• cümə, 19 Aprel, 14:52
  • Baku Bakı 25°C

İşini qəfil itirən şəxs nə etməlidir? - Gənclərə məsləhət

15.02.20 11:00 6232
İşini qəfil itirən şəxs nə etməlidir? - Gənclərə məsləhət
Abid Səmədov: "Bir insan uzun illərə dayanan təcrübəsi olduğu halda, iş tapa bilmirsə, ilk növbədə problemi özündə axtarmalıdır”

Hər bir kadr gözlənilmədən işini itirə bilər və belə hallarla üzləşənlər çox olur. Bu zaman bir qisim kadr bir neçə gün ərzində yeni iş tapdıqları halda, bəziləri uzun müddət işsiz qala bilərlər. Hətta bir il və daha çox iş tapa bilməyənlərə də rast gəlirik. Bəs burda problemin səbəbi nədir? Kadr, qəfil işdən ayrılanda işsiz qalmamaq üçün nələri bilməlidir?

İnsan Resursları (İR) üzrə mütəxəssis Abid Səmədovun sözlərinə görə, əmək bazarında olan hər bir kadr, qəfil işsiz qalmaqla üzləşə bilər. Bu zaman uzun müddət işsiz qalmamaq üçün isə hər kəs öz sektoru ilə bağlı geniş məlumatlı olmalıdır: "İstənilən işçi daxil olduğu və ya daxil olmaq istədiyi sektor haqqında geniş məlumat toplamalıdır ki, işlə bağlı seçimləri və alternativləri çox olsun. İnsanlar maraqlandıqları sektorda fəaliyyət göstərən şirkət və qurumlardan xəbərdar olmalıdırlar. Lakin eyni zamanda, onları araşdıranda, özlərinə "Mən başqa harda işləyə bilərəm?” sualını verməlidirlər. Bu, onlara daha tez və daha rahat şəkildə iş tapmaq imkanı yaradacaq”.

Abid Səmədov iş tapmağa müsbət təsiri olan faktorlar arasında şəbəkələşmənin önəmli olduğunu bildirdi: "Rahatlıqla iş tapmağın əsas yollarından biri də insanların öz əhatə dairələrini genişləndirməyidir. Bunu şəbəkələşmə adlandırırıq. Düzdür, insanlar fərdi müraciətlərlə də iş tapa bilərlər. Amma daha çox insanla tanış olub əlaqələr yaratmaq və onlarla əməkdaşlıq qurmaq da yaxşı bir yoldur”.

Mütəxəssis bildirdi ki, iş tapmaq üçün müasir dövrün yaratdığı imkanlardan da faydalanmaq lazımdır: "Məsələn, "Facebook” və "LinkedIn” kimi internet portalları bu cəhətdən faydalı platformalardır. Daha çox "LinkedIn” bu istiqamətdə köməyə çatır. İş axtarışında olan insanlar həmin portallarda özləri, bacarıqları və təcrübələri haqda elanlar paylaşa bilir və hansı sektorda çalışmaq istədiklərini qeyd edirlər. Beləliklə, geniş bir kütləni məlumatlandırmış olurlar. Bir də görürsən ki, çox keçməmiş, sizə cavab gəlir və müxtəlif təkliflər irəli sürülür”.


Mütəxəssisin fikrincə, əgər bir insan uzun illərə dayanan təcrübəsi olduğu halda iş tapa bilmirsə, ilk növbədə problemi özündə axtarmalıdır: "Burda da səbəb müxtəlif ola bilər. Ola bilər ki, o adamın uzun bir təcrübəsi var, amma üzərində çox da işləməyib. Digər tərəfdən isə bəzən görürsən ki, kadr həqiqətən istedadlı və təcrübəlidir, öz üzərində işləyib, amma əmək bazarında üzdə deyil. Daha dəqiq desək, əmək bazarında heç bir böyük şirkət bilmir ki, belə mütəxəssis var. Bu da həmin insanın özü haqda geniş məlumat verməməyi və bunu portallar vasitəsilə yaymamağından irəli gəlir. Yaxşı olar ki, o cür mütəxəssislər "LinkedIn” portalında öz hesablarını yaratsınlar, təcrübələrini və tələblərini qeyd etsinlər. Ümumilikdə, düşünürəm ki, çox təcrübəli və bacarıqlı insanın uzun müddət işsiz qalması mümkünsüzdür”.

İR mütəxəssisləri işəgötürmə prosedurunda kadrların iş dəyişərkən nə qədər müddət işsiz qalmalarına da fikir verirlər. Maraqlıdır, işə qəbulda kadrın nə qədər işsiz qalması norma kimi qəbul edilə bilir? A.Səmədov bildirdi ki, burda konkret vaxt aralığı yoxdur: "Bəzi kadrlar işlərini itirəndə, çox aktiv şəkildə iş axtarırlar. Bir qisim isə deyir ki, bir-iki ay istirahət edim, sonra işlərə baxaram. Ona görə, nə qədər işsiz qalmağın norma olması ilə bağlı dəqiq fikir demək olmur. Elə kadr var ki, uzun illərin təcrübəsi var, işini qəfil itirib, amma o demək deyil ki, təklif olunan hər işə də gedəcək. Onun işlə bağlı maaş, vəzifə tələbləri olur və onu qarşılamayan işlərə razılıq vermir. Uzun müddət gözləyir ki, özünə uyğun iş olanda getsin”.

Abid Səmədov deyir ki, kadrlar hər bir an işlərini itirməyə maliyyə cəhətdən də hazır olmalıdırlar: "İnsanlar həm də işsiz qalma ehtimallarını nəzərə alıb, maddi cəhətdən müəyyən dərəcədə tədbirli olmalıdırlar. İşsiz olduğunuz halda yaşayışınızı təmin edə bilmək istəyirsinizsə, heç olmasa üç aylıq bir müddət üçün hazırlıq görməyiniz məsləhətlidir. Təbii ki, ailə qurmamış və tək yaşayan fərdlər üçün bu, daha asandır. Amma ailə həyatı qurmuş fərdlər bu məsələyə daha da ciddi yanaşmalıdırlar”.

Aynur Babayeva

banner

Oxşar Xəbərlər