İranı “haqq yolu”na gətirən səbəblər - TƏHLİL
ABŞ
başda olmaqla, Qərb ölkələrinin rəsmi Tehrana artan təzyiqi göz önündədir. Əslində,
İran Türkiyə ilə əlaqələri genişləndirməyə məcburdur, başqa alternativi yoxdur.
İkinci
Qarabağ müharibəsi regionda geosiyasi durumu dəyişməklə yanaşı, bölgədə yeni
siyasi reallıqlar ortaya qoyub. Ənənəvi oyunçular sıxışdırılıb çıxarıldı,
onları isə daha güclü, bölgənin problemlərinin həllində maraqlı olan dövlətlər
əvəzlədi. Bu sırada qardaş Türkiyəni xüsusi qeyd etmək olar. Təəssüf ki, bu
sözləri illər uzunu təcavüzkar Ermənistana "gözün üstündə qaşın var” deməyən,
onunla əməkdaşlıq edən İran haqqında demək mümkün deyil. Rəsmi Tehran hərbi
əməliyyatlar başlayan ilk gündən ikibaşlı bəyanatlarla çıxış etdi, hətta
ikitərəfli münasibətlərə xələl gətirən addımlar atmaqdan da çəkinmədi.
İranı Türkiyəyə yaxınlaşdıran əsas
faktorlar
Bu
fonda İranın Türkiyə ilə də münasibətləri diqqət çəkir. İran, bəlli olduğu
kimi, illər uzunu Türkiyənin regional və beynəlxalq aləmdə artan nüfuzunu
qıcıqla qarşılayıb. Amma Türkiyənin geosiyasi çəkisinin artması, İran
hakimiyyətini də ritorikanı bir kənara qoyub münasibətlər qurmağa sövq edib. Bu,
daha çox İstanbulda keçirilən Türk Dövlətləri Sammitindən sonra özünü büruzə
verməyə başlayıb. Sözsüz ki, İranı türk dünyasına yaxınlaşmağa məcbur edən əsas
faktorlardan biri Amerika amilidir. ABŞ başda olmaqla, Qərb ölkələrinin rəsmi
Tehrana artan təzyiqi göz önündədir. Əslində, İran Türkiyə ilə əlaqələrini
genişləndirməyə məcburdur, başqa alternativi yoxdur. Bunun bir neçə səbəbi var.
Birincisi, İran ABŞ-ın sanksiyasından qurtulmaq istəyir. Vaşinqton İrana qarşı
tətbiq etdiyi sanksiyalar vasitəsilə bu ölkənin iqtisadi imkanlarını
məhdudlaşdırmağa çalışır. Ona görə də, İran qonşu Türkmənistan, Azərbaycan və
Türkiyə ilə iqtisadi əlaqələri genişləndirmək məcburiyyətindədir.
İrana
heç bir dövlət yatırım qoymadığı halda...
Ən
önəmli olan Azərbaycanın mövqeyidir. Məsələn, İrana heç bir dövlət yatırım
qoymadığı halda, Azərbaycan bu ölkəyə 500 milyon dollar investisiya qoyub ki,
Astara-Rəşt dəmir yolu qısa zamanda tikilsin.
Türkiyə
və İran münasibətlərinə gəldikdə, artıq iki ölkə arasında yeni mərhələ hiss olunmaqdadır.
Tərəflər arasında əzələ nümayişindən sonra son vaxtlar gərginliyin azaldıldığı
hiss olunur. Türkiyə və İran XİN rəhbərləri BMT Baş Assambleyası çərçivəsində
görüşdükdən sonra bu günlərdə Tehranda danışıqlar davam etdirilib.
Hərtərəfli
əməkdaşlıq barədə razılaşma hazırlanır
Önəmli
olan odur ki, iki ölkə hərtərəfli əməkdaşlıq barədə razılaşmanın hazırlanması
ilə məşğuldur. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun İran səfərinin
yekunu zamanı buna toxunulub. Prezident İbrahim Rəisi görüş zamanı terrorizm və
mütəşəkkil cinayətlərlə mübarizədə Tehran-Ankara əməkdaşlığının alına
biləcəyini söyləyib. İran və Türkiyənin əlaqələri mövcud səviyyədən
çoxistiqamətli əməkdaşlığa yüksəltməyə hazır olduğunu dilə gətirən Rəisi,
uzunmüddətli müqavilələrin hazırlanması ilə ikitərəfli münasibətləri beynəlxalq
səviyyədə inkişaf etdirə biləcəklərini söyləyərək deyib: "İranla Türkiyə
arasında yaxın əlaqələr bölgədə barış və sabitliyə xidmət edəcək”.
Regional əməkdaşlıq qlobal əməkdaşlığa çevrilməlidir
İran
bəyan edib ki, iki ölkə arasında regional əməkdaşlıq qlobal əməkdaşlığa
çevrilməlidir. İran hər sahədə əməkdaşlıq səviyyəsini yüksəltməyə hazır
olduğunu dilə gətirib. Ən əsası, o da bildirilib ki, İran Türkiyə və
Azərbaycanla qonşuluqdan başqa, dərin inanc və mədəni bağlara malikdir. Yekun isə belə olub ki, Ankara anti-İran
sanksiyaları məsələsində Tehranı dəstəkləyir. İkincisi, Türkiyə və İran İŞİD-ə
qarşı birgə mübarizə aparmaq istəyir.
Üçüncüsü, Türkiyə Əfqanıstanda sabitlik naminə İranla birgə işləməyə hazırdır.
Dördüncüsü, İran və Türkiyə Rusiyanın iştirakı ilə Astana formatı çərçivəsində
Suriyadakı münaqişənin həlli istiqamətində əməkdaşlığı davam etdirir. Ayrı bir
məqam isə Transqafqazdakı münasibətlərdir. Çavuşoğlu Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğanın regionda ticarətin inkişafı üçün təklif etdiyi "3+3”
formatında İranın iştirakında ölkəsinin maraqlı olduğunu açıqlayıb. Beləliklə,
Ankara açıq şəkildə bildirir ki, bu layihələr Tehranın əleyhinə deyil,
xeyrinədir. Əlaqələrin normallaşması və təkmilləşdirilməsi prosesi taktiki
gediş deyil, strateji addımdır. O da vurğulanır ki, Çavuşoğlunun səfəri yalnız
daha yüksək səviyyədə danışıqlara hazırlıq xarakteri daşıyıb. Prezident Rəcəb
Tayyib Ərdoğan tezliklə İslam Respublikasına gələcək və orada iranlı həmkarları
ilə əməkdaşlıq üçün yol xəritəsi imzalayacaq.
Ankara və Tehranın ortaq maraqları
Rusiya
Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Türkiyə sektorunun elmi işçisi
Amil Hacıyev qeyd edir ki, Ankara və Tehranın bir çox ortaq maraqları var.
"Türkiyənin İranla çoxlu təmas nöqtələri - birgə səylərlə həll edilməli
olan məsələlər var. Bura Əfqanıstan, Pakistan, Azərbaycan və Ermənistan,
Suriya, Yaxın Şərq nizamlanması daxildir. "Yol xəritəsi"nə enerji
sahəsində əməkdaşlığın artırılması, kürd separatizmi ilə mübarizədə birgə
səylər və Suriya nizamlanması istiqamətində gələcək addımlar da daxildir”, -
deyə ekspert "Vestnik Kavkaza”ya müsahibəsində bildirib. Eyni zamanda, Hacıyev
geosiyasi ziddiyyətlərə görə tamhüquqlu tərəfdaşlığa şübhə ilə yanaşır.
"Türkiyə və İran genişmiqyaslı qarşılıqlı fəaliyyətə hazırdırmı? Bir çox
ziddiyyətlər var, bu ölkələr regionda tarixi rəqiblərdir. Amma təsir
dairələrini yenidən bölüşdürmək üçün bu iki ölkənin səyləri yetərli deyil -
üçüncü ölkələri cəlb etmək lazımdır. İki ölkə ümumi baxış və maraqların olduğu
məsələlərdə cəhdlər edəcək, lakin mən düşünmürəm ki, bu addımlar İran və Çin,
yaxud İran və Rusiya nümunəsi əsasında tam formatlı qarşılıqlı fəaliyyətə
gətirib çıxaracaq”, - deyə ekspert vurğulayıb. "3+3” layihəsinə gəlincə, o deyib
ki, İran üçün region formatından kənarda qalmaqdansa, yeni iqtisadi
marşrutlarda iştirak etmək daha sərfəlidir.
Sonda
isə vurğulayıb ki, İran-Türkiyə danışıqlarının nəticəsindən asılı olmayaraq,
demək olar ki, Ankara xarici siyasətdə ciddi dönüş edir. Ən əsası isə son
illərdə çox çətin münasibətlərdə olduğu qonşuları ilə yeni əlaqələr qurur. Və
burada təkcə İranı deyil, Misir və BƏƏ-ni qeyd etmək yerinə düşər.
Azər NURİYEV