşaat işlərində, həm də bərpa işlərində iştirak edə bilərlər. Eyni zamanda, gələcəkdə biz onların yaşadıqları yerlərdə, kəndlərdə onlar üçün şərait yaradarıq. …Biz ermənilərin indi Qarabağda yaşadıqları kəndlərdə də bunu edə bilərik.Mən Zəfərdən sonra bölgələrə onlarla səfər etdim və orada bəzi kəndlərdə, ermənilərin yaşadıqları kəndlərdə gördüyüm mənzərə məni dəhşətə gətirdi. Yəni insana yaraşmayan bir vəziyyət. Bəzi kəndlərin evləri indi analiz edilir, evlərin 95 faizi yararsızdır, yəni orada heç kimsə yaşaya bilməz, onlar sökülməlidir. Yəni 30 il belə rəzil durumda yaşayan bir toplum, təbii ki, işıq üzü görmək istəyir və işıq yalnız Azərbaycandan gələcək. Anlamaq lazımdır ki, onlar üçün də bu o qədər də asan məsələ deyil. Burada psixoloji durum da nəzərə alınmalıdır. Ancaq biz hər halda xoş niyyət göstəririk və ümid edirəm, onlar anlayacaq ki, xoşbəxt gələcəkləri, rifahla dolu gələcək ancaq Azərbaycan dövləti ilə bağlıdır”.


Rahat və təhlükəsiz yaşamaq

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən millət vəkili Aqil Məmmədov deyib ki, Qarabağda yaşayan və Azərbaycan vətəndaşlığı olan ermənilər ölkə qanunlarını tanıyıb hamı kimi davranış nümayiş etdirəcəkləri təqdirdə onlar üçün də digər vətəndaşlarımıza yaradılan bütün imkanlar yaradılacaq: "Sovetlər birliyi dövründən Azərbaycanın Qarabağ bölgəsində yaşayan, Azərbaycan vətəndaşlığı olan ermənilər ölkə qanunlarına tabe olduqları halda onlar üçün də hər cür şərait yaradılacaq. Azərbaycan çoxmillətli bir ölkədir. Burada müxtəlif millətlər dost, qardaş, doğma bir mühitdə yaşayırlar. Tolerantlıq, multikulturalizm bizim həyat tərzimizdir. Bu baxımdan yanaşsaq, Azərbaycan qanunlarına hörmətlə yanaşan, ölkə vətəndaşlığını qəbul edən, cəmiyyətimizə inteqrasiya olunan ermənilərə də digər vətəndaşlar kimi eyni dərəcədə hüquqlar verilir. Onlar Azərbaycan adlı bir ailənin üzvü, Azərbaycan vətəndaşı kimi təhlükəsiz bir şəraitdə yaşamaqlarını davam etdirə bilərlər. Digər vətəndaşlarımız kimi onlar da ölkəmizin müxtəlif sahələrində çalışa bilərlər. Bu barədə istər rəsmi səviyyədə, istərsə də müxtəlif müzakirələr zamanı dəfələrlə fikir bildirilib. Xankəndi Azərbaycan ərazisi olduğu üçün oranın da işıq, su, qaz təminatı, həmçinin oradakı ermənilərin məşğulluğu ölkəmiz tərəfindən təmin olunmalıdır. Azərbaycan dövləti ilə razılaşdırılmadan xaricdən oraya hər hansı kommunikasiya xəttinin çəkilməsi qeyri-qanunidir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi Qarabağdakı ermənilərin rifahı, xoşbəxt gələcəyi yalnız Azərbaycan dövləti ilə bağlıdır. Hələlik oradakı ermənilər Ermənistan dövlətinin təzyiqi altındadırlar və müstəqil qərar qəbul edə, müstəqil seçim edə bilmirlər. Amma onlar da rahat və təhlükəsiz yaşamaq istəyirlər. Bilirlər ki, Ermənistanda onlara nicat yoxdur. Çünki Ermənistan özü-özünü təmin edə, sosial problemlərini həll edə bilmir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər