• cümə, 29 Mart, 15:35
  • Baku Bakı 14°C

İran seçkilər ərəfəsində

11.06.13 08:46 1639
İran seçkilər ərəfəsində
İyunun 14-də İranda prezident seçkiləridir. Artıq indidən ekspertlər xəbərdar edirlər ki, yeni prezidentin hakimiyyətə gəlişi yalnız ölkədaxili siyasi qüvvələrin qruplaşmasına və ali dini lider Əli Xameneyinin mühafizəkar mövqeyinin daha da güclənməsinə səbəb olacaq. Son bir neçə ayda İran prezidenti Mahmud Əhmədinejadın tərəfdarlarının və dostlarının öz əmlaklarını sataraq ölkəni tərk etməyə hazırlaşdıqları barədə xəbərlər dolaşır.
Yaxın Şərq üzrə ixtisaslaşmış informasiya nəşrləri yazır ki, hələ ki qaçmağa hazırlaşmayan Əhmədinejadın tərəfdarları prezidentdən xaricə təyinat almağı da xahiş ediblər. Bu isə prezidentin sərt reaksiyasına səbəb olub. Praktiki olaraq İranda heç kimdə şübhə yeri yoxdur ki, hazırkı prezidentin ulduzu sönüb və o, prezidentliyinin ikinci müddətinin sonuna kimi yalnız ali dini liderin dözümlülüyünə görə qalır. İran qanunvericiliyi bir şəxs üçün iki dəfə prezidentliyi nəzərdə tutur və məhz Əhmədinejad da bu faktora görə seçki kampaniyasında diqqət mərkəzində olub. Belə ki, siyasi səhnədən getmək istəməyən Əhmədinejad öz administrasiyasının keçmiş rəhbəri İsfəndiyar Rəhim Maşayininin namizəd olması üçün əlindən gələni etdi. Ali dini lider isə bu postda sözəbaxan mühafizəkar baxışlı şəxsin olmasını istəyir. Sonda da İran Konstitusiya İnqilabı Keşikçiləri Şurası Maşayini seçkilərə buraxmadı. İranda bir çoxları əmin idi ki, oğlunu Maşayinin qızı ilə evləndirən Əhmədinejad Rusiyadakı kimi “varis” planını həyata keçirməyə çalışacaq. Bununla da o, dörd ildən sonra yenidən prezidentliyə qayıtmağı planlaşdırırdı. Maşayinin seçkilərdən uzaqlaşdırılması faktı prezidentlə ali dini lider arasında gərginlik fonunda yalnız bir epizoddur.
Ümumiyyətlə, prezidentlərlə ali dini lider arasında gərginlik çox olub. Belə hal Əhmədinejaddan əvvəl Əli Əkbər Haşimi və Məhəmməd Xatəminin prezidentliyi dövründə də yaşanıb. Lakin heç kim Xameneyi tərəfindən 2008-ci ildə tam dəstək alan Tehranın keçmiş meri Əhmədinejaddan sonradan inadkarlıq gözləmirdi.
O ki qaldı seçki kampaniyasındakı mövcud duruma, İranda prezidentliyə namizədlərdən birinin seçkiqabağı yarışdan çıxarıla biləcəyi barədə xəbərlər yayılıb. Anonim mənbə bildirib ki, Həsən Ruhani digər namizədlərlə teledebatlar zamanı İranın nüvə proqramı barədə məxfi məlumatı açıqladığına görə diskvalifikasiya edilə bilər. Mənbənin məlumatına görə, Qəyyumluq Şurası bu gün mövcud məsələni araşdıracaq və Ruhaninin seçki yarışında iştirakını davam etdirib-etdirməyəcəyi barədə qərar qəbul edəcək. “Fars” agentliyi öz anonim mənbəsinə istinadən məlumat yayıb ki, Həsən Ruhaninin diskvalifikasiya edilə biləcəyinin digər səbəbləri də var. Bunlar arasında İran müxalifətinin liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin dəstəklənməsi də var.
Prezidentliyə namizəd Qulam Əli Həddad Adil bildirib ki, İranın növbəti prezidenti ölkənin ali liderinə qarşı çıxmamalıdır: “Liderə qarşı çıxma Konstitusiyanın pozulması deməkdir. Qanuna əsasən, ali lider ölkənin siyasətini bəyan edir və hökumət onu həyata keçirməlidir”. Həddad Adil qeyd edib ki, prezident seçkilərində digər namizədlərin xeyrinə iştirakdan imtina etməyəcək.
Öz növbəsində Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi jurnalistlərə açıqlamasında atasının prezidentliyə namizədliyinin qeydə alınmamasından danışıb. Haşimi Rəfsəncani 1989-1997-ci illərdə İranın prezidenti olub. Hazırda İranın Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumunun rəisidir. Faizə Haşimi deyib ki, atasının prezidentliyə namizədliyi əvvəlcə təsdiqlənibmiş, amma son anda naməlum şəxslər əvvəlcədən düzüb qoşulmuş bir proqramla şuraya daxil olaraq nəticəyə müdaxilə ediblər: “Konstitusiyaya Nəzarət Şurasında ilkin səsvermə zamanı şura üzvlərinin əksəriyyəti atamın prezidentliyə namizədliyinin təsdiq olunmasına səs verib. Bununla da atamın namizədliyi qəbul edilib. Lakin sonradan müəyyən şəxslər birdən-birə şuranın iclasına daxil olaraq deyiblər ki, Rəfsəncani prezident seçkisinin ilk turundaca qalib gələ bilər, bu halda isə onların bütün bu illərdə göstərdiyi səylər puça çıxa bilər. Onlar deyiblər ki, atamı bu mərhələdə - namizədliyin qeydə alınması mərhələsində meydandan çıxarmaq daha asandır, nəinki seçki keçiriləndən sonra. Beləliklə də atamın prezidentliyə namizədliyi məsələsi yenidən səsə qoyulub. Şura üzvlərinin bəziləri buna etiraz olaraq iclası tərk ediblər. Buna baxmayaraq, son anda iclasa qatılan həmin naməlum şəxslərin istəyi yerinə yetib və atamın prezidentliyə namizədliyi rədd edilib. Hesab edirəm ki, bu hərəkəti edənlər indi olmasa da, gələcəkdə cavab verməli olacaqlar”.
Yeri gəlmişkən, İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Havadan Müdafiə Qərargahının komandanı general Fərzad İsmaili hərbçiləri seçkilərə müdaxilə etməməyə çağırıb və deyib ki, hərbçilər siyasi qruplara qoşulmasınlar. “Hərbçilər diqqətli olmalıdırlar ki, Silahlı Qüvvələrin cinayət məsuliyyəti haqqında qanunun 40-cı maddəsini pozmasınlar. Həmin maddə hərbçilərə seçki qabağı siyasi çəkişmələrə və qruplara qoşulmağı qadağan edir. Əgər bu cür çəkişmələrə hərbçilər də qoşularsa, ölkənin təhlükəsizliyi pozular" - deyə İsmaili deyib. İsmaili həmçinin hərbçilərə öz ailələrində və digər ictimai yerlərdə əhalini kiməsə səs verməyə həvəsləndirməyi də qadağan edib.
Son məlumatlara görə, İranın dini lideri ayətullah Əli Xameneyinin qudası, “2+1” seçki koalisiyasının üzvü Qulaməli Həddad Adil bəyanat yayaraq prezidentliyə namizədliyini geri götürdüyünü bildirib. Qulaməli Həddad Adil yaydığı bəyanatda namizədliyini hər hansı digər namizədin xeyrinə geri götürdüyünə toxunmayıb: “Mən mühafizəkarların bu seçkidə qalib gəlməsinə yardım etmək məqsədilə namizədliyimi geri götürürəm. Seçicilərdən istəyirəm ki, dini liderin nəzərdə tutduğu meyarlara riayət edərək islam inqilabının ideyalarına və onun dəyərlərinə önəm verən namizədlərə səs versinlər”. “2+1” seçki koalisiyasını altı ay əvvəl İranın dini lideri Əli Xamneyinin beynəlxalq məsələlər üzrə baş məsləhətçisi Əli Əkbər Vilayəti, Xameneyinin qudası Qulaməli Həddad Adil və Tehranın hazırkı meri Məhəmmədbağır Qalibaf yaradıblar.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər