• cümə, 19 Aprel, 17:46
  • Baku Bakı 25°C

İsa Qəmbərin uğursuz siyasi karyerasının sonu

27.09.14 10:53 1066
İsa Qəmbərin uğursuz siyasi karyerasının sonu
Bu gün Müsavat Partiyası çoxdandır gözlənilən VIII qurultayını keçirir. Partiya üzvləri Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evinə toplaşacaqlar. Qurultayın ən önəmli tərəfi yeni başqanın seçilməsi ilə bağlı olacaq. Nizamnamə görə başqan İsa Qəmbər bu qurultayda namizədliyini irəli sürməyib. 2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır. Başqanlığa 4 namizəd var; Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy.
Başqa sözlə desək, bu gün Müsavatda İsa Qəmbər erası başa çatır. Bu gün seçiləcək yeni başqan partiyada bütün ipləri əlinə alaraq İsa Qəmbəri arxa plana keçirməlidir.
Bu, həm də İsa Qəmbərin faktiki olaraq Azərbaycan siyasətindən getməsi demək olacaq. O, 1992-ci ilin noyabrından etibarən Müsavata başqanlıq edirdi. İsa Qəmbər partiyanın 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultaylarında da başqan postuna seçilmişdi. Amma bu müddət ərzində iştirak etdiyi bütün seçkilərdə məğlub olub. Başqan kimi onun yeganə uğuru 2005-ci ilin parlament seçkilərində bir neçə müsavatçının parlamentin deputatı mandatını almasını göstərə bilərik. Bu baxımdan əminliklə İsa Qəmbərin Müsavat başqanlığından məğlub siyasətçi kimi getdiyini qeyd edə bilərik.
Amma məsələ bunda da deyil. Bu gün keçiriləcək qurultay Müsavat Partiyasının faktiki olaraq parçalanmasına də gətirib çıxara bilər. Qurultayqabağı namizədlər arasında gedən söz savaşı, verilən açıqlamalar belə qənaətə gəlməyə əsas verir ki, kimin qalib gəlməsindən asılı olmayaraq digər namizədlər başqanlığa seçilmiş şəxslə işləməkdə maraqlı olmayacaqlar. Baxmayaraq ki, İsa Qəmbər namizədlərin bir-birinə qarşı mübarizədə aşağılayıcı ifadələrdən istifadə etməsini rəsmən qadağan etmişdi, prosesin gedişində buna cəhdlər də oldu.
Qurultay ərəfəsi bəzi müsavatçıların guya demokratik seçki kampaniyasının aparılması ilə bağlı iddiaları da kifayət qədər gülməli görünür. Heç kimə sirr deyil ki, bu seçkidə İsa Qəmbərin namizədi partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıdır. Kampaniya boyu başqanın nəzarətində olan «Yeni Müsavat» qəzeti məhz onun təbliğatını aparıb. Məsələn, qəzet başqanlığa namizədlərdən müsahibələr alıb və onların ən böyük həcmlisi məhz Arif Hacılı ilə olan söhbət olub. Arif Hacılı ilə müsahibi namizədlər arasında sonucu olub. Başqanın Arif Hacılını dəstəkləməsinin başqa bir göstəricisi İsa Qəmbərin qurultayda iştirak üçün Türkiyədən Bakıya gələn qonaqları qarşılamaq üçün aeroporta məhz onunla birgə getməsi hesab edilə bilər. Dünən İsa Qəmbərin başqan kimi keçirdiyi son mətbuat konfransına da namizədlərdən yalnız Arif Hacılı qatılıb. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Arif Hacılı partiyada təşkilati işlərə rəhbərlik edən bir şəxs kimi qurultaya nümayəndələrin seçilməsi işinə də şəxsən nəzarət edib. Dünən keçirilən mətbuat konfransından sonra isə Arif Hacılı İsa Qəmbərlə birlikdə şəkil çəkdirərək nümayişkaranə şəkildə jurnalistlərə «çəkin, sabah bu şəkil sizə lazım olacaq» deyib.
Təbii ki, bütün bunları digər namizədlər də görür və başqanın bu gedişlərini özlərinə qarşı haqsızlıq kimi qiymətləndirirlər. Bu isə son nəticədə qurultaydan sonra Müsavatdan qopmaları stimullaşdıracaq.
Belə görünür ki, İsa Qəmbər Arif Hacılını dəstəkləməklə əslində partiyaya nəzarəti əlində saxlayacağına ümid edir. O hesab edir ki, hətta sıravi üzv kimi də partiyadaxaili proseslərin içində qala biləcək və lazım gələndə yenidən başqanlığa qayıtması problem olmayacaq.
Əslində isə bunun belə olacağı hadisələrin ən optimist inkişaf proqnozu kimi qiymətləndirilə bilər. Hətta müsavatçıların özləri də dərk edirlər ki, İsa Qəmbərin başqanlıqdan getməsi faktiki olaraq Müsavatın Azərbaycanın siyasi səhnəsindən gedişinin sürətləndirilməsinə xidmət edəcək. Biz bu prosesi vaxtilə Etibar Məmmədovun timsalında Milli İstiqlal Partiyasının timsalında da görmüşük və hər şey gözümüzün qarşısında reallaşıb. Məhz Etibar Məmmədovun gedişindən sonra AMİP faktiki olaraq Azərbaycanın siyasi səhnəsindən çıxdı. İndi bu partiyanın mətbuatla əlaqələrini quran Əli Orucov və sonradan partiya sədrliyinə gətirilən Yusif Bağırzadədən ibarətdir. Sədrlikdən gedən Etibar Məmmədovu isə heç xatırlayan yoxdur. Bu aqibət böyük ehtimalla İsa Qəmbəri də gözləyir. Proseslər bu templə inkişaf etsə, İsa Qəmbər növbəti qurultaylarda yenidən başqan seçilmək fikrinə düşsə belə, partiyada Arif Hacılıdan başqa kimsəni tapmayacaq.
Amma dünən başqan kimi son mətbuat konfransını keçirən İsa Qəmbər nikbinliyinə qorumağa çalışıb. O, yeni başqan seçiminin demokratik və düzgün yarışla keçiriləcəyini vəd edib.
İsa Qəmbər başqanlığa namizədlərdən yalnız Arif Hacılının mətbuat konfransında iştirak etməsinə münasibət bildirib. O, Arif Hacılıya mətbuat konfransında iştirak etdiyi üçün təşəkkür edib: “Digər namizədlər qərargahda olsaydılar, konfransda iştirak edərdilər. Ancaq namizədlərin konfransda iştirak etməsi şərt deyil”. Bununla da o, faktiki olaraq digər namizədlərin partiyanın idarəedilməsi işində aktiv iştirak etmədiklərinə işarə edib. İsa Qəmbər bu qurultaydan sonra keçiriləcək növbəti qurultayda başqanlığa namizəd olub-olmayacağı ilə bağlı suala da cavab verib. O bildirib ki, nizamnamə onun yenidən başqanlığa namizəd olmasını qadağan etmir: “Mən növbəti qurultayda başqanlığa namizəd ola bilərəm”.
İ.Qəmbər başqanlığa namizədlər arasında öz namizədinin olduğunu, lakin bunu açıqlamayacağını da bildirib. Müsavat başqanı bu qərarı ətrafındakı dostlarının da məsləhəti ilə verdiyini bildirib: “Mən hansısa bir namizədi dəstəklədiyimi açıqlasam, müsavatçılar həmin namizədin qalib olacağını düşünə, bu da fərqli fikirlərin yaranmasına səbəb ola bilər. Ona görə də namizədimi açıqlamamağı məsləhət bildik”.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər