İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıdaduran vəzifələrə həsr
olunan iclasında dövlət
başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki
qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilmişdir.
İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin
Mustafayev vurğulamışdır ki, Nazirlər Kabinetinin 2017-ci ilin birinci
yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti 2017-ci ilin iqtisadi
inkişaf ili olduğunu, dünyada təhlükəli meyillərin gücləndiyi bir dövrdə Azərbaycanın
uğurla inkişaf etdiyini, sabitliyin möhkəmləndiyini qeyd etmişdir. 2017-ci ilin
birinci yarısında qeyri-neft sənayesində məhsul istehsalı 4,4%, kənd təsərrüfatı
2,2%, ümumilikdə ixrac 36%, o cümlədən qeyri-neft ixracı 27% artmış, müsbət
saldo 1,9 mlrd. ABŞ dolları təşkil etmişdir. Bu dövrdə ölkə iqtisadiyyatına 5
mlrd. ABŞ dolları həcmində investisiya yatırılmış, valyuta ehtiyatlarımız
artaraq 40,6 milyard ABŞ dolları təşkil etmişdir.
Kollegiyanın sədri Nazirlər Kabinetinin
iclasında Azərbaycan Respublikasının Prezidentinin sosial-iqtisadi sahədə
görülmüş işləri müsbət qiymətləndirdiyini, qarşıdakı dövr üçün mühüm vəzifələr
müəyyənləşdirdiyini diqqətə çatdırmışdır. Belə ki, dövlət başçısı maliyyə və iqtisadi sabitliyin davamlılığının təmin
edilməsi, rayonlarda sənaye zonalarının yaradılması, Dövlət İnvestisiya Proqramının tam icra olunması, daha
çox sərmayələrin cəlb edilməsi, rayonlara c’lb edilən özəl sərmayələr barədə
məlumatların dövlət başçısına təqdim edilməsi, süni qiymət artımına yol
verilməməsi, taxılçılıqda məhsuldarlığın artırılması,aşağı məhsuldarlığı olan rayonlar üzrə
təhlillərin aparılması, pambıq, kartof, şəkər çuğunduru, soya, çəltik, çay,
fındıq istehsalının artırılması, baramaçılığın, tütünçülüyün, zeytunçuluğun,
heyvandarlığın inkişafı, süd və ət məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi,
ixracın coğrafiyasının genişləndirilməsi, Azərbaycan məhsullarının Avropa
İttifaqı ölkələrinin bazarlarına çıxarılması, ixracı azalan məhsullar üzrə
araşdırmaların aparılması və s. tapşırıqlar vermişdir.
Kollegiya iclasında dövlət başçısının tapşırıqlarının
icrası istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən görülən işlər, həyata
keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məruzələr dinlənilmişdir.
Məlumat
verilmişdir ki, bu ilin birinci
yarımilliyində tikinti materialları, kağız və karton, tekstil,
rezin və plastmas məmulatlarının, qida məhsullarının istehsalı və s. sahələrdə müasir texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli
və ixracyönümlü onlarla sənaye müəssisəsi fəaliyyətə başlamışdır.
Dövlət
başçısının uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin
inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin
etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə sənaye
parkları və sənaye zonalarının yaradılması davam etdirilir.Artıq ölkəmizdə Sumqayıt Kimya Sənaye,
Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları yaradılmışdır. Sumqayıt
Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,2 milyard dollar təşkil
edən 10 müəssisəyə rezident statusu verilmişdir. 2013-cü ildə fəaliyyətə
başlamış və 760 nəfərdən çox işçinın çalışdığı "Azertexnolayn” zavodunda təkcə
bu ilin 6 ayı ərzində 65 mln. manatlıq məhsul istehsal olunmuşdur.
Sənaye Parkında bu il daha 5 müəssisə, 2018-ci ildə
isə 3 müəssisə fəaliyyətə başlayacaqdır. Bu müəssisələrdə 900-ə yaxın yeni iş
yerinin açılması nəzərdə tutulur.
"Yaşıl iqtisadiyyat”ın, təkrar
emal sənayesinin inkişafında əhəmiyyətli rola malik olan Balaxanı Sənaye Parkında 23 milyon manat investisiya
yatırmaqla tullantıların təkrar emalı üzrə 5 müəssisə fəaliyyətə başlamağa
hazırdır və bu müəssisələrdə 400-ə yaxın yeni iş yeri yaradılmışdır.
Gəmiqayırma sahəsində
ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərir
və zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi
və digər təyinatlı gəmilərin istehsalı həyata keçirilir. Artıq Bakı Gəmiqayırma
Zavodunda 10-larla gəmi tikilərək istifadəyə verilmiş, 60-dan çox gəmi təmiri
işləri həyata keçirilmişdir. Hazırda müəssisə tərəfindən BP şirkətinin sifarişi
ilə dəyəri 378 milyon ABŞ dolları olan "Xankəndi" sualtı tikinti gəmisinin
və 2 ədəd "Ro-pax” tipli gəmi bərənin inşası işləri davam etdirilir.
Mingəçevir Sənaye Parkında yüngül
sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma,
tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması və 5 mindən çox yeni iş
yerinin açılması nəzərdə tutulur. Artıq Sənaye Parkının rezidenti "Mingəçevir
Tekstil” MMC 2 növdə ipliklərin istehsalı fabrikinin tikintisinə başlamışdır. Dəyəri
46 milyon ABŞ dolları olan layihə çərçivəsində 550 yeni iş yerinin yaradılması
və fabrikin 2017-ci ilin sonlarında istismara verilməsi nəzərdə tutulur.
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi
sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye
sahəsi olan əczaçılıq məhsulları istehsalının yaradılmasıdır. Bu məqsədlə
Pirallahı Sənaye Parkında artıq 2 dərman zavodunun təməli qoyulmuşdur.
Dəyəri 4 mln. ABŞ dolları olan və birdəfəlik şprislərin istehsalını nəzərdə
tutan "Diamed Co” zavodunun tikintisinə isə yaxın zamanlarda başlanılacaq və müəssisə
2018-ci ilin 1-ci yarısında istismara veriləcək. Ümumilikdə bu müəssisələrdə
350-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.
Bunlarla
yanaşı, hazırda Türkiyənin, BƏƏ-nin, Yaponiyanın və Cənubi Koreyanın aparıcı
şirkətləri ilə əczaçılıq məhsullarının birgə istehsalının təşkilinə dair
danışıqlar aparılır.
Regionlarda
sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yerli ehtiyatlardan səmərəli
istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi baxımından sənaye
zonalarının yaradılması böyük əhəmiyyət kəsb edir. Belə ki, Neftçala
Sənaye Zonasında 3 müəssisə artıq fəaliyyətə
başlayıb, daha 6 müəssisənin isə bu il fəaliyyətə başlaması nəzərdə tutulur.
Masallı Sənaye Zonasına
sahibkarlar tərəfindən böyük maraq göstərilir və artıq onlar tərəfindən dəyəri
33 milyon manatdan çox olan 33 layihə təqdim olunmuşdur. Sənaye Zonasının layihələndirmə
işləri tamamlanmışdır və bu yaxınlarda infrastrukturunun yaradılması işlərinə
başlanılacaq.
Hazırda Ağdam, Ağstafa, Qazax və
digər rayonlarda da sənaye zonalarının yaradılması imkanları araşdırılır.
Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın
inkişafı məqsədi ilə "Azərxalça” ASC tərəfindən 10 rayonda
xalça müəssisələrinin tikintisinə başlanmışdır və artıq Füzuli rayonunun
Horadiz qəsəbəsində xalça müəssisəsi fəaliyyət göstərir. Şəmkir rayonunda isə
bu cür müəssisə artıq fəaliyyətə başlamağa hazırdır. 8 müəssisənin tikintisi isə
bu il başa çatdırılacaqdır. Bu müəssisələr işə başladıqdan sonra ümumilikdə
1600 yeni iş yerinın açılması təmin ediləcəkdir.
Xalça
istehsalı üçün etibarlı xammal bazasının yaradılması, habelə ixrac
potensialının artırılması məqsədilə yunun tədarükü sistemi yaradılır. Artıq 4
rayonda yun tədarükü məntəqəsinin təşkili istiqamətində iş aparılır. Bundan
başqa, "Azərxalça” ASC tərəfindən əyirici-boyaq müəssisəsinin tikintisi davam
etdirilir.
Kollegiya
iclasında vurğulanmışdır ki, Prezident İlham Əliyev tərəfindən böyük ixrac potensialına
və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf
etdirilməsi, pambıq sahələrinin genişləndirilməsi, heyvandarlıq, baramaçılıq,
üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər sahələrin
inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulmuşdur. Bu tapşırıqların icrası
üçün sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş
istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir, mütəmadi olaraq
istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ
həllini tapır. Bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən, suvarma işlərinin maksimum dərəcədə yüksək səviyyədə
aparılması üçün layihələr həyata keçirilir. Bu məqsədlə Dövlət
İnvestisiya Proqramına uyğun olaraq, müvafiq vəsaitlər ayrılmışdır.
Kollegiya
iclasında qeyd olunmuşdur ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində
xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv
metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir.
Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq
məqsədilə Azərbaycan Respublikası Prezidentinın tapşırığına uyğun olaraq, 20
rayon ərazisində 44 min hektar sahədə 32 iri fermer təsərrüfatı yaradılmışdır.
Dəyəri 193 milyon manat olan bu iri fermer təsərrüfatlarının yaradılmasına 70.5
milyon manat güzəştli kredit verilmişdir. Bu təsərrüfatlarda məhsuldarlıq arpa
və buğda üzrə hər hektardan 60, qarğıdalıda 120, soyada isə 35 sentnerədək
təşkil edir.
Hazırda
qabaqcıl texnologiyalara əsaslanan istehsal və emal sahələrinin qurulması,
infrastrukturun təkmilləşdirilməsi, eyni zamanda yeni aqroparkların yaradılması
istiqamətində işlər davam etdirilir. Xaçmaz rayonunda Yalama aqroparkında 1-ci
mərhələ üzrə işlər başa çatdırılmış və Şəmkir aqroparkında 1-ci mərhələ üzrə
işlər davam etdirilir.
Bundan
əlavə, Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və
İsmayıllı rayonlarında da aqroparklar yaradılır. İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 207 milyon manat olan bu
aqroparkların yaradılmasına 76,1 milyon manat güzəştli kredit verilmişdir.
Hazırda 157,6 min hektar ərazidə 38 aqroparkın, o cümlədən 12 rayonda 37,3 min
hektar ərazidə 14 müasir cins heyvandarlıq kompleksinin (yem bazası ilə
birlikdə) və 17 rayonda 120,3 min hektar ərazidə 24 iri taxılçılıq
təsərrüfatının yaradılması təşviq olunur. Bu tədbirlər regionlarda ixracyönümlü
və rəqabətədavamlı məhsul istehsalının artmasına, sahibkarlığın inkişafına,
əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olacaqdır.
Kollegiya
iclasında həmçinin, 2017-ci ilin birinci yarımilində biznes və investisiya
mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı, özəl sektora dövlət
dəstəyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat
verilmişdir. Diqqətə çatdırılmışdır ki, "Sahibkarlıq sahəsində aparılan
yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiqindən
sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində
cəmi 96 yoxlama, o cümlədən 2017-ci ilin 6 ayı ərzində 26 yoxlama
keçirilmişdir.
Özəl
sektora uzunmüddətli və əlverişli şərtlərlə maliyyə dəstəyinin göstərilməsi məqsədilə
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2017-ci ilin birinci yarımili ərzində
690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilmişdir və bu investisiya
layihələrinin reallaşdırılması 2300-dən çox yeni iş yerinin yaradılmasına imkan
verir. Bu dövrdə verilmiş güzəştli kreditlərin 65%-i respublikanın
regionlarının, 35%-i isə Bakı qəsəbələrinin payına düşür. İndiyədək isə 33,5
mindən çox sahibkarın ümumi investisiya dəyəri 4 mlrd. manatdan çox olan
investisiya layihələrinin maliyyələşdirilməsinə 2 mlrd. manatdan çox güzəştli
kredit verilmişdir. 2017-ci ildə yalnız geri qaytarılan vəsaitlər hesabına 150
mln. manatadək güzəştli kreditin verilməsi nəzərdə tutulur.
Kollegiya iclasında
bildirilmişdir ki, Azərbaycanda investisiya təşviqi mexaniziminin uğurla həyata
keçirilməsi nəticəsində indiyədək verilmiş 173
investisiya təşviqi sənədi üzrə 1,6 milyard manatlıq investisiya qoyuluşu nəzərdə
tutulur. Bu layihələrin reallaşdırılması nəticəsində 11 mindən çox yeni iş yeri açılacaqdır. Ümumilikdə təqdim
edilmiş sənədlərin 37%-i kənd təsərrüfatını, 63%-i isə sənaye sahələrini əhatə
edir.
İnvestisiya təşviqi sənədi almış
83 müəssisə artıq fəaliyyət göstərir, digərləri isə 2018-ci ilin sonuna qədər fəaliyyətə
başlayacaq.
İclasda
vurğulanmışdır ki, dövlət başçısının müəyyənləşdirdiyi mühüm vəzifələrdən biri
də qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixrac məhsullarının
çeşidinin və həcminin artırılması, eləcə də ixrac coğrafiyasının genişləndirilməsidir.
İndiyədək bu sahədə
görülən işlər barədə məlumat verilərək bildirilmışdır ki, "Made
in Azerbaijan” brendinin təşviqi ilə bağlı Honq Konq da daxil olmaqla Çinə,
Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə,
Qazaxıstana 8 ixrac missiyası həyata keçirilmışdır. İxrac missiyalarının nəticəsi
olaraq, çay və narın Almaniyaya, nar şirəsinin İsveçə ixracı, Qətərdə park
mebelinin təşviqi, distribyusiyası və satışına dair müqavilə imzalanmış,
Əfqanıstana quru süd, mebel və süd məhsullarının, nar şirəsi, qənnadı məhsulları,
fitinq və poletilen borular, metal konstruksiyaları və digər tikinti
materiallarının, Qətərə ət, nar şirəsi və Naftalan neftindən kosmetoloji və
tibbi məhsullarının ixracı, Qazaxıstana kosmetoloji və tibbi məhsullar və meyvənın
ixracına dair ilkin razılaşmalar əldə edilmiş, Pakistana mebel, pambıq çiyidi,
nar, şokolad məhsulları, konservləşdirilmiş pomidor, göbələk üzrə sifarişlər qəbul
olunmuşdur. Bununla yanaşı, Pakistanda tikiləcək 71 km qaz boru kəmərinin layihəsi
üçün tenderdə (boruların təchizatı) Azərbaycan və Pakistan şirkətlərinin birgə
iştirakı barədə ilkin razılaşmalar əldə edilmişdir.
Qeyd edək ki, indiyədək təşkil
edilmiş ixrac mıssiyalarının nəticəsi olaraq Çinə şərab, Birləşmiş Ərəb
Əmirliklərinə, Səudiyyə Ərəbistanına, Oman və Malayziyaya alma və nar şirəsi,
Qazaxıstana sənaye boyası ixrac olunmuşdur.
Hazırda Astanada Azərbaycan şərab
ticarət evinin yaradılması barədə Qazaxstandakı azərbaycanlı iş adamları ilə
danışıqlar aparılır.
Azərbaycan şirkətlərinin vahid
ölkə stendi ilə iştirakı məqsədilə görülmüş işlərin nəticəsi olaraq, Dubayda keçirilən "Gulfood” beynəlxalq
ərzaq sərgisində "Made in Azerbaijan” vahid ölkə stendində 24 şirkətin məhsulları
sərgilənmiş, Dubaya diri qoyun və ət ixracına dair 2 müqavilə imzalanmış,
İspaniyaya fındıq ixracı üzrə sifariş qəbul edilmişdir.
Eyni zamanda, Birləşmiş Ərəb
Əmirliklərində fəaliyyət göstərən iri marketlər şəbəkəsi ilə Azərbaycan məhsullarının
satışı ilə bağlı razılaşmalar, eləcə də Küveytə meyvə-tərəvəz və nar şirəsinin,
Misir, Əfqanıstan və Səudiyyə Ərəbistana fındıq, Dubaya çay, bal və quru süd, Səudiyyə
Ərəbistanına ət ixracına dair ilkin razılaşmalar əldə olunmuşdur. Bu ilin
martında Almaniyanın Düsseldorf şəhərində keçirilən "Prowein” beynəlxalq şərab
sərgisində "Made in Azerbaijan” vahid ölkə stendi ilə 9 şirkətin iştirakı təmin
olunmuş, Azərbaycan şərablarının Litvaya və növbəti mərhələlərdə digər
Baltikyanı ölkələrə ixracı barədə razılıq əldə edilmişdir.
Bazar araşdırmaları ilə bağlı
müraciətlərin qəbulu davam edir və onların qiymətləndirilməsi ilə bağlı müsabiqə
komissiyasının avqust ayının sonunda keçirilməsi nəzərdə tutulur.
Sahibkarlara ixrac etdikləri
qeyri-neft məhsullarının gömrük dəyərinin 3%-dən 6%-dək hissəsi büdcə vəsaitləri
hesabına təşviq verilir. Bu çərçivədə
ixrac təşviqinin ödənilməsi davam etdirilmiş, qeyri-neft məhsulları ixracatçılarına 2016-cı ildə 2,3 milyon dollar həcmində
ixrac qarşılığında 200,4 min manat, 2017-ci ilin ilk 6 ayında isə 13,9 milyon
dollar həcmində ixraca uyğun olaraq, 1,312 mln. manat olmaqla ümumilikdə indiyədək
1,5 milyon manat ödənmişdir. İxrac təşviqindən istifadə edən ixracatçılar məhsullarını
əsasən Rusiya, ABŞ, Çin, Belarus, Gürcüstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə,
Polşa, Qazaxıstan, İraq, Yunanıstan, Malayziya, Kanada, Moldova, Rumıniya və
Fransa bazarlarına ixrac etmişlər. 2017-ci ildə ödənilən ixrac təşviqinin
70,2%-i üzüm şərabları və digər spirtli içkilər, 14,6%-i konserv məhsulları, şirələr, mürəbbələr və s. təşkil edir. Bununla
yanaşı, sahibkarlardan daxil olmuş müraciətlər və aparılmış təhlillər nəzərə
alınmaqla təşviqin ödənilməsi mexanizminin təkmilləşdirilməsi, bir sıra məhsulların
ixrac təşviqi ödənilən məhsulların siyahısına daxil edilməsi istiqamətində işlər
aparılır.
Bunlarla yanaşı, ixrac
bazarlarında ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının
daha dolğun qorunması və təmsil edilməsi üçün Rusiya Federasiyası, Çin Xalq
Respublikası, Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndələri təyin
edilmışdır. Azərbaycanın ixracyönümlü məhsullarının xarici bazarlarda təşviqi məqsədilə
Belarusda Azərbaycan Ticarət Evi açılmış, Ukraynada bu istiqamətdə işlər davam
etdirilir.
Nazirliyin kollegiya iclasında Azərbaycan
məhsullarının təbliği üçün xarici KİV-də reklamların yerləşdirilməsi istiqamətində
görülən işlər barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan şirələri
barədə video çarxın hazırlanması ilə bağlı işlər başa çatmaq üzrədir. Bundan
başqa, "Azərbaycan meyvə və tərəvəzləri” ilə bağlı videoçarxın hazırlanmasına
başlanmışdır. Video çarxın sentyabr və oktyabr aylarında Rusyanın bir sıra
aparıcı federal televiziya kanallarında yerləşdirilməsi nəzərdə tutulur.
Xarici ölkələrdə fəaliyyət göstərən
mağazalarda və Duty Free mağazalarında
"Made in Azerbaijan” brendinin təşviqi istiqamətində tədbirlər davam
etdirilir. Bu çərçıvədə Rusiyanın ən
böyük pərakəndə satış şəbəkəsi ilə danışıqlara başlanmışdır. Bununla yanaşı,
Moskva, Kiyev, Minsk, İstanbul, Frankfurt və digər şəhərlərin hava
limanlarındakı Duty Free mağazalarında məhsulların yerləşdirilməsi ilə bağlı
müzakirələr aparılır.
SOCAR-ın xarici ölkələrdəki yanacaq
doldurma məntəqələrində Azərbaycan mənşəli məhsulların satışının təşkil edilməsi
məqsədilə "Made in Azerbaijan” rəflərinin
yerləşdirilməsi ilə bağlı işlər görülür.
"Made in Azerbaijan” brendinin
AZAL şirkəti vasitəsi ilə təşviq edilməsi ilə bağlı işlər davam etdirilir.
İxraca dəstəklə
bağlı digər tədbirlər olaraq, 2017-ci ilin 1-ci yarımilliyi ərzində AZPROMO tərəfindən
110 ixrac və investisiya yönümlü tədbir keçirilmiş, İxracatçılar Klubunun və
onun komitələrinin 10-dək iclası təşkil olunmuş, 125-dən çox şirkətə ixrac xidmətləri
göstərilmiş, 15 şirkət üçün "Go Export” seminarı təşkil edilmiş, "Export.az”
ixrac portalı istifadəyə verilmişdir. Ölkədə arıçılar, şərab, nar,
meyvə-tərəvəz, fındıq və tekstil ixracatçıları və istehsalçıları, qablaşdırma sənayesi,
mebel istehsalçıları assosiasiyaları fəaliyyətə başlamışdır. İclasda
assosiasiyalarla əlaqələrin daha da gücləndirilməsi, həmçinin tütünçülük üzrə
assosiasiyanın yaradılmasına lazımi dəstək göstərilməsi barədə Nazirliyin
aidiyyəti qurumlarına tapşırıq verilmişdir.
Kollegiya iclasında vurğulanmışdır ki, Azərbaycanın
tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi
diversifikasiya siyasətində mühüm yer tutur. Bununla əlaqədar ölkəmizin tranzit
imkanlarının genişləndirilməsi istiqamətində önəmli işlər görülmüşdür. Tranzit
Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən görülmüş işlər, iri tonnajlı
yük avtomobillərinin keçid prosedurlarının sadələşdirilməsi, gediş-gəliş xərclərinin
təqribən 40 faizədək aşağı salınması nəticəsində 2017-ci ilin yanvar-iyun
aylarında ölkəmizin ərazisindən 16 minə yaxın yük avtomobili keçmişdir ki, bu
da ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur. Ümumiyyətlə, 2017-ci
ilin yanvar-iyun aylarında ölkə ərazisindən ümumilikdə 5,5 milyon ton yük
daşınmışdır. Yüklərin 4,4 milyonu (80%) neft və neft məhsullarının, 1,1 milyonu
isə (20%) qeyri-neft məhsullarının payına düşür. Ötən ilin analoji dövrü ilə
müqayisədə neft və neft məhsullarının daşınmasında 23%, qeyri-neft məhsullarında
isə 36% artım müşahidə olunur.
Ələt
qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad
ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı işlər davam
etdirilir.
Kollegiyanın
sədri Şahin Mustafayev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarımili ərzində
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan
iclasında dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi
qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin
struktur bölmələrinə konkret tapşırıqlar vermiş, bu vəzifələrin icrası ilə
bağlı Tədbirlər Planının hazırlanması qərara alınmışdır.
Kollegiyanın
iclasında Azərbaycan Respublikasının Prezidentinın müvafiq Sərəncamı ilə təltif
edilmiş İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar və onların vəsiqələri
təqdim olunmuşdur.