• cümə axşamı, 28 mart, 22:39
  • Baku Bakı 13°C

İqtisadi fəal əhalinin ərazilər üzrə bölgüsünün stimullaşdırılması mexanizmi yaradılmalıdır

10.08.20 14:53 552
İqtisadi fəal əhalinin ərazilər üzrə bölgüsünün stimullaşdırılması mexanizmi yaradılmalıdır
Bütün tədbirlərin görülməsinə baxmayaraq, Azərbaycanda urbanizasiya fenomeni müəyyən dərəcədə hələ də aktual məsələ kimi qalır.
Bunu Trend-ə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.
Onun sözlərinə görə, müstəqillik əldə etdikdən sonra Azərbaycan güclü miqrasiya axınlarına məruz qaldı. Kənd əhalisinin şəhərlərə üz tutması prosesi miqrasiya müstəvisində daha qabarıq büruzə verən fenomenlərdən biri oldu:
"Bir tərəfdən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağdan və onunla həmsərhəd rayonlardan, habelə Ermənistanla həmsərhəd rayonlarının həyat üçün təhlükəli yaşayış məntəqələrini tərk etmiş məcburi köçkünlərin daha təhlükəsiz ərazilərə, əsasən də şəhər yerlərinə köç etməsi, digər tərədən müharibə nəticəsində respublikanın sosial-iqtisadi sahəsinin zərər görməsi urbanizasiya proseslərinə birbaşa təsir edən amillərdən oldu. Ağır sosial-iqtisadi vəziyyətdən, dağıdılmış kənd təsərrüfatı infrastrukturundan, işsizlikdən əziyyət çəkən bölgə sakinlərinin, o cümlədən kənd rayonlarından əmək qabiliyyətli əhalinin iş yeri tapmaq məqsədilə iri şəhərlərə, xüsusilə Bakıya və onun yerləşdiyi Abşeron yarımadasına axın etməsinə səbəb oldu".
A.Allahverənov qeyd edib ki, urbanizasiya prosesinin birinci mərhələsi 2001-ci ilədək olan dövrü əhatə edir. Bu, daha çox müharibənin yaratdığı nəticələr, torpaq bölgüsünün tam aparılmaması, kənd yerlərində iqtisadi vəziyyətin ağırlaşması və başqa amillərlə əlaqədardır. 2002-ci ildən sonra Bakıda tikinti bumunun başlanması urbanizasiya prosesində ikinci mərhələni başlatdı. Belə ki, tikinti bumunun başlaması əmək qüvvəsinə ehtiyacı artırdı. Bununla bağlı olaraq kənd yerlərindən, rayonlardan Bakıya əmək miqrantlarının axını başladı:
"Bakıda hər il onlarla yeni bina tikilirdi və işçi qüvvəsinə tələb sürətlə artırdı. Həmin dövrdə Bakıda digər sahələrə də sərmayə qoyuluşunda kəskin artım baş verdi və şəhərdə iş yerlərinin sayında sürətli artım müşahidə edilirdi. İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, xidmət sektorlarında ciddi canlanma baş verdi. Baş verən dəyişikliklər əlavə işçi qüvvəsinə ehtiyac yaratdı. Belə bir vəziyyətdə ölkə rəhbərliyi urbanizasiya templərinin qarşısının alınması ilə əlaqədar bir sıra vacib sənədlər qəbul elədi. Təhlillər göstərir ki, sosial-iqtisadi səbəblərdən yaranan urbanizasiyanın, o cümlədən daxili miqrasiyanın zəiflədilməsi məqsədilə 2004-cü ildən indiyə qədər proqram xarakterli bir çox işlər görülüb".
Mütəxəssis qeyd edib ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarının icrası ilk növbədə, regionların qeyri-proporsional inkişafının qarşısını almağa xidmət edən təkmil konsepsiya olmaqla yanaşı, sosial-iqtisadi səbəblərlə bağlı daxili miqrasiyanın fəsadlarının aradan qaldırılmasına yönəlib. Dövlət proqramları regionların tarazlı inkişafı, infrastrukturun yeniləşdirilməsi, yeni iş yerlərinin açılması, sosial problemlərin həlli nəticəsində respublikada sosial-iqtisadi səbəblərlə bağlı urbanizasiya templərinin əhəmiyyətli dərəcədə zəifləməsinə imkan yaradıb. Belə ki, dövlətin dəstəyi ilə regionlarda çox ciddi islahatların həyata keçirilməsi, fermer təsərrüfatlarının imkanlarının yaxşılaşdırılması, regionlarda sənaye parklarının yaradılması, çoxlu sayda yeni müəssisələrin açılması bölgələrdə əmək resurslarına ehtiyacı yaratmış və bu da urbanizasiyanın hiss olunacaq dərəcədə zəifləməsinə səbəb olmuşdu.
Şura sədri əlavə edib ki, həmin hadisələr fonunda şəhərlərdə tikinti bumunun dayanması, iki devalvasiyanın baş verməsi ilə əlaqədar iqtisadiyyatın bir çox sahələrinin zərər görməsi, dövlət büdcəsindən investisiya xərclərinin azalması, iqtisadi layihələrin bəzilərinin dayanması ilə bağlı oldu. Qeyd edilən amillər vaxtilə şəhər yerlərində məşğulluğu təmin edilən bölgə əhalisinin iş yerlərinin itirilməsinə səbəb oldu. Bu da əvvəlki illərdə kənd və qəsəbələrdən iş axtarmaq məqsədilə Bakıya üz tutan vətəndaşların bir hissəsi geri qayıtdı, yaşadıqları yerlərdə işlə təmin olundu.
A.Allahverənov qeyd edib ki, hətta son illərdə regionlarda məşğulluq imkanlarının artırılması Bakı və digər böyük şəhərlərdə daimi qeydiyyatda olan insanların bəzilərinin regionlara üz tutması, orada işləməsi ilə nəticələnib. Bank sektoru, xidmət, tikinti, dövlət qurumlarında iş yerləri ilə bağlı rayonlarda işləyən Bakı sakinlərinin sayında kəskin artım hiss olunmaqdadır. Ruralizasiya (deurbanizasiya) adlanan şəhər əhalisinin bölgələrə axın etməsi prosesi geniş vüsət almasa da, hiss olunacaq dərəcədə büruzə verən fenomenlərdəndir.
Mütəxəssis hesab edir ki, Azərbaycanda urbanizasiya fenomeninin aktual olması baxımından bölgələrdə sosial-iqtisadi templərin artırılması və bunun nəticəsi olaraq məşğulluq imkanlarının artırılması, proqramların miqyasının genişləndirilməsi vacib sayılır.
Onun fikrincə, daxili əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, əhalinin məşğulluğu probleminin həll edilməsi və işədüzəlmədə daxili əmək ehtiyatlarından istifadəyə üstünlük verilməsi, bölgələrin əmək bazarının tarazlaşdırılması məqsədilə iqtisadi fəal əhalinin ərazilər üzrə bölgüsünün stimullaşdırılması mexanizminin yaradılması, rayonlara sərmayələrin cəlb olunması ilə yeni iş yerlərinin yaradılması kimi tədbirlər, həmin proqramların diqqət mərkəzində saxlanılması vacib hesab edilən vəzifələrdən olmalıdır.
banner

Oxşar Xəbərlər