• cümə, 19 Aprel, 07:50
  • Baku Bakı 13°C

İqlim dəyişmələri psixi sağlamlıq üçün ciddi təhlükədir

04.06.22 23:19 446
İqlim dəyişmələri psixi sağlamlıq üçün ciddi təhlükədir

İqlim dəyişmələri psixi sağlamlıq üçün ciddi təhlükədir. Qlobal istiləşmənin nəticələri emosional pozuntulardan başlamış həyəcan, depressiya, qəmginlik, hətta suisidal davranışa qədər müxtəlif sarsıntılara səbəb olur.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Stokholm+50” konfransının iştirakçılarının müzakirəsinə təqdim edilmiş yeni məruzəsi bu mövzuya həsr olunub.

Məruzə müəllifləri dünya ölkələrinin hökumətlərinə müraciətlə iqlim böhranına münasibət strategiyalarına psixi sağlamlığın qorunması tədbirlərini daxil etməyə çağırırlar.

ÜST-nin ətraf mühit, iqlim dəyişmələri və sağlamlıq problemləri departamentinin direktoru Mariya Neyra deyib: “İqlim dəyişmələrinin nəticələri çox vaxt bizim gündəlik həyatımızda əks olunur, lakin təhlükəli iqlim hadisələri və uzunmüddətli risklərlə üzləşən insanlara ixtisaslı yardımın miqyası son dərəcə aşağıdır”.

Ekspertlər qeyd edirlər ki, iqlim dəyişmələri bütün dünyada psixi sağlamlığın pozuntularına gətirib çıxarır. 2021-ci ildə ÜST-nin 95 ölkədə apardığı tədqiqat nəticəsində məlum olub ki, o vaxt həmin ölkələrdən yalnız 9-unun sağlamlıq və iqlim dəyişmələri probleminə dair milli fəaliyyət planlarında psixi sağlamlığın qorunması və psixi-sosial dəstək məsələləri nəzərdə tutulub.

ÜST-nin yeni sənədində iqlim dəyişmələrinin psixi sağlamlığa təsiri probleminin həllinə yanaşmalar barədə hökumətlərə tövsiyələr şərh edilib.

BMT-nin ətraf mühitə dair Stokholm konfransı əhalisi sağlam olan sağlam planet yaratmaq yolunda mühüm mərhələdir.

banner

Oxşar Xəbərlər