• cümə, 19 Aprel, 06:54
  • Baku Bakı 13°C

İrana qarşı sanksiyaların region dövlətlərinə mümkün təsiri

13.11.18 19:37 550
İrana qarşı sanksiyaların region dövlətlərinə mümkün təsiri
İrandan neft ixracına tamamilə son qoyulmasını hədəfləyən Birləşmiş Ştatların sanksiyaları, sözsüz ki, bu ölkə ilə yanaşı, digər ölkələrə də təsirsiz ötüşməyəcək. ABŞ-ın "Eurasianet” nəşrinin hazırladığı materialda da bu məsələ əsas xətt kimi keçir və iddia olunur ki, irimiqyaslı sanksiyaların bərpası İranın Qafqaz regionu üzrə qonşuları - Azərbaycan, Ermənistan və Gürcüstanı iqtisadi qeyri-müəyyənlik təhlükəsi ilə üzbəüz qoya bilər. Müəllif hesab edir ki, ən mürəkkəb vəziyyətdə Azərbaycan ola bilər. Səbəb kimi də Azərbaycanın İranla birgə qaz və neft yataqlarının işlənməsi barədə planları irəli sürülüb. Devid Obern adlı müəllif yazır ki, ABŞ-ın hədəfi bəllidir - İrandan neftin ixracına tamamilə son qoyulması. Əlavə edir ki, bu qərar Cənubi Qafqaz ölkələrindən heç birinə təsir etməyəcək, çünki, onlar İran neftinin əsas idxalçıları deyillər. Lakin bunun əvəzində hər üç ölkə bu və digər səviyyədə İran təbii qazından asılı vəziyyətdədirlər. "Bu da onu deməyə əsas verir ki, İranda baş verənlər sanksiyaların miqyası bəlli olana kimi, minimal da olsa, onlara toxunacaq”, - yazan müəllif əlavə edir ki, ABŞ prezidentinin mili təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bu yaxınlarda hər üç Qafqaz respublikasına səfəri zamanı onlardan İran məsələsində dəstək almaq istəyib. Lakin onun qənaətincə, İranın təcrid olunması məqsədinin daşıyan səfərin yekunu birmənalı olmadı. "Vaşinqtonun noyabrın 5-də tətbiq etdiyi yeni sanksiyalar paketindən səkkiz ölkə, o cümlədən Türkiyə çıxarılıb. Qafqaz ölkələrinin heç biri isə ora daxil edilməyib”- deyə müəllif yazır. İrandan xam neftlə yanaşı, qaz idxal edən Azərbaycan ən mürəkkəb durumda ola bilər. İki ölkə arasında geniş quru və dəniz sərhədi, eləcə də, Xəzər dənizində işlənməmiş qaz və neft yataqlarının mövcud olduğunu xatırladan müəllif yazır ki, yataqların işlənməsi barədə sənədlər bu ilin martında imzalanıb. "İndi belə yataqların işlənməsi az ehtimal edilir, lakin digər birgə layihələr o dərəcədə inkişaf edib ki, hətta Vaşinqton belə onları dayandıra bilməz. Məsələn, Azərbaycanın əsas qaz yatağı –"Şahdəniz” yatağını Böyük Britaniyanın BP şirkətinin rəhbərlik etdiyi konsorsium idarə edir. Lakin İranın NİOK şirkəti də burada 10 faizlik paya malikdir. Hazırda "Şahdəniz” Avropa İttifaqının dəstəyi ilə ərsəyə gələn Cənub Qaz Dəhlizinin əsas qaz mənbəyidir. Bu dəhliz isə Avropanın Rusiya qazından asılılığını nəzərdə tutan əsas marşrutdur. Hələ avqust ayında Vaşinqton "Şahdəniz” və Cənub Qaz Dəhlizi ilə bağlı mövqeyini ortaya qoyub - Maliyyə Nazirliyi Azərbaycandan Türkiyəyə ixrac olunan qazın müddətsiz formada sanksiyalardan azad olunması barədə qərar qəbul edib. Bunun sayəsində sanksiyalar nə BP, nə də SOCAR, eləcə də yerdə qalan digər payçı iştirakçılara şamil olunmayıb. Bundan əlavə, Azərbaycan İrana qarşı tətbiq olunan sanksiyalar üzündən neftin qiymətinin artmasından, eləcə də, İranın hasilatı azaltması səbəbindən mənfəət əldə edə bilər. Eyni zamanda təbii qazın qiymətinin artması da onun gəlirlərini artıra bilər”, - deyə məqalədə vurğulanır.
"Azərbaycan İrana qarşı sanksiyaların tətbiqi üzündən bir sıra mənfəətlər əldə edə bilər. Fars körfəzində gərginlik də qiymət artımına gətirib çıxara bilər”, - deyə Eurasianet.org saytına müsahibəsində Xəzər regionunda enerji məsələləri üzrə mütəxəssis, Atlantik Şurasının elmi əməkdaşı Con Roberts bildirib. Lakin o xəbərdarlıq edib ki, belə potensial mənfəətlər gözlənilməz nəticələrə də gətirib çıxara bilər. Söhbət Bakının nəzarət edə bilmədiyi faktorlardan gedir. Roberts əlavə edib ki, Azərbaycanın vəziyyəti həm də onunla mürəkkəbdir ki, bu ölkə İran təbii qazının idxalatçılarından biridir. Belə ki, Azərbaycan Naxçıvan istiqamətində daxili tələbatını ödəmək üçün İrandan təbii qaz alır. Bundan əlavə, son illər Azərbaycana İrandan tranzitlə Türkmənistan qazı daxil olurdu. Bu da onun daxili tələbatını ödəmək və Gürcüstan qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək üçün nəzərdə tutulub. Bu il Azərbaycandan Gürcüstana 2,7 milyard kub metr qaz ixrac olunacaq. SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov "Eurasianet.org”-a bildirib ki, hazırda şirkət İran vasitəsilə Türkmənistandan qazın ixracını dayandırıb. Səbəb də odur ki, özünün daxili istehsalını artırıb. "İdxal olunan qazın böyük bir hissəsi yaz dövründə qaz anbarlarının doldurulması üçün istifadə olunub. Sonra isə qışda tələbat artdıqda, bu qaz satılacaq”, - deyə mətbuat xidmətinin rəhbəri nəşrə açıqlamasında vurğulayıb. Əlavə edib ki, hazırda qaz anbarlarında 3 milyard kub metr qaz saxlanılır. İlin sonuna kimi Rusiyadan da əlavə qaz daxil olması nəzərdə tutulur. Bu səbəbdən də SOCAR hər hansı bir kəsir proqnoz etmir. "Gürcüstana qaz nəqlində də problem olmayacaq”, - deyə rəsmi vurğulayıb.
Müəllif yazır ki, İran və Ermənistan arasında qalan və Türkiyə ilə kiçik sərhəd xətti ilə ayrılan Naxçıvanı, onun yerləşdiyi coğrafi vəziyyət mürəkkəbləşdirir. 2010-cu ildə qazın, Naxçıvana Türkiyədən nəqlini nəzərdə tutacaq boru xəttinin inşası barədə sənədə imza atılıb. Lakin bu boru xətti hələ də inşa edilməyib və bu səbəbdən də Naxçıvan İrandan daxil olan qazdan asılıdır. Belə razılaşmalar isə rəsmi Bakının Amerika sanksiyalarını pozması demək deyil. İ.Əhmədov təsdiq edib ki, SOCAR yaxın vaxtlar üçün İranla hər hansı bir tranzaksiya – pul ödənilməsini gözləmir. Əgər Azərbaycandan Gürcüstana qaz ixracı həqiqətən də zərər çəkməsə, onda Qara dənizə çıxış imkanları olan Tbilisiyə İrandan neft məhsullarını idxal etməyə lüzum olmayacaq. Amerika sanksiyaları bu səbəbdən də Azərbaycana az təsir edəcək.
Materialda xüsusi qeyd edilir ki, analoji halı Ermənistanla bağlı proqnoz etmək olmur. Dənizə çıxış imkanları olmayan və işğalçılıq siyasəti üzündən izolə edilmiş vəziyyətdə olan bu ölkənin seçim imkanları məhduddur. Ermənistanda təbii resurslar xeyli azdır. Bu ölkənin enerjiyə olan tələbatının 40 faizi Metsamor Atom Elektrik Stansiyasının üzərinə düşür. Bu stansiya isə artıq köhnəlib və bu səbəbdən də ölkənin enerji daşıyıcılarına olan tələbatında yük, təbii qazın idxalının üzərinə düşməyə başlayır. İdxal olunan qazın böyük bir hissəsi (Gürcüstan vasitəsilə) Rusiyanın payına düşür. Lakin bununla yanaşı, tək ötən il Ermənistan İrandan 400 milyon kub metr qaz alıb. Əvəzində isə İrana enerji daşıyıcıları verib. Ötən ilin sonunda İran qazının Ermənistana ixracının 25 faiz artırılması, buna simmetrik olaraq elektrik enerjisinin ixracı barədə razılaşma imzalanıb. Lakin bu razılaşmanın gələcəyi, eləcə də, İran qazının Ermənistana çatdırılması məsələsi - bütövlükdə bəlli deyil. Bu günlərdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan "Tvitter”də yazıb ki, qurum, hadisələrin inkişaf ssenarisinin diqqətlə izləyir. Onun sözlərinə görə, yeni sanksiyaların Ermənistana mümkün təsirləri məsələsi ciddi tədqiq edilir. Lakin maraqlıdır ki, məqalə çıxan zaman XİN rəsmisi suallara cavab vermək istəməyib. Ermənistanın vəziyyəti həm də onunla ağırlaşır ki, bu ölkənin qaz xəttinin böyük bir hissəsi Rusiyanın "Qazprom” şirkətinə məxsusdur. İki ölkə arasında qazın qiyməti (qiyməti də Qazprom müəyyən edir) ilə bağlı uzun müddətdir ki, danışıqlar gedir.
Beləliklə, əgər Yerevan İran idxalından imtina edərsə, onda Rusiyadan asılılığı daha da artmış olacaq, eləcə də, danışıqlarda mövqeyi daha da zəifləyəcək.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər