• cümə, 19 Aprel, 03:37
  • Baku Bakı 18°C

İranın Qarabağ məsələsinə yanaşması dəyişir?

18.01.19 19:13 609
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Azərbaycan yerləşdiyi regionda Ermənistan istisna olmaqla, bütün dövlətlərlə mehriban qonşuluq siyasətini həyata keçirir. Ermənistanın isə bu ölkələr sırasına daxil ola bilməməsi Azərbaycan torpaqlarını işğal etməsi səbəbi ilə bağlıdır. Məhz bu səbəbdən ötən illər ərzində Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün Ermənistana qarşı təcridetmə siyasəti həyata keçirib.
Aparılan uğurlu siyasətin nəticəsi olaraq, Türkiyə tamamilə Ermənistanla siyasi, diplomatik, iqtisadi əlaqələrini dayandırıb və sərhədlərini bağlayıb. Rəsmi Ankara dəfələrlə vurğulayıb ki, Qarabağ Azərbaycana məxsusdur və işğal edilmiş ərazilər azad olunmayınca, Ermənistanla əlaqələr bərpa edilməyəcək. Təbii ki, Azərbaycan bu mövqeyi digər qonşu dövlətlərdən də gözləyir. Elə bu məqsədlə də rəsmi Bakı Rusiya, İran və Gürcüstanla əlaqələrini genişləndirir. Son bir il ərzində İran rəsmilərinin Azərbaycana səfərləri də bu baxımdan diqqəti cəlb edir. Bu günlərdə İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri Bakıda səfərdə oldu və Azərbaycan prezidenti İlham Əliyevlə görüşdü. Bu görüş zamanı İran ordusunun baş qərargah rəisi bildirdi ki, İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır.
Maraqlı məqam ondan ibarətdir ki, indiyədək heç bir İran rəsmisi belə qəti mövqe sərgiləməyib. Görəsən, İran Qarabağ məsələsində mövqeyini dəyişirmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafabildirdi ki, İran hər zaman Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirərək Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: "Onlar tərəfindən yanlış bəyanatlar verilmirdi. Sadəcə olaraq, İranın Ermənistanla siyasi-iqtisadi əlaqələrinin genişlənməsinə Azərbaycandan müəyyən iradlar səslənib. Amma hər halda Bakıda səfərdə olan İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin açıqlamasının özü də İranın mövqeyində bir dəyişiklik olmadığını göstərir, yeni bir mövqedən söhbət getmir. Əslində İranın bu mövqedə olması bizim üçün qaneedicidir.
Onu da qeyd edim ki, Ermənistanın yeni hakimiyyəti bəyan etdi ki, əgər Amerikanın İranla problemi yaranarsa və ya BMT-nin qərarı olarsa, rəsmi Yerevan bu ölkə ilə sərhədlərini bağlaya bilər. Lakin Azərbaycan tərəfindən belə bir açıqlama verilmədi. Ermənistanın bu addımı növbəti dəfə öz müttəfiqlik andına xəyanətinin bir nümunəsi idi. İran da yəqin ki, bu məsələni ciddiyə alacaq və düşünəcək ki, belə bir məsələ varsa, deməli problemə daha fərqli şəkildə yanaşılmalıdır. Ona görə də mümkündür ki, bu, İranın Azərbaycanla münasibətlərinə müsbət təsir göstərsin”.
F.Mustafa əlavə etdi ki, İran gələcəkdə Azərbaycanın Ermənistana qarşı tətbiq etdiyi təcridetmə siyasətinə dəstək verə bilər: "Çünki siyasətdə daimi mövqelər yoxdur. Elə məsələlər ola bilər ki, İran belə bir addım atsın. İranda da bunu istəyən kifayət qədər qüvvələr var. Sadəcə olaraq, mövcud qüvvələrin içində hələ də yanlış bir düşüncə qalır ki, İran Azərbaycanla Ermənistan arasında bərabər məsafə qoymalıdır. Amma bir az dərindən strateji düşüncə olsa, məncə, bu məsələdə Azərbaycanla daha çox yaxınlaşmanı hiss edəcəyik. Onda Azərbaycanın da İranla münasibətlərində xeyli müsbət çalarlar ortaya çıxacaq”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, İran-Azərbaycan əlaqələri indiki qədər intensiv olmayıb: "Məsələn, son illər ərzində prezidentlər səviyyəsində 10-dan çox görüş keçirilib. Bu il ərzində Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşü də nəzərdə tutulub.
Onu da qeyd edim ki, İran ordusunun baş qərargah rəisi Məhəmməd Baqerinin Bakıya səfəri zamanı dediyi "İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir” sözləri maraqlı məqamlardan xəbər verir. İran rəsmilər əvvəllər də bir neçə dəfə Azərbaycan torpaqlarının işğal altında olduğunu vurğulamışdılar. Ancaq Məhəmməd Baqeri bu dəfə Qarabağla bağlı açıqlamanı elə dedi ki, sanki Tehran Qarabağ məsələsində Azərbaycana dəstəyi artırmağa hazırdır. Digər tərəfdən, İran ordusunun baş qərargah rəisi Qarabağla bağlı açıqlamanı xüsusi vurğulamaq üçün Bakıda televiziya jurnalistləri üçün qısa brifinq keçirdi. Yəni, sanki Məhəmməd Baqeri istəyirdi ki, onun Qarabağla bağlı açıqlamasını hamı eşitsin”.
Politoloq vurğuladı ki, Məhəmməd Baqeri əslən azərbaycanlıdır və İran hakimiyyətində və dini dairələrində azərbaycanlıların sayı az deyil: "Əlbəttə, bu azərbaycanlıların bir qismi İranın milli və təhlükəsizlik maraqlarından çıxış edirlər. Həmin azərbaycanlılar İranın Ermənistanla əlaqələrinə də xoş baxmaya bilər. Mümkündür ki, Məhəmməd Baqeri bir azərbaycanlı olaraq Dağlıq Qarabağ məsələsində Azərbaycana qətiyyətli dəstəyi Bakıda vurğulamağı lazım bilib.
Digər tərəfdən, Baqerinin açıqlaması Tehranın düşünülmüş siyasəti də ola bilər. Moskva kimi Tehran da Ermənistanın yeni baş naziri Nikol Paşinyanın xarici siyasətindən narazı ola bilər. Ermənistan hakimiyyətindəki "Qarabağ klanı” 20 il həm Moskvanı, həm də Tehranı qane edirdi. Çünki "Qarabağ klanı” Moskva ilə Tehranın oyun qaydalarını qəbul etmişdi. Paşinyan isə "Qarabağ klanı”nın cızdığı oyun qaydalarını qəbul etmir. Ona görə də Tehran Paşinyana ehtiyatla yanaşır. Mümkündür ki, Tehran Azərbaycana dəstəyini bir qədər artırmaqla Paşinyana təzyiq etmiş olsun. Bu halda Məhəmməd Baqerininin açıqlaması Tehranın Paşinyana təzyiq vasitəsinin tərkib hissəsidir”.
E.Şahinoğlu əlavə etdi ki, İran ordusunun baş qərargah rəisinin Azərbaycana səfərinin başqa bir səbəbi də ola bilər: "Ümumiyyətlə, son bir il ərzində İrandan Azərbaycana gələn yüksək rütbəli hərbçilərin sayı artıb. Görünür, Tehran bu yolla əmin olmaq istəyir ki, Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalarında yer almayacaq və rəsmi Bakı da hər dəfə bunu bəyan edir. Ancaq bu açıqlamalar heç də həmişə İran rəsmilərini və hərbçilərini rahatlandırmır. Ona görə də onlar hər dəfə Bakıya gəlir və eyni açıqlamaları Azərbaycan rəsmilərinin dilindən eşitmək istəyirlər. Məhəmməd Baqeri də bunun qarşılığında Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək verdiklərini söylədi. Ancaq Azərbaycan üçün bu azdır. Azərbaycanın Tehrandan gözləntisi budur ki, İran Qarabağ məsələsində Türkiyə kimi mövqe tutsun, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla diplomatik əlaqələri kəssin, sərhədi qapatsın. İran belə bir addım atarsa, bu, Nikol Paşinyanın Qarabağ siyasətini ciddi korrektəyə məcbur edə bilər”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər