• cümə, 29 Mart, 12:36
  • Baku Bakı 14°C

İşğalçılıq siyasəti Ermənistanı regiondan təcrid edib

08.09.17 09:15 1190
İşğalçılıq siyasəti Ermənistanı regiondan təcrid edib
Bu günlərdə Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 6-cı görüşü keçirildi. Qeyd edildiyi kimi, nazirlərin bu görüşündə əvvəlki görüşlərdə nəzərdə tutulan məsələlər müzakirə edilib. Eyni zamanda toplantısı çərçivəsində "2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanıb. Sonda isə Azərbaycan, Türkiyə və Gürcüstanla bağlı siyasi, iqtisadi və digər sahələrlə əhatə edən "Bakı bəyannaməsi” qəbul edilib.

Göründüyü kimi, Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən keçirilən üçtərəfli format Cənubi Qafqaz regionunda bir sıra böyük layihələrin həyata keçirilməsinə artıq öz töhfəsini verməkdədir. Bu layihələr əməkdaşlıq edən hər üç ölkənin siyasi-iqtisadi inkişafını təmin edir. Regionun digər dövləti olan Ermənistan isə işğalçılıq siyasəti nəticəsində regional layihələrdən gələn yüz milyonlarla dollar gəlirdən kənarda qalıb.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır: "Yəni ikitərəfli münasibətlər yüksək səviyyədə olduqda, çoxtərəfli, o cümlədən üçtərəfli münasibətlərin yaranması və inkişafı üçün unikal imkanlar yaranır. Bunun sayəsindədir ki, Azərbaycanın həm Türkiyə, həm də Gürcüstanla yüksək səviyyədə münasibətlərinin olması nəticə etibarı ilə bu üç dövlətin arasında üçtərəfli formatda inkişaf edən münasibətlərin formalaşmasına gətirib çıxarıb. Eyni zamanda Azərbaycanın Türkiyə və İran ilə, o cümlədən Türkiyə və Türkmənistan ilə üçtərəfli formatı formalaşıb. Bu nöqteyi-nəzərdən Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatı indiki məqamda dinamik inkişaf tempinə malikdir. Çox mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılmasında bu dövlətlərin xüsusi əməkdaşlığı mövcuddur. Bu baxımdan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri artıq fəaliyyətdədir, son olaraq isə Bakı-Tbilisi-Qars dəmiryolu xətti bu ilin sonunda istifadəyə veriləcək. Bütün bunlar onu göstərir ki, üçtərəfli formatda münasibətlər çox sürətlə inkişaf edir”.

E.Nəsirov qeyd etdi ki, üç ölkənin xarici işlər nazirlərinin sayca 6-cı görüşü keçirildi və burada əlaqələrin gələcək inkişafı ilə bağlı proqram da qəbul edildi: "Eyni zamanda razılaşma əldə edilib ki, üçtərəfli format çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin sammiti keçirilsin. Təbii ki, Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənməkdədir, ikitərəfli, çoxtərəfli, eyni zamanda üçtərəfli formatda bizim nailiyyətlərimiz daha da artmaqdadır. Bu isə özü-özlüyündə Ermənistanın təcrid vəziyyətinin daha da dərinləşməsinə gətirib çıxarır. Ermənistanın yeritdiyi işğalçılıq siyasəti ucbatından düşdüyü blokada vəziyyəti daha da dərinləşir. Elə bir vəziyyət yaranıb ki, Ermənistan Azərbaycanın təşəbbüskarı olduğu bütün regional və beynəlxalq layihələrdən kənarda qalıb. Beləliklə, Azərbaycan regionda güclənir, Ermənistanın təcridi isə dərinləşməkdədir. Fikrimcə, Ermənistanın bügünkü siyasi rəhbərliyi, əgər varsa, papağını qarşısına qoyub, düşünməlidir ki, belə davam edərsə, bu ölkənin iflası son dərəcə real olacaq. İngilis ekspertləri qeyd edirlər ki, Ermənistanın əsas problemi heç də Dağlıq Qarabağ münaqişəsi deyil, onların bir nömrəli problemi bu ölkənin suverenliyinin, müstəqilliyinin əlindən getməsidir”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan bir çox ölkələrlə üçtərəfli format çərçivəsində əməkdaşlıq edir: "Ermənistanın bu formatlara oxşar hər hansı bir şəkildə fəaliyyəti yoxdur. Hətta yaxın münasibətləri olan İran və asılı olduğu Rusiya belə, Ermənistanla belə bir formatda maraqlı deyil. Ermənistanın nəyi var ki, onunla belə bir format yaradıb, hansısa regional layihəni həyata keçirəsən? O ki qaldı Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatına, bu çox faydalı əməkdaşlıqdır və Ermənistanın təkləndiyini göstərir. Yekun bəyannamədə bir bənddə qeyd edilir ki, bu ölkələr Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, eləcə də Dağlıq Qarabağla bağlı fikirlər yer alıb. Baxmayaraq ki, Gürcüstanın Ermənistanla münasibətləri var, amma digər bütün məsələlərdə Azərbaycanı dəstəkləyir. Azərbaycanla Gürcüstan arasında nə qədər layihələr var, dövlətimiz bu ölkəyə milyardlarla dollar sərmayə yatırır. Ermənistan Gürcüstana bir dollar investisiya qoyubmu? Yox, çünki buna maddi imkanı yol vermir. Faktiki olaraq, Azərbaycanın təşəbbüskarı olduğu bütün layihələrdən Ermənistan təcrid olub. Maraqlıdır ki, onlar niyə bu layihələrdən kənarda qaldıqlarını bir dəfə olsun belə müzakirə etməyiblər. Əlbəttə, səbəblərini bilirlər ki, məhz işğala görə bu layihələrdən kənarda qalıblar, bütün qazanclardan məhrum olublar. İşğal faktoru olmasaydı, bu gün Gürcüstanın qazandıqlarını Ermənistan rahatlıqla əldə edə bilərdi”.

E.Şahinoğlu vurğuladı ki, Ermənistanın ən böyük arzusu Rusiya ilə İran arasında nəqliyyat xətti seçilərkən özünün bu layihədə yer alması idi: "Amma İranla Rusiya əlavə xərcləri nəzərə almaqla Ermənistandan imtina etdilər və bu layihədə Azərbaycana üstünlük verdilər. Məhz qeyd etdiyim Şimal-Cənub marşrutu yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Göründüyü kimi, Ermənistan bundan da məhrum oldu. Düşünürəm ki, Azərbaycan həm bu formatlar vasitəsi ilə, həm də cəbhədə Ermənistana təzyiqi artırmalıdır”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər