AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İş vaxtı internetdən istifadə lazımdırmı?

İş vaxtı internetdən istifadə lazımdırmı?

Təfsilat
14 May 2020, 12:00 426
Mütəxəssislər hesab edir ki, iş yerində rəhbərliyin internetə çıxışa qadağa qoyması məsələnin həlli deyil
 
İşə başlamazdan əvvəl internetdə "gəzişmək” bir növ vərdişə çevrilib. Şəxsi elektron poçtumuza baxır, reklam sitatları ilə maraqlanır, onlayn mağazalara nəzər salır və düşünmədən sosial şəbəkələrdə, instagram-da vurnuxuruq. Bu, hazırkı gündə istifadəçilər tərəfindən kifayət qədər normal davranış hesab edilir. İnternetdə bu cür "xəlvəti” davranmanın öz adı var: kiberloafinq (cyberloafing). Yəni, iş yerində və ya iş vaxtı internetdə boş vaxt keçirmək. Sahibkarlar həmişə bu cür davranışa qarşı fəal mübarizə aparırlar. Amma son araşdırmalar göstərir ki, bu mübarizə tamamilə mənasızdır. Orta hesabla, bir işçi iş günündə iki saata yaxın kiberloafinqə vaxt sərf edir. Ofis işçilərinin isə yalnız 35 faizi iş saatları ərzində bir dəfə də olsun sosial şəbəkələrə baxmadan işini davam etdirə bilər. Nevada Universitetinin tədqiqatçıları belə vaxt "itkisi”nin ABŞ iqtisadiyyatına ildə 85 milyard dollara başa gəldiyini hesablayıblar. Buna görə bir çox sahibkarlar işçilərin iş saatında vaxt itirməmələri üçün münasib olmayan saytlara girişi əngəlləyiblər. Ancaq mobil internet və smartfonların yayılması bu cür qadağaların faydasız olduğunu sübut edib. Bundan əlavə, çoxsaylı tədqiqatlar kiberloafinqin faydalı məşğuliyyət olduğunu ortaya çıxarıb. Belə ki, "Tətbiqi psixologiya” jurnalında dərc edilən nəticələrə görə, 10-15 dəqiqəlik qısa fasilələr beyni "yenidən qurmaq” və problemə başqa baxışla yanaşmağa imkan verir. Nəticədə iş qabiliyyəti yüksəlir, məhsul satışı çoxalır. Psixoloqlar iddia edirlər ki, bəzən çətin bir problemi həll etmək üçün insan idrakının bir addım geriyə çəkilməyə və yenidən güc yığmağa ehtiyacı var. Üstəlik, yemək və kofe fasilələri kiberloafinqdən yayınma qədər effektli deyil. Son eksperimentlərin nəticələri sübut edib ki, iş zamanı internetdən xəlvəti istifadə aqressivliyi azaldır və stressə qarşı müqaviməti gücləndirir.

Cənubi Florida Universitetinin bu istiqamətdə apardığı tədqiqatlarda həftədə iş yerində 20 saatdan çox işləyən 258 kişi və qadın iştirak edib. Sorğuların nəticələrinə görə, əgər iş yerində aqressiv ab-hava hökm sürür, işçilərə qarşı kobud davranılırsa, o zaman kiberloafinq onların xilasına çevrilir və işçilər bu yolla gərginliklərini azaldırlar. Belədə, məhz bu üsul kollektivdə münaqişələrin qarşısını alan buferə çevrilir. Tədqiqatlar göstərir ki, işçilər zaman-zaman öz şəxsi profillərində yazışmaqla və internetdə digər axtarış saytlarında vaxt keçirməklə işdən daha çox həzz alırlar. Hətta onların ağıllarına işdən qovula biləcəkləri və özləri ilə müqayisədə internetdən az istifadə edən həmkarlarının daha üstün sayılacaqları da gəlmir. Tədqiqatçılar bu cür neqativ halların aradan qaldırılması və iş mühitində gərginliyin azaldılması üçün rəhbərlərə kiber-məşğulluq üçün işçilərinə vaxt ayırmağı tövsiyə edirlər.

İndi alimlərin qarşısında başqa sual durur: kiberloafinqlə nə qədər vaxt keçirməyi öyrənmək lazımdır ki, o, problemə çevrilməsin. Həmçinin sonra yarana biləcək çətin vəziyyətdən qurtulmaq üçün hüdudu necə müəyyənləşdirməyin yolları axtarılır. Hələlik bu sualların dəqiq cavabı yoxdur. Bununla yanaşı, tədqiqatçılar hesab edirlər ki, hər bir fəaliyyət növünün öz "faydalı” istifadəsi olmalıdır. Sahibkarların vəzifəsi isə işçilərinin internetdən istifadəyə hansı fasilələrlə ehtiyac duyduğunu adekvat qiymətləndirməkdir. Onların belə "fasilələrə” ehtiyac duyması isə başqa bir araşdırma nəticəsində meydana çıxıb: 97 faiz kişi, 85 faiz qadınlar sosial şəbəkələr və şəxsi messengerdə məşğul olmağı normal hesab edirlər. Qeyd edək ki, oxşar davranış və münasibət bizim cəmiyyətdə də var. Belə ki, müəyyən idarə və təşkilatlar, özəl şirkətlər var ki, işçilərinin internetə çıxış imkanlarını bloklayıblar. Məsələyə mütəxəssislərin yanaşması da birmənalı deyil. O mənada ki, iş yerlərində internetdən azad istifadəni iş keyfiyyətinin aşağı düşməsi kimi dəyərləndirənlərlə yanaşı, işçilər üçün azad mühitin yaradılmasını dəstəkləyənlər və bunu müasir dünyanın tələbi adlandıranlar da az deyil. 

Texnobloqer Fərid Pərdəşünas hesab edir ki, işçilərin iş yerlərində müxtəlif saytlara və ya sosial şəbəkələr girişi internetdən azad istifadə məsələsi ilə bağlıdır: "Bu, bur növ internetdən istifadə üçün rəqəmsal dünyada onların azadlığı sayılır. İnsanlar hazırda virtual və sosial həyatlarını internet üzərindən qurublar. Onlara iş yerlərində qadağalar qoymaq, onların sosialda olan azadlıqlarına müdaxilə kimidir. Həmin şirkətlər işçilərin başqa saytlara girişinə qadağa qoymaqla onlara psixoloji təsir edirlər”. 

Bloqerin fikrincə, qadağaları götürmək iş mühitinə daha yaxşı təsir edər: "Təəssüf ki, Azərbaycanda bəzi banklar, böyük müəssisələr bunu asan üsulla həll etməyə çalışırlar: internetə girişi birbaşa bloklayırlar. Bu da bir şirkətin imici, işçilərinə verdiyi dəyər baxımından zərərlidir”. F.Pərdəçünas hesab edir ki, əgər internetdən istifadə işə mane olursa bu, işçinin düzgün seçilməməsi ilə bağlıdır. Belə ki, əgər işçi bütün gününü internetdə keçirir, öz işini görmürsə, məsuliyyətini başa düşmürsə, onu məcbur etməklə heç nəyə nail olmaq olmaz. Çünki o, robot deyil ki, başının üstündə durmaqla idarə edəsən. Müasir idarəetmədə bunlar artıq aradan qalxıb. Konkret işçiyə iş verilir və onu hansı vasitələrlə və nə qədər vaxta yerinə yetirməsinə şirkət qarışmır”. 

Bloqer təəssüflə bildirir ki, bizdə işçilərin iş vaxtı internetdən istifadəsinin lazım olub-olmaması ilə bağlı sorğular keçirilmir: "Hələ bu sahədə şirkətlər işçilərinin mənafeləri ilə maraqlanmırlar. Şirkət ancaq sosial ödənişləri ödəyir - yalnız bu şəkildə işçiyə qarşılıq verir, daha onun sosial durumu ilə maraqlanmır. Əgər bu tip sorğular keçirilsə, daha yaxşı olar. Müasir startaplara və böyük şirkətlərə belə qadağalar gülünc görünür. Amma elə şirkətlər də var ki, köhnə qaydalarla işləyir, internetdən istifadə qadağasını tətbiq edirlər. Hazırda Azərbaycanda da belə qurumlar kifayət qədərdir”.

Psixoloq Elnur Rüstəmlinin fikrincə, internet resurslarından iş yerində səmərəsiz istifadə edilməsi, sosial şəbəkələrdə zaman keçirilməsi iş keyfiyyətini aşağı salır. Eyni zamanda, diqqətin yayınmasına gətirib çıxarır: "Tapşırılan işin vaxtında yerinə yetirilməməsi həm rəhbər-işçi münasibətinə, həm ümumi işin gedişatına pis təsir göstərir, həm də iş kollektivində münasibətlərin pisləşməsinə səbəb olur. Bu istiqamətdə hüquqi baxımdan hər hansı bir qadağanın edilməsi, bilmirəm, nə dərəcədə doğrudur. Söhbət özəl müəssisədən gedirsə, onlar bununla bağlı hər hansı bir qərar vermək səlahiyyətindədir. Onlar bunu öz iş prosesi ilə əlaqələndirə, bu qaydanı əmirləşdirə və bütün işçilərə də bununla bağlı məlumat verə bilərlər. Burda bir problem yoxdur. O cümlədən dövlət müəssisələrinin də öz iş qrafiki var və buna uyğun davranırlar”. 

Psixoloqun fikrincə, bütün hallarda iş yerlərində mobil telefonun olması, bilgisayar arxasında internetdən istifadəyə işçinin özünün məhdudiyyətlər qoyması daha məqsədəuyğundur: "Xarici ölkələrin təcrübəsinə görə, işçilər mütəmadi olaraq daim menecment, stressmenecment istiqamətində təlimlərə cəlb edilirlər. Bu onların psixoloji dayanıqlılığını artırır, eyni zamanda kollektivdə işçilər arasında münasibətlərin daha da yaxşılaşmasına gətirib çıxarır. O cümlədən, rəhbər-işçi münasibətinin sağlamlaşmasına və iş vaxtından səmərəli istifadə edilməsinə səbəb olur. Ona görə də bu proseslərdə inzibati tədbirlərdən daha çox, təlimlərə üstünlük verilməsinin tərəfdarıyam. Əgər bir müəssisənin rəhbərliyi tərəfindən internetə çıxışa konkret məhdudiyyət qoyulsa, inanmıram ki, bu, məsələnin həlli olsun. Həmçinin düşünmürəm ki, bütün işçilər bu qaydaya əməl etsinlər. Çünki əksəriyyətdə mobil telefon var və onlar bu cihazla internetə daxil olacaqlar. Telefonların yığışdırılması isə insanların hüquq və azadlıqlarının pozulmasıdır”. 

E.Rüstəmli hesab edir ki, bu baxımdan ən yaxşı yol bilgiləndirmək, maarifləndirmək və hər işçinin iş şəraitində özünü faydalı hiss etməsinə şərait yaratmaqdır: "Bu gün Azərbaycan mühitində də inkişaf etmiş, zamanın çağırışlarına cavab verən özəl və dövlət müəssisələri konkret olaraq işçilərinə internetdən istifadəyə vaxtlar ayırır. Həftəsonu bərabər zaman keçirir, iş müddətində kofe, çay, film saatı təşkil edirlər. Amma bu qayda kütləvi yayılmayıb. Hesab edirəm ki, insan işlədiyi yerdən həm də məmnun qalmalıdır. Məmnunluq üçünsə həm özü, həm də rəhbərlik çalışmalıdır. Əgər birgə fəaliyyət olmasa, orda hansısa nəticənin olmasına inanmıram”.
 
Təranə Məhərrəmova