İranda müəyyən edilən quş qripi Azərbaycan üçün təhlükə olmasa da...
Bu
günlərdə İrandan Azərbaycana quş əti gətirilməsinə müvəqqəti məhdudiyyət
qoyulub.
Bu barədəmətbuata Qida Təhlükəsizliyi Agentliyindən məlumat
verilib. Bildirilib ki, İranın Tehran vilayətində ev quşları arasında yüksək
patogenli quş qripi xəstəliyinin yayılması müəyyən edilib: "Azərbaycan
ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən
qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İran İslam Respublikasının
Tehran vilayətində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması
müəyyənləşdirilib. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Qida
Təhlükəsizliyi Agentliyi tərəfindən İran İslam Respublikasının Tehran
vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin
gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub”, -
xəbərdarlıqda deyilir.
Bəs
görəsən qonşu ölkədə quş qripi xəstəliyinin yayılmasının Azərbaycana hər hansı
bir təsiri ola bilərmi? Bunun üçün hansı qabaqlayıcı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Dövlət Baytarlıq Nəzarəti
Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Xanvəli ilə əlaqə
saxladıq. O bildirdi ki, quşların payız miqrasiyası ilə əlaqədar Dövlət
Baytarlıq Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, o cümlədən digər aidiyyəti qurumlar
monitorinq keçirir: "Bu il noyabrın 12-də monitorinq keçirildi və qoruqlarda
və milli parklarda müvafiq tədbirlər
aparıldı. Köçəri quşlardan 42, ev quşları və quşçuluq təsərrüfatından 461 qan
nümunəsi götürülərək Qida Təhlükəsizliyi Agentliyinin istinad laboratoriyasına
təqdim olunub. Qeyd edim ki, hazırda mütəmadi olaraq ayrı-ayrı quşçuluq
təsərrüfatları ilə əlaqə saxlanılır. Hələlik ölkəmizdə quş qripi xəstəliyinin
bu və ya digər tipinə görə epizootik vəziyyət sabit olaraq qiymətləndirilir. Bu
günə kimi bu barədə heç bir narahatlıq qeydə alınmayıb”.
Respublika Quşçular
Cəmiyyətinin sədri Aydın Vəliyev "Kaspi”yə açıqlamasında bildirdi ki, Azərbaycan
İrandan böyük həcmdə quş əti idxal etmir: "Hesab edirəm ki, İrandan bizə quş qripi
xəstəliyinin yayılma ehtimalı yoxdur. Çünki biz İrandan böyük həcmdə quş əti
idxal etmirik. Ümumilikdə İrandan hər il nə qədər quş əti idxal etdiyimizə dair
rəsmi rəqəmlər yoxdur. Amma bu idxalın həcminin o qədər də böyük olmadığını
söyləmək olar. Bu mənada deyə bilərəm ki, narahatlığa əsas yoxdur. Ümumiyyətlə,
quş qripi elə bir xəstəlikdir ki, onun yayılması haqda tez-tez mətbuatda
məlumatlar eşidir, oxuyuruq. Amma təəssüf ki, bu məlumatların əksəriyyəti
həqiqəti əks etdirmir. Azərbaycanda
hələlik quş qripi virusunun yayılma ehtimalı yoxdur”.
"Azad İstehlakçılar”
Birliyinin sədri Eyyub Hüseynov söylədi ki, atılan addımı doğru qərar kimi
qiymətləndirir: "Azərbaycanda azad və liberal bazar iqtisadiyyatı hökm sürür. Ölkəmizin
yerli broyler fabrikləri öz daxili tələbatımızı ödəməyə qadirdir. Bu sahədə son
illər ərzində effektiv islahatlar aparılıb. Lakin azad bazar iqtisadiyyatında istehlakçıların
seçim hüququn artması, bazarda rəqabətin yüksəlməsi naminə, başqa ölkələrdən
Azərbaycana quş əti idxal edilir. Bu mənada quş əti idxalına heç bir qadağa
qoyulmur. Amma bəzən bu şəraitdən sui-istifadə olunur. Bəzən xarici
ölkələrdən tələb olunan standartlara
cavab verməyən, aşağı keyfiyyətli quş əti məhsulları gətirilir. Məsələn, ötən
il Ukraynadan ölkəmizə gətirilən quş ətinin
tərkibində zərərli maddələr aşkar edilmişdi. Bəzi hallarda istehlakçılar
aldadılır. Ona görə də, atılan addımı doğru qərar kimi qiymətləndirirəm. Əgər
quş qripi təhlükəsi varsa, vaxtında lazımi tədbirlər görülməlidir. Çünki bu
virusun yayılma ehtimalı hər zaman yüksək olaraq qalır. Amma indiki halda,
vəziyyətdən istifadə edərək quş əti məhsullarının qiyməti süni şəkildə
qaldırılmamalıdır”.
Tibb üzrə ekspert, professor Adil Qeybulla bildirdi
ki, quş qripi xəstəliyinin yayılma
ehtimalı çox güclüdür: "Əslində quş
qripi tələfatla müşahidə olunan bir patologiyadır. Virusun əsas daşıyıcıları
köçəri quşlar hesab olunur. Bu mənada xəstəlik sərhəd tanımır. "Quş qripi” adlanan xəstəlik, yəni
H5N1 virusu Azərbaycanda vaxtilə yayılmışdı. Həmin dövrdə mütəxəssislər bu virusu lokallaşdıra bildilər. Ona görə də
ehtiyatı əldən vermək olmaz. Profilaktik tədbirlər gücləndirilməlidir. Quş
qripi quşçuluq məhsulları vasitəsilə insan orqanizminə keçə bilir. Belə bir
təhlükə varsa, məhdudiyyətin qoyulması çox müsbət haldır. Xüsusilə trans-sərhəd
zonalarında diqqətli olmaq lazımdır. Bir müddət çöl quşlarının ovlanması
məsələsinə diqqət etmək lazımdır. Qrip artıq qonşu ölkədə yayılıbsa, deməli,
bizim ərazimizə də keçə bilər. Quş qripi insan orqanizminə qan vasitəsilə
keçir. Bu virus qripin digər növlərindən fərqli olaraq hava-damcı yolu ilə
deyil, yalnız qan vasitəsilə insana yoluxur. Virusa yoluxan xəstənin hərarəti
artır və getdikcə qaraciyər, böyrək və digər daxili orqanları sıradan çıxaraq,
fəaliyyətini dayandırır. Bir çox hallarda ölümlə nəticələnən bir xəstəlikdir”.
Şəbnəm
Mehdizadə