AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İranda Çinlə sazişdən narahat olanların sayı artır

İranda Çinlə sazişdən narahat olanların sayı artır

Təfsilat
22 Aprel 2021, 22:00 514
Çinlə İran arasında strateji tərəfdaşlıq əlaqələri güclənir. Bu sırada hərbi əməkdaşlığın da xüsusi yeri var. Misal üçün Çin mətbuatı yazır ki, İran Çindən 36 döyüş təyyarəsi almaq istəyir. Ancaq bunun üçün İranın kifayət qədər maliyyəsi yoxdur.

Çin mətbuatında BMT-nin Tehrana qarşı 13 illik silah embarqosunun 2020-ci ilin oktyabrında bitməsindən sonra İranın J-10 təyyarələrinə marağı barədə xəbərlər yayılıb. BMT-nin tətbiq etdiyi embarqo İrana tanklar və döyüş təyyarələri kimi xarici silahlar almağı qadağan edirdi.

Pekində elm və texnologiya institutu kimi fəaliyyət göstərən "Yuan Wang” düşüncə mərkəzinin tədqiqatçısı Zhou Chenmingin fikrincə, son illərdə İranın rəsmi valyutası olan rialın dəyərdən düşməsi bu ölkənin hesablaşmalarında çətinliklər yaradıb: "Əsas problem İranın Çinə dollar və ya avronu nağd şəkildə ödəyə bilməməsidir, silah mübadiləsi üçün neft və təbii qazdan istifadə etməyi üstün tuturlar”. İran Çinlə alış-verişdə barterə üstünlük verir, yəni neft əvəzinə hərbi texnika almaq istəyir. Pekin isə bu məsələdə tərəddüd edir. Çinə barter laızm deyil. Çinin enerji resurslarını almaq üçün kifayət qədər maliyyəsi var.

Çinli hərbi analitiklər deyirlər ki, indi neftlə silah mübadiləsi etməyin vaxtı deyil. Çin hərbi texnikanın satışından gəlir əldə etmək istəyir. Şanxaylı hərbi ekspert Ni Lexionqun sözlərinə görə, Çin ilə ABŞ arasında 2018-ci ildən başlayan ticarət müharibəsindən və davam edən COVID-19 pandemiyasından sonra Çin iqtisadi gücünü daha da artırmağa çalışır: "İqtisadi böhranla qarşılaşdıqda daha çox nağd pul və xarici valyuta saxlamaq həmişə prioritetdir. Mövcud iqtisadi geriləmələr fonunda Çinin bu qədər xam neftə ehtiyacı yoxdur, neft və qazın qiymətləri günbəgün azalır”.

Bu arada, Çinlə İran arasında imzananan 25 illik strateji əməkdaşlıq müqaviləsi də diqqət mərkəzindədir. İranda bu sazişə qarşı etrazlar getdikcə artır. İranın müxtəlif peşə sahiblər petisayalara imza ataraq Çinlə imzalanan sazişin əleyhinə çıxırlar. Onlar düşünürlər ki, bu saziş İranı Çindən asılı vəziyyətə gətirəcək.

Məsələnin qaranlıq tərəfi həm də odur ki, sazişin mətni açıqlanmayıb, yalnız ümumi istiqamətlər göstərilib. Bəllidir ki, Çin siyasi və iqtisadi dividentlərini hesablanmayan heç bir sazişə imza atmaz. Demək, Pekin bütün bu dividentləri hesablayıb ki, İranla 25 illik strateji əməkdaşlıq sazişi imzalayıb. İrandakı etirazçıları narahat edən də məhz budur.

Elxan Şahinoğlu
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri