İranın Ali rəhbəri etirazçılara müraciət edib

İranın Ali rəhbəri etirazçılara müraciət edib

Təfsilat
18 Noyabr 2019, 11:37 341
"Səlahiyyətli üç qurum rəhbərləri yanacaq istehlakını idarə etmək üçün planlı qərar verdilər, bu qərar yerinə yetirilməlidir". 
APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, bunu İranın Ali rəhbəri Ayətullah Əli Xamneyi deyib. 
Yanacağın qiymətinin artmasına görə keçirilən aksiyalara toxunan Ali lider etirazçıları sakitliyə və ictimai asayişə çağırıb: "Vətənini sevən ağıllı insan heç vaxt ictimai əmlaka zərər vermir". 
Əli Xamneyinin sözlərinə görə, ölkədə təhlükə yaradan bu cür tədbirləri İranın düşmənləri və inqilab əleyhinə olan qüvvələr dəstəkləyir. 
BBC-nin məlumatına görə isə İranın daxili işlər naziri Əbdulrza Rəhmani-Fəzli dövlət televiziyasına müsahibəsində etirazçılara xəbərdarlıq edib. 
O qeyd edib ki, qanunsuz hərəkətlər davam edəcəyi təqdirdə, hüquq-mühafizə orqanlarının asayişi qorumaq və sakitliyi bərpa etmək üçün hərəkətə keçməkdən başqa yolu qalmayacaq. 
Qeyd edək ki, noyabrın 15-də İranda benzinin qiyməti 50 faiz artırılıb. Bu qərar İranda kütləvi aksiyalara səbəb olub. Bir sıra şəhərlərdə isə etirazçılarla polis arasında qarşıdurma yaranıb, ölən və yaralananların olduğu barədə xəbərlər var.