İrəvanın ikibaşlı siyasəti

Ekspertlərin fikrincə,
Rusiya ABŞ və Fransa hərbi kontingentini Ermənistana buraxmayacaq
Ermənistan 44 günlük müharibədən sonra Rusiyanın təşəbbüsü ilə
imzalanmış bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün
müxtəlif bəhanələr gətirir. Xüsusilə, Paşinyan Rusiya ilə sülhməramlılar
məsələsini razılaşdırdığı halda, indi Fransa və ABŞ hərbi kontingentinin
bölgədə iştirakını dilə gətirir.
Məsləhət Fransadan alınır?
Bütün bu ikibaşlı siyasət
isə Paşinyanın Farnsa ilə müzakirələrindən sonra ortaya çıxdığı heç şübhə
doğurmur. Lakin diqqətə çatdırmaq yerinə düşər ki, Kreml indiki halda kənarda
qalan Fransa və ABŞ-ın bölgədə onunla bərabərhüquqlu olmasını istəməyəcək. Amma
Ermənistan ATƏT-in Minsk qrupunda yer alan Fransa və ABŞ-ın yenidən iştirakı
üçün əlindən gələni edir. Bu səbəbdən də Minsk qrupunun fəaliyyətinin bərpa
olunmasını, hətta bölgəyə Rusiyadan başqa ABŞ və Fransanın hərbi kontingentinin
gətirilməsini dəstəkləyir. Bu isə təbii ki, Rusiya tərəfindən birmənalı
qarşılanmayacaq. Əgər Ermənistan belə bir addım atsa, Ermənistanı nə
gözləyəcək?
"Paşinyan Rusiyaya mesaj
verdi”
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi
ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin sonuncu iclasında
Azərbaycana qarşı ittihamlar səsləndirərkən Rusiyadan narazılığını ifadə edərək,
Moskvaya üstüörtülü iki mesaj göndərdi: "Birincisi, Nikol Paşinyan rəsmi
Bakının Qarabağdakı rusiyalı sülhməramlıların statusunu müəyyənləşdirmək
istəmədiyini deyərək fikrini belə tamamlayıb: "Azərbaycanda erməni hərbçilər
üzərində məhkəmələr davam edir. Həmin hərbçilər noyabrın 9-da rusiyalı
hərbçilərin səlahiyyət zonasında əsir götürülüb”. Paşinyan bu cümlə ilə demək
istəyib ki, Qarabağda erməni hərbçilərin əsir götürülməsinə Moskva göz yumub və
Bakıya qarşı sərt açıqlama verməyib.
Bundan başqa, Paşinyan Rusiyaya ikinci mesajında hədələyici cümlə
işlədib və deyib ki, "Ermənistan-Azərbaycan sərhədində Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının monitorinq qrupunun yerləşdirilməsini təklif edirəm.
Əgər təşkilat çərçivəsində belə bir qrup yaradılması mümkün deyilsə, monitorinq
qrupu ATƏT-in Minsk Qrupu formatında yaradılsın”. Yəni Paşinyan Moskvaya mesaj
göndərir ki, siz sərhədimizi nəzarətə götürüb erməniləri Azərbaycandan qorumaq
istəmirsinizsə, biz Fransa və ABŞ-ı dəvət edəcəyik.
"Rusiya buna hazır deyil”
E.Şahinoğlunun sözlərinə görə, Paşinyana da aydındır ki, Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiya sərhəd məsələsinə qarışmaq istəmir:
"Moskvanın özü Bakının təklifini səsləndirib və qeyd edilib ki, sərhəddə
delimitasiya və demarkasiya işləri başlamalıdır. Paşinyan "delimitasiya” və
"demarkasiya” sözlərini ifadə etməkdən çəkinir. O, Rusiyanı erməni cəmiyyətinin
gözündə daha da aşağılamağa çalışaraq sanki demək istəyir ki, ay ermənilər,
Rusiya bizi Azərbaycandan qorumaq istəmir, odur ki, Qərbdəki dostlarımıza
müraciət etməliyik. ABŞ və Fransa Ermənistanda Rusiyanı əvəz etməyə hazırdırlar.
Amma Rusiya buna hazır deyil və rəqiblərini Ermənistana buraxmayacaq.
"ABŞ və Fransanın bölgədə
marağı var”
Siyasi şərhçi Asif
Nərimanlı bildirdi ki, ABŞ və Fransanın hərbi kontingentinin bölgəyə cəlb
edilməsində bu ölkələrin öz, Ermənistanın öz maraqları var: "Qarabağ
münaqişəsinin həllində iştirak edə bilməyən bu iki həmsədr ölkə bölgəyə
qayıtmağın yollarını axtarır. Bunun iki yolu var. Birincisi, Minsk qrupunu
diriltmək və "status” məsələsidir, ikincisi, sərhədlərin delimitasiyası
prosesində iştirak etməkdir.
Qərbdə anlayırlar ki, Minsk qrupunun dirildilməsi "status” məsələsi
üzərindən mümkün olmayacaq. Ona görə də, bu məsələlərdən daha çox istəklərinə nail
olmaq üçün istifadə edirlər. Sərhədlərin delimitasiyası prosesində iştirak
mümkün olan variantdır. Buna görə də İrəvana "beynəlxalq müşahidəçilərin”
yerləşdirilməsi planını təqdim edildi. və Paşinyan bunu təklif olaraq gündəmə
gətirdi, bildirdi ki, Rusiya hərbçiləri və ya "beynəlxalq müşahidəçilər”
bölgəyə yerləşdirilsin və bundan sonra sərhədlərin delimitasiyası prosesi
həyata keçirilsin. Qərbin məqsədi bu məsələ üzərindən bölgəyə daxil olmaq idi,
lakin Paşinyanın bu məsələdən öz maraqları üçün istifadə etdiyi görünür”.
"Rusiyanın dəstəyini almaq
istəyir”
A.Nərimanlı qeyd etdi ki, Paşinyan, birincisi, Qərbin istədiyini dilə
gətirməklə ABŞ və Fransanın dəstəyini qazandı: "İkincisi, Rusiya qarşısında
"alternativ” qoydu, bununla seçkidə Moskvanın müdaxiləsinin qarşısını aldı və
hakimiyyətini qorudu.
Seçkidən qısa müddət öncə artıq İrəvan və Moskva arasında bölgəyə
Rusiya hərbçilərinin yerləşdirilməsi ilə bağlı danışıqlar başlamışdı. Bu da
Paşinyanın prosesdən öz maraqları üçün istifadə etdiyini təsdiqləyir.
Fikrimcə, ABŞ və Fransanın hərbi kontingentinin bölgəyə gətirilməsi
mümkün olmayacaq, Rusiya buna imkan verməz. Lakin qeyd etdiyim kimi, Ermənistan
bu məsələni gündəmdə saxlamaqla, sərhədlərin müəyyənləşməsi məsələsində
Rusiyanın dəstəyini əldə etmək istəyir”.
Bəxtiyar Məmmədli
