• cümə axşamı, 25 aprel, 05:32
  • Baku Bakı 19°C

İş adamlarının mənəvi hamisi olan öndər

12.12.18 14:30 691
İş adamlarının mənəvi hamisi olan öndər
12 dekabr tarixə müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölüm günü kimi düşüb. Artıq 15 ildir ki, xalqımız bu günü böyük kədər hissi ilə yad edir. Dövlətimizin bütün sahələrdə qazandığı uğurlar onun adı ilə bağlıdır. Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, o cümlədən beynəlxalq əlaqələrin inkişafında əsaslı dönüş oldu. Ulu öndər bu sahələrin inkişafına daim diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli lider respublikamızın sosial-iqtisadi inkişafına, xüsusilə də azad sahibkarlığın tərəqqisinə böyük önəm vermişdir. Onun hakimiyyətdə olduğu illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır. İqtisadı və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar, ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan vermişdir. Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası, mövcud potensialın reallaşdırılmasına yönəlmişdir.
Dövlət və hökumət ilə sahibkarların münasibətlərinə aydınlıq gətirildi
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov"Kaspi”yə açıqlamasında bildirdi ki, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsinin əsasını Heydər Əliyev qoymuşdur: "O, hakimiyyətə gələndə ölkəmizdə dövlət mülkiyyətinə əsaslanan sosialist iqtisadi sistemi bütün dayaqları ilə hökm sürürdü. Mənzərə olduqca bərbad vəziyyətdə idi. Müstəqillik əldə edən bir dövlətin ayaqda dura bilməsi üçün heç bir iqtisadi əsaslar yox idi. Heydər Əliyev planlı iqtisadiyyatdan tənzimlənən iqtisadi sistemə keçid üçün lazım olan ilkin addımları çox məharətlə atdı. Bunlardan biri də sahibkarlığa geniş meydan verilməsi və onun inkişaf etdirilməsi idi. Təsadüfi olmadı ki, bununla əlaqədar müvafiq Dövlət Proqramı qəbul edildi. Söhbət, "Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)’’ Dövlət Proqramından gedir. Ardınca, daha belə bir proqram qəbul edildi. Bu, ölkədə kiçik və orta sahibkarlığın təşəkkül taparaq, inkişaf etməsi üçün ilkin yol açdı. Tələb olunan müvafiq qanunvericilik bazası yaradılmağa başlandı. Dövlət və hökumət ilə sahibkarların münasibətlərinə aydınlıq gətirildi. 17 iyun 1996-cı il tarixdə "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” fərman imzalandı. 1999-cu il yanvarın 7-də imzalanmış "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərman da bir növ bunun davamı oldu. Bilavasitə sahibkarlığa aid strukturlar yaradıldı. Bu, müvafiq maliyyə dəstəyinin həyata keçirilməsinin təşkili üçün böyük məna və əhəmiyyət daşıyırdı”.
Bazar iqtisadiyyatının nəinki özülünü qoydu...
İqtisadçı qeyd edir ki, ölkədə aparılan torpaq islahatı nəticəsində 871 min ailə, 3,4 milyon subyekt torpaq sahibinə çevrildi və 2 mindən çox kolxoz və sovxoz ləğv edildi: "Yeni təsərrüfat subyektləri fermerlər meydana gəlməyə başladı. Kənd təsərrüfatı məhsulları özəl sektorda istehsal edilməyə başlandı. Vergi güzəştləri tətbiq olundu. Bunlardan aqrar sektorda hələ də istifadə edilir. Dövlət büdcəsinə olan vergi borcları silindi, yanacağın güzəştli qiymətlərlə satışı, habelə fermer təsərrüfatları üçün kredit resurslarının ayrılması və həyata keçirilən digər tədbirlər aqrar sahədə məhz bazar münasibətlərinin təşəkkül tapmasına, sahibkarların sayının artmasına şərait yaratdı. Sözün qısası, ulu öndər Azərbaycanda bazar iqtisadiyyatının nəinki özülünü qoydu, həmin özül üzərində xeyli ucaltma işləri də apardı. Odur ki, ölkəmizdə bundan sonra da yaranacaq sahibkarlar və ümumiyyətlə, sahibkarlıq işi və fəaliyyəti məhz, ümummilli liderə borcludur”.
Hazırkı iqtisadiyyatının inkişafının əsası ümummilli liderin zamanında qoyulub
İqtisadçı Vüqar Bayramov sahibkarlığın, regionların sosial-iqtisadi inkişafında ulu öndər Heydər Əliyevin əməyinin əvəzsiz olduğunu bildirdi: "Regionlarda infrastrukturun qurulması, sahibkarlığın inkişafı və eləcə də bugünkü Azərbaycan iqtisadiyyatının inkişafının əsası məhz ümummilli lider Heydər Əliyevin zamanında qoyulub. Belə ki, həmin dövrdə reallaşmağa başlanan siyasətə uyğun olaraq, Azərbaycan birinci növbədə regionlarda infrastrukturun formalaşmasına nail olub və təbii ki, birinci məqsədi də elə bu idi. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə regionlar eyni zamanda differensial vergi sistemindən faydalanaraq, daha güzəştli şərtlərlə biznes fəaliyyəti ilə məşğul olmaq imkanı qazandılar. Sonra iqtisadi siyasətə uyğun olaraq, sadələşdirilmiş vergi sistemi tətbiq edildi və regionda fəaliyyət göstərən sahibkarlar güzəştli şərtlərdən faydalanmaqda davam etdilər. Bu baxımdan, Azərbaycanda coğrafi balansın formalaşdırılması və eləcə də, regionların inkişafına nail olunması ilə bağlı addımlar məhz həmin dövrə təsadüf edir”.
"Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma"
Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı həyatın bütün sahələrində fundamental dəyişikliklərin əsasını qoydu: "Azərbaycan cəmiyyətinin köklü surətdə dəyişməsi, bütünlükdə, yeni bir cəmiyyətin formalaşmasını gerçəyə çevrən dəyişikliklərin mühüm hissəsini təşkil edirdi. Heydər Əliyev apardığı islahatların vüsəti, əhatə dairəsi, ölkə həyatının ümumi mənzərəsinə təsir göstərmək imkanları yeni cəmiyyət yaradılması zərurətini qaçılmaz edirdi. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" deyən Heydər Əliyev, ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi. Ölkədə sahibkarlığın inkişafına təkan verən mühüm məqamlardan biri 1994-cü ilin sentyabr ayında Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda "Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma" mövzusunda keçirilən beynəlxalq konfrans oldu. Konfransın açılış mərasimində dərin məzmunlu nitq söyləyən ulu öndər, ölkədə sahibkarlığın inkişafı üçün müvafiq şərait yaradıldığını və bunun konkret əməli nəticələr verdiyini bildirərək, Azərbaycanda bu sahənin inkişafında xarici investorları fəal iştiraka dəvət etdi”.

"Sahibkarlar günü”nün təsis edilməsi

Konfederasiyasının prezidenti bildirdi ki, iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər, beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi: "Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox Fərman və Sərəncam imzalanmış, 30-a yaxın Dövlət Proqramı təsdiq edilmişdir. Ümummilli liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, Fərman və Sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi. Belə görüşlərə nümunə kimi 2002-ci ilin 25 aprel tarixində yerli və may ayında xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Bu görüş Azərbaycan sahibkarlığı tarixində yeni islahatlar dövrünün başlanğıcını qoymuşdur. Belə ki, respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, sahibkarların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. 2002-2005-ci illər üçün Azərbaycanda Sahibkarlığın inkişafı ilə bağlı Dövlət Proqramı təsdiq olundu. Məhz bu görüşlərin Azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda "Sahibkarlar günü” kimi təsis edilmişdir”
M. Musayev onu da bildirdi ki, müasir dünyada ölkəmiz ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının işığında və Prezident İlham Əliyevin böyük dövlət quruculuğu əzminin, yaradıcı təfəkkürünün real və möhtəşəm nəticələri əsasında, ardıcıl olaraq davamlı şəkildə inkişaf edən bir dövlət kimi qəbul olunur.Son olaraq qeyd edək ki, ulu öndər Heydər Əliyev daim iş adamlarının mənəvi hamisi kimi çıxış edərək, bu təbəqənin milli iqtisadiyyatın "lokomotiv” qüvvəsinə çevrilməsinə çalışmış, mövcud problemlərin aşkarlanması məqsədilə dövlət-sahibkar dialoqunun genişləndirilməsində maraqlı olmuşdur. 2002-ci ilin 10 və 25 aprel tarixlərində yerli və xarici sahibkarlarla görüşən ulu öndərimiz, onları üzləşdiyi problemlər barədə açıq danışmağa dəvət etmiş, diqqətlə dinləmiş, mövcud problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına zəruri tapşırıq və tövsiyələrini vermişdir. Həmin görüşlərin nəticəsi olaraq, imzalanmış bir sıra vacib fərmanlar sahibkarlığın dəstəklənməsi və ölkədə investisiya mühitinin daha da təkmilləşdirilməsi baxımından keyfiyyətcə yeni mərhələnin təməlini qoymuşdur.
Günel Azadə

banner

Oxşar Xəbərlər