• çərşənbə, 24 Aprel, 01:51
  • Baku Bakı 14°C

İrəvanın məqsədi

16.07.21 17:30 473
İrəvanın məqsədi
Sülh müqaviləsini imzalamamaq üçün təxribat, yoxsa...
İşğaldan azad edilmiş ərazilərdə qalan Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun yerləşdiyi mövqelərə atəş açmaqda davam edir. Hətta Naxçıvanla sərhəddə belə bu təxribatlar törədilir. Maraqlıdır ki, bu təxribatlar son günlər daha intensiv xarakter alıb. Baxmayaraq ki, ötən ilin noyabrında 44 günlük müharibədən sonra Rusiyanın təşəbbüsü ilə imzalanmış birgə bəyanatda Ermənistan, silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxaracağı ilə bərabər, həm də atəşkəsin qorunacağına dair öhdəlik götürüb.
Paşinyan tərəfindən idarə edilir, yoxsa...
Amma görünən odur ki, Ermənistan həmişə olduğu kimi yenə də vədini yerinə yetirmək niyyətində deyil. Bəzi ekspertlər bu təxribatları müxtəlif cür şərh edirlər. Onların bir hissəsi hesab edir ki, təxribatlar yeni hökumət formalaşdıran Nikol Paşinyanın özü tərəfindən idarə edilir. Məqsəd isə sülh sazişi ilə bağlı ölkə əhalisini inandırmağa yönəlib.
Koçaryan- Sarkisyan amili?
Digər ekspertlər isə bildirir ki, əslində bu təxribatların arxasında eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyan dayanır. Onlar ordunun içərisindəki tərəfdarları vasitəsilə bu addımları atırlar ki, Paşinyanla rəsmi Moskva arasında münasibətlərə zərbə dəysin. Lakin hansı versiyanın səslənməsindən asılı olmayaraq, mütəmadi olaraq Azərbaycan Ordusuna qarşı təxribatlar baş verir. Bəs görəsən Ermənistanın məqsədi nədir? Rəsmi İrəvan indiki halda bu təxribatları törətməklə nəyə nail olmaq istəyir?
Daxili auditoriya üçün
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında deputat, siyasi elmlər doktoru Elşad Mirbəşirbildirdi ki, Ermənistanın hərbi təxribatlarını davam etdirməsi hər şeydən öncə ona dəlalət edir ki, sülh müqaviləsi imzalamağa hazır deyil: "Amma bu, Ermənistan üçün çox təhlükəli nəticələrə gətirib çıxara bilər. Ermənistanın özündə də bəzi siyasi dairələr, siyasi fiqurlar hesab edirlər ki, bu təxribatları onlara baha başa gələ bilər. Elə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da buna bənzər mövqe nümayiş etdirmişdi. Bəs Ermənistanın bu təxribatları davam etdirməsinin arxasında daha hansı məqamlar dayana bilər? Hesab edirəm ki, hər şeydən öncə bu təxribatlar daxili auditoriyaya da hesablanıb. Hazırkı mərhələdə hökumətin formalaşdırılması prosesi gedir. Ayrıca olaraq da, bildiyimiz kimi, iki sabiq prezident Koçaryan və Sarkisyan Ermənistanın Konstitusiya Məhkəməsinə seçkilərin nəticəsi ilə bağlı müraciət ediblər və bildiriblər ki, Konstitusiya Məhkəməsi onların gözləntilərinə uyğun olmayan qərar verəcəyi təqdirdə, insanları meydanlara çıxaracaqlar. Belə olan halda hesab edirəm ki, Nikol Paşinyan və onun ətrafı daxili auditoriyaya yönəlik müəyyən addımlar atırlar. Belə deyək, onlar özləri üçün, öz xəstə təfəkkürlərinə söykənərək hesab edirlər ki, Azərbaycana qarşı təxribatlar indiki zamanda onların mövqelərinin möhkəmlənməsinə xidmət edə bilər”.
Rusiya üçün də vacib məsələ
E.Mirbəşirin sözlərinə görə, Nikol Paşinyan və ətrafı hesab edir ki, bu cür təxribatlar vasitəsi ilə daxili auditoriyanı loyallaşdıra bilərlər: "Əlbəttə ki, bu, versiyalardan biridir. Bildiyimiz kimi, bir çox hallarda Paşinyan elə özü də, komanda üzvləri də Azərbaycana münasibətdə sərt ritorikaya üstünlük verərək bir növ cəmiyyətdə mövqelərini daha da möhkəmləndirməyə çalışırlar.İkinci məqam ondan ibarətdir ki, Ermənistan ordusunda sabiq prezidentlərə sədaqətli olan komandirlər hələ də mövcuddur. İndiki zamanda Paşinyanın, belə deyək, Rusiya ilə münasibətlərinin korlanmasını şərtləndirəcək belə təxribatları təsirli alət rolunda görürlər. Çünki Nikol Paşinyan iyul ayının 7-də Rusiya prezidenti Vladimir Putinlə görüşən zaman da vurğulanan əsas məqamlardan biri ondan ibarət oldu ki, ötən ilin noyabr ayında imzalanmış birgə bəyanatın şərtlərinə əməl olunmalıdır. Bu, Rusiya üçün vacib və həm də həssas məsələdir”.
Kremlin təşəbbüsü iflasa uğrayarsa...
Millət vəkili deyir ki, məhz Rusiyanın vasitəçiliyi ilə birgə bəyanat imzalanıb və Kreml regionda sülhə nail olunması prosesində özünün aparıcı rolunu təsdiq etməyə çalışır: "Əgər Rusiyanın bu təşəbbüsü iflasa uğrayacaqsa, o zaman beynəlxalq imicinə də ciddi zərbə dəymiş olacaq. Bu baxımdan Koçaryana və Sarkisyana bağlı hərbi dairələr, ola bilsin ki, Azərbaycana qarşı bu təxribatları yaratmaqla Rusiyanın sülh yaratmaq missiyasına da kölgə salmaq istəyirlər. Bunu da Paşinyanın adına bağlamaqla, onunla Kreml arasında münasibətləri soyuqlaşdırmağa çalışırlar”.
Bəxtiyar Məmmədli
banner

Oxşar Xəbərlər