• cümə, 29 Mart, 19:51
  • Baku Bakı 14°C

“İrəvan - gizlədilmiş həqiqətlər”

06.01.17 13:00 2204
“İrəvan - gizlədilmiş həqiqətlər”
Dekabrın 21-də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi və AMEA-nın Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində hazırlanmış "İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin (Azərbaycan, rus və ingilis dillərində) təqdimatı keçirildi. Filmdə Cənubi Qafqazın tarixində mühüm rol oynamış Azərbaycan dövlətlərindən biri olan İrəvan xanlığının (1747-1828) paytaxtı - İrəvan şəhərindən bəhs olunur.
I Nikolayın fərmanı nəyə xidmət edirdi?
XIX əsrin əvvəlində baş vermiş Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin əksəriyyəti Azərbaycan türkləri idi. Qeyd etmək lazımdır ki, erməni katolikosluğu mərkəzinin 1441-ci ildə İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə qədər burada ermənilərə məxsus heç bir kənd və yaxud torpaq sahəsi olmayıb. Hətta erməni katolikosluğunun yerləşdiyi Üçkilsə (Valarşabad) kəndi belə 1443-cü ildən başlayaraq ermənilər tərəfindən müxtəlif vasitələrlə hissə-hissə Azərbaycan türklərindən alınmışdır.
İrəvan xanlığının ərazisində tarix boyu Azərbaycan xalqına məxsus çoxsaylı yaşayış məskənləri - kəndlər, şəhərlər salınmış, minlərlə tarixi abidələr - qalalar, məscidlər, minarələr ucaldılmış, karvansaralar, hamamlar inşa olunmuşdur. Bölgədəki bütün yer adları - toponimlər Azərbaycan xalqına məxsus idi. Bu inkarolunmaz həqiqəti hətta erməni mənbələri də təsdiq edir. Xanlığın ərazisində saysız-hesabsız qədim oğuz-türk qəbiristanları və Azərbaycan xalqına məxsus külli miqdarda qoç heykəlləri, qəbirüstü abidələr vardı. Bütün bunlar Azərbaycan xalqının maddi mədəniyyət möhürləri idi.
Yalnız 1828-ci ildə Rusiya orduları tərəfindən İrəvan xanlığı işğal olunduqdan sonra ermənilər Türkiyədən və İrandan bu torpaqlara köçürülüb gətirildilər. Azərbaycan xalqının tarixi dövlətçilik ənənələrini və müstəqillik şüurunu məhv etmək üçün imperator I Nikolayın fərmanı ilə (21 mart 1828) Azər­baycanın İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və bu xanlıqların ərazisində İran və Türkiyədən köçürülməkdə olan ermənilər üçün qondarma "Erməni vilayəti” yaradıldı. Azərbaycan tarixinin amansızcasına saxtalaşdırılmasına erməni vilayətinin yaradılmasından dərhal sonra başlanıldı və proses sonrakı dövrlərdə xalqımıza məxsus maddi mədəniyyət nümunələrinin vandalcasına məhv edilməsi ilə davam etdirildi.
Azərbaycan Milli Şurasının güzəşti
"İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filmi erməni saxtakarlığını ifşa etmək, dünyaya elmi həqiqəti, daha doğrusu, real tarixi olduğu kimi çatdırmaq məqsədilə yaradılmışdır. Təkzibolunmaz ilk mənbələr, o cümlədən çoxsaylı arxiv sənədləri əsasında müasir texnologiyaya uyğun, mükəmməl şəkildə hazırlanan bu film sübut edir ki, bu gün Ermənistan Respublikası adlanan dövlətin yerləşdiyi ərazi yaxın keçmişə qədər, Azərbaycan torpağı olmuşdur.
Filmdə etnik mənzərəsi son yüz il ərzində yüz dəfələrlə dəyişikliyə məruz qoyulmuş, aborigen türk-müsəlman əhalisi müəyyən mərhələlərlə və nəhayət 1988-ci ildə bütünlüklə bu şəhərdən didərgin salınmış, tarixi-memarlıq abidələri zaman-zaman sistemli şəkildə və qəsdən yer üzündən silinmiş bir şəhərdən - İrəvan şəhərindən bəhs edilir. Film bütün dünyaya sübut edir ki, İrəvan şəhəri haqqında olan tarixi həqiqətlərin yaddaşlardan, tarix kitabları və salnamələrin səhifələrindən silinməsi; rəssamların, fotoqrafların çəkdikləri şəkillərin, muzeylərin saxlanclarında qorunan maddi mədəniyyət nümunələrinin yox edilməsi mümkün deyildir.
İlk olaraq filmdə orta əsrlər müsəlman Şərqinin şəhərləri sırasında hərtərəfli inkişaf etmiş və yalnız 1936-cı ildən Yerevan adlanan qədim İrəvan şəhərinin yerləşdiyi ərazi və salındığı tarix haqqında maraqlı məlumatlar və virtual görüntülər bir-birini əvəzləyir. Müxtəlif dövrlərdə İrəvan şəhərinin yerləşdiyi ərazinin Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqlar, Eldənizlər, Elxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar, çar Rusiyası dövlətlərinin tərkibinə daxil olduğu, yalnız çar Rusiyası yıxıldıqdan sonra Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı ilə İrəvan şəhəri paytaxt kimi ermənilərə güzəşt edildiyi və bununla da Cənubi Qafqaz tarixində ilk dəfə olaraq erməni dövlətinin yaradıldığı vurğulanır.
Filmdə ilk mənbələrin, o cümlədən XVII əsr xristian səyyahların, XVIII əsr rus və erməni mənbələrinin verdiyi məlumatlar əsasında İrəvan şəhərində oturaq erməni əhalisinin yaşamadığı xüsusi olaraq vurğulanır. Belə ki, fransız səyyah Jan Şardenin"təxminən 800 evdən ibarət olan İrəvan qala-şəhərində ancaq təmizqanlı səfəvilərin”, alman səyyah Börböri Şillingerin "İrəvan şəhərində yalnız persiyalıların” yaşadığı; 1701-ci ilin yayında İsrail Ori tərəfindən Rusiya imperatoru I Pyotra çatdırılan kəşfiyyat xarakterli məktublarda "İrəvan şəhərində cəmi 300 nəfərdən bir az artıq erməninin yaşadığı və onların da ticarətlə məşğul olduğu” haqqında qiymətli məlumatlar təsiredici təsvirlərlə izləyiciyə çatdırılır.
Çar Rusiyasının planı - xristian istinadgah məntəqəsi
Ekran əsərində erməni müəlliflərinin əsərlərindən götürülmüş faktlar əsasında İrəvan şəhəri və onun yerləşdiyi ərazilərin heç vaxt ermənilər tərəfindən idarə edilmədiyi, əksinə Osmanlı hakimiyyəti istisna edilməklə, bütün dövrlərdə məhz azərbaycanlılar tərəfindən idarə edildiyi aydın olur.
Filmdə İrəvan şəhərinin çar Rusiyası qoşunları tərəfindən işğalı, ermənilərin köçürülməsi və demoqrafik vəziyyətin ermənilərin xeyrinə dəyişməsini ilkin qaynaqlardan götürülmüş faktlar və virtual görüntülər əsasında izləmək mümkündür. Çar Rusiyasının işğalınadək İrəvan şəhərində təqribən 20 min nəfər yaşayırdı. İrəvan əhalisinin təqribən beşdə birini təşkil edən ermənilər şəhər ətrafında yaşayırdılar. Rusiya müstəmləkəçiləri İrana və Türkiyəyə qalib gəldikdən sonra Cənubi Qafqazda Qacarlar İranı və Osmanlı imperiyasına qarşı gələcək işğalçılıq planlarını həyata keçirmək üçün xristian - istinadgah məntəqəsi yaratmaq məqsədilə həmin dövlətlərin ərazisində yaşayan erməniləri kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına - əsasən İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə köçürdü. İrəvan xanlığını işğal etmiş general Paskeviç İrandan köçürülən ermənilərin "İrəvana istiqamətləndirilməsi və həmin ərazidə xristian əhalinin sayının mümkün qədər artırılması” barədə konkret göstəriş də vermişdi. Qacarlar İranı və Osmanlı imperiyasından köçürülən ermənilərdən 377 ailə məhz İrəvan şəhərinə - Azərbaycan türklərinin qoyub getdiyi evlərə yerləşdirildi. Ermənilərin davamlı olaraq İrəvana köçürülüb məskunlaşdırılmasına baxmayaraq, XX əsrin əvvəllərində İrəvan şəhərində azərbaycanlı əhalinin sayı erməni əhalisinin sayına təqribən bərabər idi.
İrəvan şəhəri bütünlüklə Azərbaycan xalqına məxsusdur!
Filmdə İrəvan şəhərindəki çoxsaylı məscidlər - Göy məscid (yaxud Hüseynəli xan məscidi), Sərdar (yaxud Abbas Mirzə), Şah Abbas, Təpəbaşı, Zal xan, Sərtib xan, Hacı Novruzəli bəy, Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb paşa, Məhəmməd Sərtib xan, Hacı İnam və digər məscidlərin əksəriyyətinin 3D formatında bərpası və canlandırılmasının əhəmiyyəti xüsusilə qeyd edilməlidir. Filmdə fransız geoloqu və arxeoloqu, naturaçı Fredrik Dübua de Monperenin "Qafqaz ətrafına səyahət” (Paris, 1839) əsərinin III cildindəki İrəvan qalası və Göy məscidin təsvirləri 3D formatında bərpa olunaraq, nəfis şəkildə canlandırılmışdır. Bundan başqa, Rusiya, Qərbi Avropa səyyah və tədqiqatçılarının (J.Tavernye, J.Şarden, C.Morier, İ.Şopen, D.Monpere, P.Uvarova, H.Linç, akademik N.Marr və b.) əsərlərində İrəvan qalası, Xan sarayı, onun Güzgülü salonu, Yay köşkü, qala və şəhərdəki məscidlər, karvansaralar, hovuz və hamamlar haqqındakı fikirləri və təsvirləri mühüm yer tutur. Bu əsərlərdən götürülmüş qiymətli fikirlər səsləndirilərkən, həmin təsvirlərin çox yüksək səviyyədə hazırlanmış virtual görüntüləri izləyicini mühüm bir tarixi gerçəkliklə üzbəüz qoyur və onu dərindən düşünməyə vadar edir: İrəvan şəhəri bütünlüklə Azərbaycan xalqına məxsusdur!
Ekran əsərinin digər mühüm məziyyəti İrəvan şəhərində Azərbaycan xalqına məxsus olan bütün maddi mədəniyyət nümunələrinin sonrakı taleyinin vizual təsvirlərinin canlandırılmasıdır. Filmdə 1928-ci ildə Ermənistan hökuməti tərəfindən Zal xan məscidinin sökülməsi və onun yerində "Yerevan” hotelinin tikilməsi, 1999-cu ildə rekonstruksiya edildikdən sonra isə onun "Golden Tulip” hotelinə çevrilməsi, vaxtilə yalnız azərbaycanlıların yaşadığı Dəmirbulaq massivində XX əsrin əvvəlində Dəmirbulaq, Hacı Novruzəli bəy və Hacı Cəfər məscidlərinin hələ də mövcud olduğu, lakin son iki məscidin 1930-cu illərdə İrəvan şəhərinin baş planı həyata keçirilərkən söküldüyü, yeganə fəaliyyət göstərən Dəmirbulaq məscidinin isə 1988-ci il fevralın 23-də ermənilər tərəfindən yandırıldığı foto-sənədlər əsasında sübut edilməklə yanaşı, həm də vizual şəkildə canlandırılmışdır.
Filmdə Azərbaycanlılara məxsus mədəni irsin məhv edilməsini, İrəvandan azərbaycanlıların köçürülməsi və müasir İrəvanda Azərbaycan mədəni irsinin vandalcasına məhv edilməsini izləmək mümkündür. 1988-ci ildə Ermənistan hökuməti İrəvandan azərbaycanlıların etnik təmizlənməsini başa çatdırdı. Göy məscid istisna olmaqla, azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin məhv edilməsinin nəticəsidir ki, İrəvan şəhərində yaşı 200-dən yuxarı bircə dənə də olsun tarixi-memarlıq abidəsi yoxdur.
Filmdə ən mühüm məsələ - ermənilər tərəfindən həyata keçirilmiş müasir vandalizm aktı - İrəvan şəhərindən azərbaycanlıların maddi-mədəniyyət izlərinin silinməsi; şəhərin azərbaycanlı etnik kimliyinin yox edilməsi; türk-müsəlman şəhərinin monoetnik erməni şəhərinə çevrilməsi çoxsaylı təkzibedilməz faktlar, cədvəllərlə bərabər virtual görüntülərdə də öz təsdiqini tapmışdır!
"İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filmi sübut edir ki, İrəvan şəhərində 1828-ci ildən başlayaraq ermənilər tərəfindən azərbaycanlıların maddi-mədəniyyət izlərinin silinməsi üçün dəfələrlə vandalizm aktı həyata keçirilsə də, tarixin yaddaşını silmək mümkün deyil. O yaddaş ki, tarix kitablarında, salnamələrdə, rəsm əsərlərində, qravürlərdə, fotolarda yaşayır və nəsillərdən-nəsillərə, əsrlərdən əsrlərə ötürülür.
Güntəkin Nəcəfli,
tarix üzrə fəlsəfə doktoru,
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi,
Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı,
"İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin məsləhətçisi
banner

Oxşar Xəbərlər