• şənbə, 20 Aprel, 14:31
  • Baku Bakı 23°C

İran ötən ili çox ağır şərtlərlə başa vurub

20.03.20 20:15 873
İran ötən ili çox ağır şərtlərlə başa vurub
Bu günə olan məlumata görə, İranda koronovirusdan ölənlərin sayı 1 433 olduğu halda, yoluxanların sayı 20 mini ötüb.
AZƏRTACxəbər verir ki, bu barədə İranın Səhiyyə nazirinin müşaviri Əlirza Vahabzadə məlumat verib.
Ölkəsinə Türkmənistan, Çin və Türkiyədən tibbi ləvazimatlardan ibarət yardımın göstərildiyini deyən nazir müşaviri, Yaponiyanın İrana 23 milyon dollar həcmində dövlət krediti vermək niyyətində olduğunu bəyan edib.
Bu arada, İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi Novruz bayramı (Yeni il) münasibətilə xalqa müraciət edib. Müraciətdə bildirilib ki, ötən ili İran çox ağır şərtlərlə başa vurub. Onun sözlərinə görə, ilin əvvəlində sel fəlakəti, sonra zəlzələ İran xalqının həyatına böyük zərər gətirib. Koronavirusun yayılması isə xalqı daha ağır və məşəqqətli günlərə sövq edib. Lakin İran xalqı tarixboyu bütün çətinliklərin öhdəsindən gəldiyi kimi bu ağır günlərin də öhdəsindən gələcək.
Ali Rəhbər ABŞ-ın sanksiyaları ucbatından ölkə iqtisadiyyatında ağır problemlərin meydana çıxdığını vurğulayıb və qarşıdakı ili "İstehsalda artım” ili elan edib.
Prezident Həsən Ruhani də bayram münasibətilə xalqa müraciət edib. Qeyd olunub ki, bütün çətinliklərə baxmayaraq, İran öz yolunu davam etdirir və heç kimin qarşısında başını aşağı əymir. Onun sözlərinə görə, sanksiyalara baxmayaraq, iqtisadi sahədə bir çox böyük layihələr həyata keçirilib ki, bunların da faydasını xalq yaxın gələcəkdə görəcək. H.Ruhani Novruz bayramını qeyd edən Azərbaycan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğızıstan respublikalarını da təbrik edib.
Xatırladaq ki, martın 20-də İran hicri-şəmsi tarixlə 1399-cu ilə qədəm qoyub.
Bütün bunlarla yanaşı, İranda koronovirusla mübarizə də davam etdirilir. Prezidentin sərəncamı ilə ölkədə Novruz şənlikləri qadağan edilib. Bütün bazarlar, ticarət mərkəzləri, böyük marketlər, kafe və restoranlar bağlanıb. Şəhərlərdə küçələrin və parkların, nəqliyyat vasitələrinin dezinfeksiyası davam edir.
banner

Oxşar Xəbərlər