• cümə axşamı, 28 mart, 16:20
  • Baku Bakı 16°C

İpoteka kreditləri niyə bərpa olunmur?

16.09.16 13:58 5201
İpoteka kreditləri niyə bərpa olunmur?
Bu il ipoteka kreditləşməsinə dövlət büdcəsindən 50 milyon manat, daxili bazardan isə 200 milyon manat cəlb edilməsi gözlənilirdi. Üstəlik, ipoteka kreditləşməsində sadələşdirmələrin olması da gözlənilən idi. Maliyyənin çox olması, sadələşdirmələrin aparılması bir çox ailənin ipoteka kreditləri ilə bağlı ümidini artırmışdı.

Amma ilin sonuna 4 aydan az bir vaxt qalsa da, hələ ki ipoteka kreditlərinin verilməsinə başlanılmayıb. Bəs ipoteka kreditləri niyə bərpa bərpa olunmur? İlin sonuna kimi bu istiqamətdə maliyyənin ayrılması mümkündürmü?

İqtisadçı ekspert Qadir İbrahimli qəzetimizə açıqlamasında bildirdi ki, ipoteka bazarı ölkəmizdə normal şəkildə formalaşmayıb. Ona görə də bu gün bu sahədə maliyyə problemləri yaşanır: "İpoteka bazarı yaranandan düzgün tənzimlənmədi, bazara əlavə vəsaitlər cəlb edilmədi. İpoteka yalnız məhdud bir qrup üçün açıq oldu. Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəbləri odur ki, ölkəmizdə insanların çoxunun gəlirləri rəsmiləşdirilməyib, ikili mühasibatlıqlar var, onlar ipoteka şərtlərinə cavab vermir. Eyni zamanda, İpoteka Fondu vaxtında bazara maliyyə resursları cəlb edə bilmədi. İpoteka bazarı yalnız dövlət büdcəsi hesabına formalaşmağa başladı. Bu amillər ipoteka bazarını yalnız kiçik məhdud bir qrup üçün açıq saxlamışdı. Ancaq son iki ildir ki, neftin qiymətinin düşməsi, manatın iki dəfədən çox dəyərini itirməsi ölkənin, əhalinin gəlirlərini azaldıb. Belə olduğu halda, ipoteka götürə bilən məhdud qrupun əhatə dairəsi daha da daralıb. Digər məsələ odur ki, ipoteka əsasən dövlət büdcəsindən maliyyələşir, dövlət büdcəsinin isə maliyyə vəziyyəti elə də yaxşı deyil. Ola bilsin ki, həmin vəsait İpoteka Fonduna hələ ki yönləndirilməyib. Çox güman ki, ilin sonuna qədər də bu proses baş verməyəcək”.

Q.İbrahimlinin sözlərinə görə, ipoteka kreditləşməsinə ayrılan vəsait bankların deyil, dövlətin maliyyəsi olduğu üçün banklar valyuta məsələsində nəsə narazılıq etməyəcəklər: "Əgər dövlət bu sektora maliyyəni ayırsa, banklar manatla ipoteka krediti verəcəklər. Banklar buradan əlavə gəlir götürürlər, itirəcəkləri heç nə yoxdur. Hansısa özəl bankın maliyyəsi deyil ki, burada risk amili yüksək olsun. Buna görə də bankların manatla ipoteka verilməsi ilə bağlı hər hansı problem yaradacağını düşünmürəm”.

İpoteka Fondu ASC-nin işinin tam qurulmamasının kreditləşmə məsələsində hər hansı problem yaratmasına gəlincə, Q.İbrahimli bunları söylədi: "Yəqin ki, İpoteka Fondunun işinin tam qurulması məsələsi də var. Amma ümumiyyətlə hansısa bazarın qurulması üçün ilk növbədə alıcı qrupunun olması vacibdir. Bu gün alıcı qrupu yoxdursa, həmin bazarın işləməsi də çox çətin olur”.

Əmlak Ekspert Mərkəzinin rəhbəriRamil Osmanlı da deyir ki, ilin sonuna qədər ipoteka üçün nəzərdə tutulan məbləğin bazara daxil olmasına ümid azdır: "Hazırda əsas məsələ maliyyə ilə bağlıdır. Maliyyə olarsa, İpoteka Fondu bu il əzində həmin vəsaiti yerləşdirə, ipoteka kreditləri verə bilər. Amma ilin sonuna doğru getdikcə maliyyənin ayrılmasına ümidlər azalır. Ölkənin maliyyə ilə bağlı vəziyyəti ürəkaçan deyil. Ona görə Maliyyə Nazirliyinin ilin sonuna qədər maliyyələşmə ilə bağlı konkret addım atmasına ümid azdır. Ehtimal olunan odur ki, bu sahəyə dövlət büdcəsindən ayrılacaq məbləğin cüzi hissəsi ayrıla bilər. Amma bu bir ehtimaldır. Konkret fikir söyləmək olmaz”.

R.Osmanlı bildirdi ki, əsas olan maliyyənin ayrılması və kreditləşmədə sadələşdirmələrin aparılmasıdır. Hər bir məsələ konkretləşsə, banklar, kredit təşkilatları kreditin verilməsi ilə bağlı hər hansı ciddi problem yaratmayacaqlar: "İpoteka kreditlərinin kommersiya kreditlərindən fərqi odur ki, dövlət banklara, müvəkkil kredit təşkilatlarına faizsiz vəsait verir. Onlar da həmin maliyyəni aşağı faizlə vətəndaşlara verirlər. Bankların işi əsas girov təminatı ilə bağlıdır. Banklar girov təminatını qəbul edir, öhdəliklərlə bağlı müqavilələri, vəsaitin ayrılmasını isə fond həyata keçirir. O baxımdan banklar üçün vəsait ayrılacağı təqdirdə, valyuta məsələsinə görə ciddi nəsə problem ola bilməz. Amma söhbət ondan gedir ki, hələlik İpoteka Fondu ASC-nin Müşahidə Şurası ölkə başçısının imzaladığı sonuncu fərmandan irəli gələn faizlə bağlı qərarı qəbul etməyib. Faizlərə yenidən baxılması, azaldılması-artırılması ilə bağlı məsələlər fondun Müşahidə Şurasına həvalə olunurdu. Hələlik bu addım da atılmayıb. Ona görə maliyyə ayrılacağı təqdirdə, ilk olaraq bu istiqamətdə qərar qəbul edilməlidir. Faiz dərəcələri müəyyən olunmalıdır. Bu zaman kommersiya bankları, kredit təşkilatları üçün sual yaradan hansısa məqam qalmaz”.

İpoteka kreditləşməsinə başlanılmasının mənzil bazarına təsirinə gəlincə, R.Osmanlı bildirdi ki, bu adətən qısamüddətli bir dövr üçün canlanmaya səbəb ola bilir. Uzunmüddətli dövdə bazarda canlanma yaratmır: "Aparılan hesablamalar, araşdırmalar göstərir ki, İpoteka Fondunun il ərzində verdiyi kreditlərin sayı hardasa 1000 ətrafındadır. 2009-cu ilin iyul ayında ipoteka kreditlərinə başlanarkən qısa müddət ərzində mənzil bazarında müəyyən bir canlanma yaranmışdı. Yəni passiv dövrdən aktiv mərhələyə keçid idi. Müraciətlərin sayı da artmışdı. Bu, böhran dövründə mənzillərin qiymətlərinə müəyyən mənada təsir göstərmişdi. Bu hal indi də baş verə bilər. Amma ipoteka kreditləşməsinin bazarda canlanma yaratması qısamüddətli bir prosesdir. Uzun müddət üçün ciddi bir dəyişikliyə gətirib çıxarmayacaq. Çünki 1000, 1200, 1500 mənzilin il ərzində alqı-satqı əməliyyatına cəlb olunması bazarda böyük mənada dinamikanın dəyişməsinə gətirib çıxara bilmir”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər