İşğal edilmiş Qarabağ ərazilərində qanunsuz qazıntılar

İşğal edilmiş Qarabağ ərazilərində qanunsuz qazıntılar

Təfsilat
20 Noyabr 2019, 12:15 438
Və ya erməni arxeoloqlarının çirkin məqsədləri
 
Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi, bu işğalı müşayiət edən etnik təmizləmə, soyqırımı yalnız dövlətimiz və xalqımız əleyhinə törədilmiş cinayətlərin başlanğıc mərhələsi idi. İşğaldan sonra erməni vandalları dövlətimiz və xalqımız əleyhinə cinayətlərin yeni mərhələsinə başladılar. Bu mərhələni işğal edilmiş ərazilərdə təbii və tarixi maddi-mədəni sərvətlərimizin məhv və talan edilməsi kimi qiymətləndirmək olar. Azərbaycan xalqının təbii sərvətlərinin talanması, tarixi maddi-mədəniyyət (əsasən, İslam dövrünə aid) abidələrin dağıdılmasını işğalçı tərəf tam məxfilik siyasəti altında apardığı halda, Azərbaycanın yazısız dövr (prehistroy) və Qafqaz Albaniyası abidələrinin qanunsuz arxeoloji tədqiqini isə geniş informasiya dəstəyi ilə gerçəkləşdirirlər. Bununla, işğalçı tərəf iki əsas məqsədi hədəfləyib: 1. Qanunsuz arxeoloji tədqiqatlara əcnəbi alimləri dəvət etməklə, həmçinin, qanunsuz arxeoloji tədqiqatların nəticələrini, o cümlədən arxeometrik tədqiqatların nəticələrinin beynəlxalq elmi jurnallarda və beynəlxalq elmi konfransların materiallarında dərc edilməsi ilə qondarma «arsax respublikası»nın beynəlxalq hüququn subyekti kimi, yəni «müstəqil dövlət» kimi tanıdılması; 2. Qanunsuz arxeoloji tədqiqatlarla əldə edilmiş maddi mədəniyyət nümunələrinin, tapıntıların qeyri-elmi yozumu və arxeometrik tədqiqatlar ilə ermənilərin bölgənin «aborigen əhalisi» olmasını hər bir vasitə ilə dünya elmi ictimaiyyətinə «sübut» etmək.
 
Qanunsuz arxeoloji tədqiqatlar
 
Erməni işğalçıları tərəfindən qanunsuz qazıntıları başlamaq üçün ilk və əsas abidə kimi Azıx mağarası seçildi. 1999-2001-ci illərdə Azıxda qanunsuz olaraq həyata keçirilən qazıntılar üçün maliyyə, Avropa fondlarından bu cinayətə cəlb edilmiş bəzi Qərb alimlərinin hesabına əldə edildi. Bu qanunsuz qazıntılara İngiltərənin (Britişh Airways /Britişh Mediterranean Airways, London Universitetinin Arxeologiya İnstitutu, The Harold Hyam Wingate Trust Foundation), İspaniyanın (Elm və Texnologiya Nazirliyi, The Royal Society) nüfuzlu təsisatları maliyyə dəstəyi ayırmışdılar. Bu sponsorların birbaşa dəstəyi ilə 2002-ci ildən bu yana Azıxda toplam, 40-dan çox beynəlxalq ekspedisiya üzvü çalışmışdır. Ekspedisiya üzvləri arasında Britaniya Təbiət Tarixi Muzeyinin əməkdaşı Piter Endryus (onun əsərlərinə 2018-ci ilin martınadək 8813 istinad verilmişdir) bu layihənin elmi məsləhətçisi, İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo (2018-ci ilin martınadək onun elmi əsərlərinə 3128 istinad verilmişdir), Patrisio Dominges və İzabella Torres, İrlandiyadan isə Con Myurri və b. tanınmış mütəxəssisləri var idi. 

Qanunsuz qazıntılar, qazıntılardan əldə edilmiş tapıntılar və aparılmış arxeometrik tədqiqatların nəticələri barədə "Springer” nəşriyyatı tərəfindən çap edilmiş və «Azokh Cave and the Transcaucasian Corridor - 2016» toplumu "Springer” bazasından satışa çıxarıldı. 2018-ci ilin martına olan məlumata görə, artıq yer kürəsinin müxtəlif yerlərindən qədim dövr üzrə mütəxəssisləri tərəfindən  «Azokh Cave and the Transcaucasian Corridor - 2016» adlı bu toplu alınmışdır. 

Qeyd edək ki, «Azokh Cave and the Transcaucasian Corridor - 2016» toplumunda qanunsuz qazıntılarda iştirak etmiş alimlər «arsax respublikasının» rəhbərliyinə minnətdarlıq bildirir, ərazinin Azərbaycan Respublikasının deyil, qondarma «arsax respublikasına» aid olduğunu daim vurğulayırlar. Azıx mağarasının adını erməni transliterasiyasında «azox» kimi göstərən bu əsər, dünyanın tanınmış elmi kitabxanalarında yer taparaq, faktiki, erməni terrorçularının xeyrinə təbliğata zəmin vermişdir. 

Qeyd edək ki, qanunsuz arxeoloji tədqiqatlar, işğal edilmiş torpaqlarımızın digər guşələrində də aparılmaqdadır. Bu il də həmin qanunsuz qazıntılar davam etməkdədir və 150 hektar sahəyə səpələnmiş Şahbulaq qalasının ətrafında antik dövrə və erkən orta əsrlərə məxsus tikintilər, yeraltı sərdabələr və s. abidələr erməni «qara arxeoloqları» tərəfindən aşkarlanıb. Məlumat üçün qeyd etmək istəyirdik ki, təkcə 2019-cu ildə «tiqranakert» qazıntıları üçün «arsax hökuməti» tərəfindən 18 mln. dram, təxminən 38 min ABŞ dolları ayrılmışdır.

Həmçinin, ermənilər Kəlbəcər, Xankəndi, Xocavəndin Tuğ kəndi, həmçinin, Daşaltı (ermənilər birbaşa Azərbaycan toponimini tərcümə edərək onu «karin tak» kimi tanıdırlar) kəndi yaxınlığında mağaralarda və digər ərazilərdə qədim yaşayış məskənləri, kurqan tipli qədir abidələri, Alban kilsələri kimi tarixi-arxeoloji abidələrdə də qanunsuz tədqiqatları davam etdirməkdədirlər. 
 
Qanunsuz qazıntılara müqavimət
 
Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz tədqiqatlarla YUNESKO-nun «Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi» haqqında 1954-cü il Konvensiyası və «Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri» haqqında 1970-ci il Konvensiyasının müddəalarını da kobud şəkildə pozublar. 

1954-cü il Haaqa Konvensiyasına, 1999-cu ildə qəbul edilmiş İkinci Protokol isə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndirib. Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin üzərinə «işğal edilmiş ərazilərə münasibətdə» mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyərləndirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının alınması kimi öhdəlik qoyur.

Azərbaycan Baş Prokurorluğu erməni silahlı birləşmələrinin nəzarətində olan Dağlıq Qarabağdakı Azıx mağarasında tədqiqatlar aparan Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun Etnogenomika laboratoriyasının başçısı Levon Yepiskoposyan, İspaniyanın Milli Təbiət Elmi Muzeyinin tədqiqatçısı Yolanda Fernandes Xalvo, Böyük Britaniyanın Blanford Muzeyinin «Azox layihəsi»nin direktoru Tanya Kinq və Londonda Təbiət Tarixi Muzeyinin elmi işçisi Piter Endryusun 2002-ci ildən etibarən işğal edilmiş ərazilərimizdə yerləşən Azıx mağarasında arxeoloji qazıntı işlərini həyata keçirmələrinə, İspaniyanın Milli Təbiət Muzeyi və həmin ölkənin Elm və Texnologiya Nazirliyi, Böyük Britaniyanın Qaluay Universiteti, «Armenian General Benevolent Union»un London filialının qazıntı işlərinə maliyyə və digər dəstək vermələrinə əsaslı şübhələr müəyyən edildiyindən, Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldıraraq İnterpol xətti ilə bu şəxsləri axtarışa da verdi. Amma erməni lobbisinin, həmçinin, Qərbin ermənipərəst dairələrinin təsiri nəticəsində İnterpol, terrorçuları və cinayətkarı himayəyə götürərək, axtarışı dayandırdı. Bütün bunlara baxmayaraq, rəsmi Bakı bu istiqamətdə ardıcıl siyasət aparmaqda davam etmiş və bu siyasət öz bəhrəsini vermişdir. 2016-cı ilin dekabr ayında, «Qolos Armeniya» qəzetinə müsahibə verən Azıxda aparılan qanunsuz qazıntıların ermənilər tərəfindən olan rəhbəri Levon Yepiskoposyan Azərbaycan dövlətinin hətta bu sahədə onlara maneə olmağı bacardığını da etiraf etmişdi. Onun sözlərinə görə, ermənilər ABŞ-dan Azıxda qazıntı aparmaq üçün külli miqdarda qrant almaq istəyirlərmiş. Hətta fondun birinci turundan keçdiklərindən, artıq maliyyəni əldə edib daha böyük qazıntılar aparacaqlarına da əmin idilər. Lakin Azərbaycan dövlətinin işə qarışması və ABŞ-da yerləşən fondla danışıqlardan sonra qanunsuz olaraq aparılan bu qazıntıların Azərbaycanın icazəsi olmadan həyata keçirildiyi  sübut edilmişdi. Fond, arxeoloji və arxeometrik tədqiqatlar üçün rəsmi Bakının icazəsi olmadan qrant ayırmayacağını bildirmişdi.  Beləliklə, Azərbaycan dövləti ermənilərin qanunsuz qazıntılarında əsas maliyyə yollarından birini kəsməyə müvəffəq olur.

2017-ci ildə digər cinayətkar - Hamlet Petrosyan bildirmişdir ki, «arsaxda» arxeoloji tədqiqatlara maliyyə dəstəyi lazımdır, bunun üçün Ermənistan hökuməti 5,5 milyon erməni dramı maliyyə vəsaiti ayırmalıdır, digər vəsait isə erməni diaspor fondlarından toplana bilər. Həmçinin, bu cinayətkar qeyd etmişdir ki, Azərbaycan tərəfinin cəhdləri «arsaxda» arxeoloji qazıntıların qarşısını ala bilməsə də, amma bu qazıntıların Avropa və ABŞ fondları tərəfindən açıq maliyyələşməsinə ciddi maneçilik törədir. 
 
Arxeometrik tədqiqatlar: arxeogenetika
 
İşğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz arxeoloji qazıntılar zamanı əldə edilmiş müxtəlif çeşidli tapıntılar arxeometrik tədqiqatlara cəlb edilir. Müxtəlif yönlü arxeometrik analizlər erməni lobbisinin və ermənipərəst əcnəbi siyasi dairələrin himayəsi ilə dünyanın tanınmış elmi laboratoriyalarında aparılır. Əslində bu arxeometrik tədqiqatlar da qanunsuzdur, çünki talan edilmiş və ya oğurlanmış maddi mədəniyyət nümunələrinin tədqiqini ehtiva edir.

Yuxarıda qeyd edildiyi kimi, ermənilərin guya bölgədə qədim olmasını sübuta yetirmək üçün e işğalın ideoloqları arxeogenetik tədqiqatların nəticələri ilə spekulyasiya edirlər. Arxeogenetik nəticələrin, müasir xalqlar və ya tarixi və müasir dillərlə, hipotetik «dil ailələri və onların yayılması» kimi dilçilik elminin ehtimalları ilə əlaqələndirilməsi qeyri-elmi baxışdır və heç bir elmi əsası yoxdur. Qərb və Rusiya elm çevrələrində dillərin kökünü genetik məlumatlarla bağlamaq istəyən pərdələnmiş irqçi məfkurəli arxeoloq və tarixçilərlə onların bu cür mövqeyini tənqid edən həmkarları arasında ciddi mübahisələr gedir. Erməni arxeoloqları sözsüz ki, irqçi mövqeli Qərb və Rusiya alimlərini dəstəkləyir, onların elmdəki nüfuzundan yararlanırlar. Məsələnin aktuallığını göstərən fakt odur ki, istər Azıx mağarasında, istərsə də işğal olunmuş ərazilərimizin digər guşələrində «beynəlxalq arxeoloji və arxeometrik tədqiqatların əsas təşəbbüskarı və rəhbərlərindən biri Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun Etnogenomika laboratoriyasının başçısı Levon Yepiskoposyandır. Onun rəhbərliyi altında göstərilən qərb və Rusiya arxeogenetikləri Ermənistanda və İran İslam Respublikasında yaşayan müasir erməni əhalisi, həmçinin, İran İslam Respublikası və Rusiyada yaşayan azərbaycanlıların müasir genetik mənzərəsi ilə bağlı ciddi və şübhəli araşdırmalar aparır, işğal edilmiş ərazilərdə qanunsuz qazıntılar zamanı əldə edilmiş müxtəlif dövrlərə aid insan qalıqlarının arxeogenetik analizlərini araşdırır.
 
Qeyd edək ki, ermənilərin Daşaltı mağarasından tapdıqları insan qalıqlarının analizi, onların bildirdiyinə görə, guya ermənilərin "ana xətti” ilə genetik əcdadlarının 8-10 min il əvvəl burada yaşamasını göstərir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları işğal edilmiş ərazilərdə erməni işğalçıları tərəfindən aparılan qanunsuz qazıntıların nəticələrini beynəlxalq elmi konfranslarda dərcinə qarşı ermənilərin cəhdlərinin tutarlı hissəsinin qarşısını almaqdadır. Qeyd edək ki, müəyyən etik prinsiplərdən çıxış edərək və qarşılıqlı əməkdaşlıq perspektivlərinə maneçilik törədilməsin deyə, institut əməkdaşları beynəlxalq konfranslarda erməni təxribatlarının qarşısını aldıqlarını geniş ictimaiyyətə bildirmirlər. Çünki əks halda, institut əməkdaşlarının təkidi ilə ermənilərin qanunsuz qazıntılar barədə məruzələrini konfrans materiallarından çıxarmış və erməni təxribatının qurbanı olmuş xarici ölkələrdəki elmi konfransların təşkilatçıları zərbə altında qala və gələcəkdə Azərbaycan tərəfi ilə elmi əməkdaşlıqdan ehtiyatlana bilərlər. Bu isə erməni təxribatçılarının dolayısı ilə çirkin məqsədlərinə nail olması demək olardı. Qeyd edək ki, erməni arxeoloqlarının qanunsuz qazıntılar barədə beynəlxalq elmi konfranslarda təxribatların qarşısının alınması, əcnəbi elmi jurnallarda ermənilərin işğal edilmiş ərazilərimizdə apardığı qanunsuz arxeoloji qazıntıların nəticələrinə həsr edilmiş məqalələrin dərcinə mane olmaq istiqamətində maliyyə və texniki dəstəyi ehtiva edən xüsusi strategiyanın hazırlanmasına ciddi ehtiyac var.

Problemin kardinal həll variantı isə işğal edilmiş torpaqların hərb və ya diplomatiya yolu ilə Azərbaycanın nəzarəti altına keçməsindədir. Azərbaycanın elmi ictimaiyyətinin nümayəndələri olaraq, arxeoloqlar da bu günün o qədər də uzaqda olmadığına və Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasətin uğurla yekunlaşacağına inanırlar. 

Xəqani Alməmmədov, 
Tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi