AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İranla Ermənistan arasında növbəti əməkdaşlıq layihəsi

İranla Ermənistan arasında növbəti əməkdaşlıq layihəsi

Siyasət
12 Fevral 2013, 10:11 2291
Ötən həftənin sonu İran müdafiə nazirinin müavini Nəsralla Kələntərinin başçılıq etdiyi hökumət nümayəndə heyəti Ermənistana səfərdə oldu. İranlı nazir müavini erməni müdafiə naziri Seyran Ohanyanla və digər rəsmilərlə danışıqlar apardı. Bu görüş başa çatan kimi ekspertlər səfərin yekunu ilə bağlı ən müxtəlif ehtimallar və versiyalar irəli sürməyə başladılar. Məsələn, bir qrup hesab edir ki, Rusiya ilə ümumi sərhədlərə malik olmayan Ermənistanın Azərbaycanla mümkün hərbi əməliyyatların başlanacağı fonunda İrandan hərbi dəstək almaq istəyi var. Hesab edilir ki, İranla hərbi əməkdaşlıq Ermənistan üçün vacibdir. Belə ki, son illər İslam Respublikasının hərbi potensialı yeni növ silahlarla, o cümlədən operativ-taktiki raketlər və Hava Hücumundan Müdafiə sistemləri ilə yenilənib. Rusiya ekspertləri hesab edir ki, Rusiyadan silah alan Ermənistan İrandan da yeni növ silahlar ala bilər. Tehranın bu fonda məqsədi bəllidir - Ermənistan hərbi mənada nə qədər güclü olsa, Azərbaycanın da bir o qədər regional qüdrətli dövlət olmaq şansı az olar. Qeyd olunur ki, İran Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində nəzarəti ələ keçirməsində maraqlı deyil. Dağlıq Qarabağ barədə isə danışmağına dəyməz. Belə ki, Tehran rejimi hesab edir ki, bu ərazi Ermənistanın nəzarəti altında qalmalıdır. “Belə bir hal Azərbaycanın regionda mövqeyini xeyli zəiflədir”- deyə adını çəkməyən rusiyalı ekspertlərdən biri bildirib. Müşahidəçiləri indi bir sual düşündürür? Görəsən Birləşmiş Ştatlar niyə Ermənistanı İranla əməkdaşlığa görə cəzalandırmır?

Maraqlıdır ki, Yerevanda bağlı qapılar arxasında hərbi əməkdaşlığı müzakirə etdiyi bir vaxtda Vaşinqtonda İrana qarşı sanksiyaları gücləndirən qətnamə qəbul edilir. Bu qətnamələrin mahiyyəti ondadır ki, İranla əməkdaşlıq edən bütün kompaniyalar və ölkələr cəzalandırılacaq. Lakin paradoks ondadır ki, nə Obam administrasiyası, nə Konqres onların gözünün qarşısında formalaşan İran-Ermənistan hərbi-siyasi və iqtisadi alyansını görməməzliyə vurur. Bu fakt onu göstərir ki, ABŞ-dakı erməni lobbisi o qədər güclüdür ki, hətta Vaşinqtonun Tehrana qarşı sanksiyalarının gücləndiyi bir dönəmdə Ermənistana cəzasız addımlar atmağa imkan yaradır. Ermənistanın vəkilləri iddia edirlər ki, onların ABŞ-ın düşməni olan ölkə ilə əməkdaşlıq etməsini yumşaldan səbəblər var. Burada yenə də ermənilərin mühasirə vəziyyətdə olmaları göstərilir. Heç deyən də yoxdur ki, bu mühasirə nədəndir. Ermənistanın zərbaycan torpaqlarını işğal etdiyi və bu səbəbdən də bu vəziyyətə düşdüyündən heç kim nədənsə danışmır və yaxud danışmaq istəmir. Belə olan vəziyyətdə Ermənistan üçün xilasedici yol sovet hökumətinin səyi nəticəsində ermənilərə verilən İranla 22 km-lik sərhəd ərazisidir. Bu sözün əsl mənasında Ermənistan üçün «həyat xətti» olub. Müsəlman ölkəsi olan İran Fələstində müsəlmanların haqlarının pozulduğunu desə də, bir milyondan artıq azərbaycanlının ev-eşiyindən məhrum olduğunu dilə belə gətirmir. Bu də İranın müsəlman həmrəyliyi. Yaranmış vəziyyətdə yalnız avtomobil yolu ermənilər üçün xilas mənbəyi olub. Ötən il Ermənistanla İran arasında bir sıra iqtisadi layihələrə imza atılıb. Elə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi də bu günlərdə bəyan edib ki, hazırda iki ölkə Araz çayı üzərində su-elektrik stansiyasının inşası və elektrik nəqlinin üçüncü xətti üzərində iş aparırlar.

İranlı diplomatın sözlərinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 340 mln. dollar təşkil edib və bu da əvvəlki illərlə müqayisədə 10 faiz çoxdur. O bildirib ki, ölkələr ambisiyalı bir məqsəd də açıqlayıblar - ticarət dövriyyəsini 1 mlrd. dollara çatdırmaq. İlk növbədə İran və Ermənistan kənd təsərrüfatı, heyvandarlıq, sənaye və faydalı qazıntılar sahəsində əməkdaşlığı genişləndirmək istəyirlər. Sözsüz ki, sonuncu məsələ böyük ehtimalla Azərbaycanın işğal olunmuş ərazilərində aparılacaq. Eləcə də birgə ticarət zonalarının yaradılması da bura daxildir. İranla Ermənistan hazırda Təbriz-Meğri qaz kəmərinin inşası işlərini də sürətləndiriblər. Uzunluğu 140 km olacaq bu kəmərin qiyməti 220 mln. dollardır. 2019-cu ilə kimi bu kəmər vasitəsilə 2,3 mlrd. qaz nəqli nəzərdə tutulub. Bu kəmərdə Rusiyanın «Qazpom» şirkətinin payı 45 faizdir. Yerdə qalan 45 faiz Ermənistanın, 10 faiz isə «İteranın»dır». Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller əmindir ki, bu kəmər Ermənistanın enerji təhlükəsizliyini təmin edən ən başlıca halqa olacaq. Bundan əlavə, İran və Ermənistanı dəmir yolu xətti də birləşdirəcək. Bu, Gümrü-İran dəmir yolu xəttidir.

Amma Birləşmiş Ştatların sanksiyaları bunu ləngidir. Belə ki, 3 mlrd. dollarlıq bu layihəyə pul qoyan yoxdur. Ola bilsin ki, bu pulu Rusiya versin. Onsuz da Rusiya Ermənistanın dəmir yollarının tam hüquqlu sahibidir. Rusiya isə son günlərə kimi Ermənistandan İrana gedəcək dəmir yolunu maliyyələşdirmək istəmirdi. Lakin Ermənistanın nəqliyyat naziri Qaqik Beqlaryan bu günlərdə bununla bağlı müvafiq razılaşma əldə edildiyini bəyan edib. Ancaq ad çəkməyib. Uzunluğu 540 km olacaq dəmir yolu xəttinin 480 km-i Ermənistan ərazisinə düşür. Onun inşası beş il, daha dəqiq desək 2019-da başa çatmalıdır. Beləliklə də, 2019-cu ildə hər iki ölkəni dəmir yolu xətti birləşdirəcək. Lakin bu məsələyə mane ola məsələlər də var. Məsələn, «Rusiya dəmir yolları» cəmiyyətinin prezidenti Vladimir Yakunin qəribə bir bəyanat səsləndirib. O bildirib ki, bu layihənin reallaşması İran ətrafında yaranmış vəziyyətdən asılı olacaq. Başqa sözlə, heç bir investor, o cümlədən Rusiya, İranın ABŞ və İsrailinlə müharibə riskinin güclü olduğu bir dövrdə belə bir addım atmağa cürət etməz. Məhz bu səbəbdən də Ermənistan uzun illər idi ki, dəmir yolu xəttini maliyyələşdirməyə sponsor tapa bilmir. Lakin müşahidəçilər hesab edir ki, bu dəmir yolu xətti tikiləcək. Onun inşasında isə ən çox Rusiya maraqlıdır. Sadəcə, Rusiya hər vəchlə «Moskva-Tehran-Yerevan» geosiyasi üçbucağının yaranmasını planlaşdırır. Beləliklə, İran Azərbaycan torpaqlarını işğal edən Ermənistanla hərtərəfli əməkdaşlığı günbəgün gücləndirir. Bütün bunlar isə İranın molla rejiminin yürütdüyü siyasətin əsl mahiyyətini bir daha ortaya qoymuş olur.
Azər NURİYEV