• cümə, 29 Mart, 10:37
  • Baku Bakı 5°C

İqtisadi cəhətdən çökən Ermənistan 4 hərbi təyyarəni nə ilə alır?

04.02.19 19:56 839
İqtisadi cəhətdən çökən Ermənistan 4 hərbi təyyarəni nə ilə alır?
Ermənistanın indiki iqtisadi durumu onu başqa ölkələrdən asılı vəziyyətə salıb. Bu ölkəyə investisiya axını, demək olar ki, yoxdur və dövlət büdcəsi bir çox halda ianələr hesabına formalaşdırılır. Belə bir məqamda bu ölkə rəhbərliyinin öz hərbi arsenalını artırmaq, yeni silahlar almaq niyyəti haqlı olaraq Ermənistan cəmiyyətində narazılıq doğurur.
Lakin unutmayaq ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan hərbi balansı qorumaq məqsədilə ötən illər ərzində Rusiyadan güzəştli şərtlərlə silah və sursat alıb. Buna baxmayaraq, Azərbaycanın dövlət büdcəsindən hərbi sahəyə ayrılan vəsaitin Ermənistanın ümumi büdcəsinə bərabər olması rəsmi Yerevanın "balans” arzusunu hər mənada geridə qoyur.
Bu günlərdə Ermənistanın Rusiyadan Su-30SM çoxfunksiyalı qırıcılarını almasına dair məlumatların gündəmə gəlməsi isə bir daha göstərir ki, Ermənistan iqtisadi, siyasi cəhətdən nə qədər ağır durumda olsa belə, öz işğalçılıq niyyətindən əl çəkmək istəmir. Amma bu məsələ ilə bağlı suallar doğuran məqamlar var. Ağır durumda olan Ermənistan bu hərbi təyyarələri nə ilə alır? Eləcə də rəsmi Yerevanın bu addımı Azərbaycanla Ermənistan arasında hərbi sahədə mövcud olan fərqli vəziyyəti dəyişəcəkmi?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, indiki halda Ermənistanın iqtisadi durumu hər kəsə məlumdur: "Yəni, ermənilər öz vəziyyətləri, büdcələri haqqında danışırlar və bu, gizli bir məsələ deyil. Özləri də yaxşı bilirlər ki, 4 müasir hərbi təyyarəni almağa elə bir vəsaitləri yoxdur. Təbii ki, şimal qonşumuz bütün tarix boyu olduğu kimi, yenə də bu təyyarələri hədiyyə edib. Baxmayaraq ki, Ermənistanın aldığını deyirlər. Amma bunu nə ilə alır, vəsait haradandır, bilinmir. Bununla bağlı da deyəcəklər ki, kreditdir və sair. Burada söhbət 5-10 manatdan getmir ki, ya əvvəlki Ermənistan rəhbərliyi, ya da indiki Paşinyan ABŞ-da, Avropada gedib əl açıb, dilənib gətirsin. Əslində yenə də bu belə deyil və burada qeyri-müəyyənlik var. Ancaq bizə məlumdur. Çünki 30 il ərzində bu məsələ dəfələrlə təkrarlanıb və indi də davam edir. Yəni, bu 4 hərbi təyyarə erməniləri hər zaman silah-sursatla təmin edən şimal qonşumuzun növbəti hədiyyəsidir. Bunun nə məqsədlə verildiyini özləri daha yaxşı bilirlər”.
E.Məmmədov Ermənistanın indiki vəziyyətini əsas tutaraq dedi ki, qonşudan verilən payla qarın doymaz: "Yəni, nə qədər dilənməklə, ianələr hesabına, kredit və hədiyyələrlə dolanmaq olar? Bununla ölkə daxilində nəyi isə düzəltmək mümkün deyil. Bu gün Azərbaycan ordusunun silah-sursat təminatı o dərəcədə yüksəkdir ki, nəinki Ermənistan, dünyanın ayrı-ayrı ölkələrində bu təminatı yaratmaq çətindir. Azərbaycan Silahlı Qüvvələri ölkə iqtisadiyyatının, prezident İlham Əliyevin dövlətin müdafiəsinə, təhlükəsizliyinə, orduya olan diqqəti sayəsində bu gün dünyanın 50 ordusu arasında yer alır. Ermənistan 3-4 sınıq-salxaq təyyarə və ya ianələrlə düşünürsə ki Azərbaycanla hərbi balans yarada biləcək, bu, gülüş doğuracaq. Azərbaycan ordusu döyüşə hazırdır və torpaqları azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir. Təbii ki, Paşinyan özündən əvvəlkilərdən nəticə çıxartmasa, bu belə olacaq”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, hələ 2 əvvəl Ermənistanın "İsgəndər” zenit-raket komplekslərini alması ilə bağlı söhbətlər gedirdi: "Bu günə qədər biz nə onları gördük, nə də bilmədik ki, bu silah kimə məxsusdur, kim onlardan istifadə edə bilər. Bununla bağlı rusiyalı analitiklər fikirlər səsləndirirdilər. Yəni sonra belə məlum oldu ki, bu, Azərbaycanın silahlanması qarşısında erməni cəmiyyətini sakitləşdirmək üçün ortaya atılan bir fikirdir. Məsələyə məntiqlə yanaşsaq, deyə bilərik ki, Ermənistanın hazırkı durumu, iqtisadiyyatı acınacaqlıdır. Bu ölkə kredit yolu ilə silah alır və nəyi verirlərsə, onu alır, nəyi istəyirsə, ala bilmir. Biz nəzərə almalıyıq ki, Ermənistanın birinci şəxsi əsgərlərin yeməyi ilə bağlı həyəcan təbili çaldı. Sonra isə dedi ki, əsgər yeməyini normal vəziyyətə gətirmək üçün vaxt lazımdır. Yəni, bunlar hamısı o göstəricilərdir ki, elə bir güclü və bahalı silahın alınması Ermənistanın imkanı xaricindədir. Hesab edirəm ki, yenə də Azərbaycanın silahlanması fonunda hərbi hücum təyyarələrinin alınması ilə bağlı fikirlər ortaya atıblar. Guya Ermənistan onları alacaq. Biz bilirik ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində üzv dövlətlərin müəyyən silahlanması gedir. Ondan başqa, həm də Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. Çox maraqlıdır ki, Rusiyaya məxsus hərbi bazada yeni silahlar yer alanda, Ermənistan bunu öz adına çıxır. Bütün qeyd edilənləri bir qırağa qoyaq və düşünək ki, ermənilər həqiqətən də hərbi təyyarələri alıblar və ya onlara pay veriblər. Bu təyyarələr heç bir halda Azərbaycanla Ermənistan arasında mövcud olan güc nisbətinə təsir edə bilmir. İlk olaraq qeyd edim ki, bu təyyarələr daha geniş hava məkanında tətbiq etmək üçündür. Bu təyyarələrin texniki xüsusiyyətlərini nəzərə alsaq, onların Qarabağ hava məkanında manevr imkanları məhduddur”.
Ş.Ramaldanov qeyd etdi ki, bu gün Azərbaycan ən müasir hava hücumundan müdafiə sistemləri ilə silahlanır: "Ali Baş Komandan İlham Əliyev Belarusda olarkən imzalanan memoranduma əsasən, bu ölkədən yeni nəsil hava hücumundan müdafiə sistemləri alınır. Eyni zamanda Azərbaycanda bütün radar sistemləri yeniləri ilə əvəzlənib. O cümlədən bir neçə il əvvəl "İsgəndər” zenit raket kompleksləri ilə bağlı söhbətlər dolaşanda, biz İsraildən hava hücumundan müdafiə sistemləri aldıq. Ona görə də bu gün Azərbaycanda mövcud olan hava hücumundan müdafiə sistemi havadan endirilə biləcək zərbənin qarşısını almağa və ölkənin hava məkanını qorumağa tam qadirdir. Bu baxımdan Ermənistana dörd hərbi təyyarə bağışlansa belə, bu, Azərbaycanla Ermənistan arasında mövcud olan silah fərqini dəyişə bilməyəcək”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər