AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İranın Qəbələ narahatçılığı

İranın Qəbələ narahatçılığı

Siyasət
27 Dekabr 2012, 12:23 1902
Qəbələ RLS-nin gələcək taleyinin necə olacağı ilə bağlı xəbərlər gündəmdən düşmür. Rusiyaya məxsus stansiyanın icarə müddətinin uzadılmayacağının onun müdafiə qabiliyyətinə təsir edəcəyi barədə fikirlər artıq gündəmi tutub. Lakin Kreml hesab edir ki, Qəbələ radiolokasiya stansiyasının istismarının dayandırılması Rusiyanın təhlükəsizliyinə heç cür təsir etməyəcək. Rusiya siyasi dairələrinin narahatçılığına əsas olmadığını bildirən Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov hesab edir ki, bu ilin dekabrınadək qüvvədə olan Qəbələ RLS-nın icarəsinə dair Rusiya və Azərbaycan arasındakı müqavilə «öz vəzifəsini yerinə yetirib». «10 il ərzində Qəbələ RLS özünün cənub istiqamətindən raket hücumu barədə xəbərdarlıq vəzifəsini yerinə yetirirdi» - deyə Antonov xatırladıb.
Bəzi Rusiya ekspertləri isə fərqli fikirdədirlər. Məsələn, Rusiyanın «Milli müdafiə» jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko isə hesab edir ki, Moskva Bakının Qəbələ RLS məsələsində atdığı adımı unutmayacaq: “Moskvadan müəyyən hərbi-siyasi qərarların qəbulunda nəsə asılı olarsa, onda bu məsələ nəzərə alınacaq. Moskva öz tərəfindən atacağı addım hüququnu özündə saxlayıb» deyə o, bildirib. O əlavə edib ki, Rusiya Müdafiə Nazirliyi Qəbələdən getmək istəmirdi: “Nə üçün Rusiya hərbçiləri oradan getməlidirlər? İcarə müddətinin 40 dəfə artırılması son hədd idi. Aydındır ki, Bakı belə addımı ilə Rusiyanın Qəbələdən getməsini həyat keçirib”.

Maraqlıdır ki, dünyanın ən güclü radiolokasiya sistemi kimi Qəbələyə Rusiyadan sonra kimin gələcəyi ilə bağlı «Qolos Rossiya»nın ekspertləri iranlı ekspertlərin fikirlərini bölüşüblər. Hərbi və siyasi ekspertlər qeyd edir ki, Moskva Qəbələdəki stansiyanı digər informasiya mənbələri ilə əvəzləyə bilər. Rusiyanın müdafiə qurumu yaxın vaxtlarda Şimali Qafqazda «Voronej-DM» RLS-nin istismarına başlayacaq və hazırda onun sınaq tədbirlərini həyata keçirir. Bundan əlavə, Rusiyada raket buraxılışları xəbərdarlıqları ilə bağlı mobil sistemlərin yaradıldığı bildirilib. Həmin sistemləri lazım yerlərə və lazımi vaxt aparmaq və istənilən «pəncərəsini» bağlamaq mümkündür. Bu səbəbdən də Qəbələ RLS artıq Rusiyanın raket əleyhinə müdafiə sistemində qapadılmış bir səhifə kimi göstərilir. Qəbələdəki stansiya texniki xarakteristikasına görə, dünyada bu tip stansiyalar içərisində ən nəhəngidir. Bir sıra regional ekspertlər artıq indidən Rusiya buranı tərk edib gedəndən sonra onun yerinə kimin gələcəyini şərh etməyə başlayıblar. Bundan ən narahat olan ölkə kimi isə İran göstərilir. İran ekspertləri Qəbələyə Rusiyanın yerinə Tehranın opponentlərinin gələcəyindən narahatdırlar. Tehranlı politoloq Həsən Hanizadə hesab edir ki, Rusiya və Azərbaycan arasında Qəbələ RLS-nin icarə müddəti ilə bağlı razılaşmanın baş tutmaması regionda təhlükəsizlik üçün ciddi nəticələrə gətirib çıxara bilər:

“Bu xüsusən də İranın təhlükəsizliyi üçün çox ciddi problemlərə səbəb ola bilər. Bunun səbəbləri aşağıdakı kimidir. Rusiyanın Yaxın Şərq ölkələri ilə bağlı siyasətini aqressiv adlandırmaq olmaz. Moskva regional mübahisələrin həllində siyasi və diplomatik metodların tətbiq olunmasına tərəfdardır. Yaxın Şərqdə hərbi iştirakı ilə region dövlətlərinə problemlər və çətinliklər gətirən ABŞ-dan fərqli olaraq Rusiyanın hərbi iştirakı bu ölkələrə özlərini təhlükəsiz hiss etməyə imkan verib. Qəbələ RLS-nin icarə müddəti ilə bağlı sazişin uzadılmamasının səbəbi Azərbaycana ABŞ və NATO-nun təzyiqi ilə izah edilə bilər. Azərbaycan Rusiyanın etibarlı müdafiəsi altında olmaqdansa, NATO-nun regionda hərbi iştirakına yol açmış olur”.

İranlı ekspert iddia edib ki, rəsmi Bakı tərəfindən seçilən bu cür siyasi yanaşma regional əməkdaşlıq prinsiplərinə ziddir və regionda təhlükəsizliyin təmin olunması ilə ziddiyyət təşkil edir: “Qəbələdə Rusiyanın qalması İran İslam Respublikası üçün də yaxşı idi. Hesab edirəm ki, əgər Azərbaycan öz mövqeyinə yenidən baxarsa, onda Qafqazda, Yaxın Şərqdə və Mərkəzi Asiyada vəziyyət yaxşı olar”.

«İranian Polisi» internet portalının şərhçisi Sadcad Tayerinin isə vəziyyətə fərqli baxışı var: “Qəbələ RLS-nin icarə müddətinin uzadılmayacağı rəsmi Bakının bugünkü siyasətinin Qərbə orientasiyası deməkdir. Sirr deyil ki, Azərbaycan son vaxtlar İsraillə sıx münasibətlər qurur. Bundan əlavə, etiraf etmək gərəkdir ki, Azərbaycanla İran arasında qara pişik keçib. Bəllidir ki, Tehran Qəbələdə vəziyyətin inkişafını diqqətlə izləyir. Lakin mənim qənaətimcə, Qəbələ RLS-nin icarə müddətinin uzadılmayacağı barədə xəbərdən sonra İranın milli təhlükəsizliyinə təhlükə barədə danışmaq - məsələnin həddən artıq şişirdilməsidir. Rusiya və İranın Hərbi Hava Müdafiə Qüvvələri vasitələri Qəbələdə kimin olmasından asılı olmayaraq NATO-nın mümkün hərbi təhlükəsinin qarşısını ala bilərlər”. Beləliklə, İran ekspertləri yaranmış vəziyyəti müxtəlif cür xarakterizə edirlər. Lakin onların Qəbələ ətrafındakı vəziyyətin regional vəziyyətə təsir edəcəyi ilə bağlı fikirləri üst-üstə düşür. Onlar hesab edirlər ki, bu dəyişikliklərin nəyə səbəb olacağını indidən demək tezdir. “Lakin ssenarilər təbii ki, müxtəlif ola bilər və onlar nəinki regional, həm də qüvvələrin qlobal yerləşməsindən asılı olacaq” - deyə iranlı ekspert Sadcad Tayeri vurğulayıb.

Azər NURİYEV