İntiqam Soltanın metodik vəsaiti təqdim olunub
Dünən Bakı Uşaq Teatrının
direktoru, Əməkdar artist İntiqam Soltanın "Çətin tərbiyə olunan uşaqların
tərbiyəsində teatr metodlarından istifadə” adlı metodik vəsaitinin təqdimatı
keçirilib.
Metodik vəsait spesifik xüsusiyyətlərə
malik kollektivlərlə və yeniyetmələrlə işləmək üçün nəzərdə tutulub. Məqsəd çətin
tərbiyə olunan yeniyetmələrin hər hansı bir probleminin onların özlərinin iştirakı
ilə müxtəlif, obrazlı formada, kreativ üsullarla, teatr, tamaşa yolu ilə həlli
üçün çalışanlara kömək etməkdir.
Kitabda psixologiya və teatr,
dram sənətinin vəhdətindən söhbət açılır, bu iki sahənin birgə imkanlarından gənclərin
təlim-tərbiyə işlərində hər hansı çətinliyin aradan qaldırılması üçün faydalanma
yollarından bəhs olunur. Kitab bir təlimçi rolunu oynayır. Burada liderlik, əyləncəli oyunlar və başqa qeyri-ənənəvi
forma və vasitələrdən istifadə edilməklə məqsədə çatmaq yollarından bəhs olunur.
Metodik vəsaitdə qruplarda layihə
həyata keçirən mütəxəssisin ən xırda hərəkətlərindən tutmuş, geyiminə, xarici görkəminə
qədər məsələlərin əhəmiyyətli ola biləcəyi, böyük önəm kəsb etdiyi qeyd olunur.
Vəsaitdən yeniyetmələrdən ibarət cəzaçəkmə müəssisələrində, eyni zamanda, fiziki
və zehni cəhətdən zəif yeniyetmələrlə, xüsusi təmayüllü məktəblərdə çətin
tərbiyə olunan uşaqlarla iş zamanı istifadə etmək mümkündür.
Kitab Azərbaycan
Respublikasının Təhsil Nazirliyinin keçirdiyi "Təhsildə inkişaf və
innovasiyalar” üzrə III qrant müsabiqəsində qalib olan "Görünməz dərs” layihəsi
çərçivəsində hazırlanıb.
Təqdimatı açıq elan edən İntiqam
Soltan bildirib ki, Bakı Uşaq teatrı davamlı olaraq uşaq evlərində, məktəblərdə
tamaşalar göstərir və teatrın yarandığı gündən etibarən topladığı təcrübələr
məhz bu kitabda öz əksini tapıb: "İşimizlə bağlı müxtəlif təhsil ocaqlarında, həbsxanalarda
və sair məkanlarda uşaqlarla təmasda oluruq. Orada hiss etdim ki, belə bir metodik
vəsaitə ehtiyac var. Hesab edirəm ki, mədəniyyətin xilası teatrdan keçir və kitabın
adının məhz belə kəskin olmasının da səbəbi buradan qaynaqlanır. Bu kitabı hazırlayarkən
heç bir ədəbiyyatdan istifadə etməmişəm və bunu yazmaq xətrinə də yazmamışam. Kitabda
ancaq öz təcrübələrimdən yararlanmışam”.
İntiqam Soltan mübaliğəsiz,
bəzək-düzəksiz reallığa söykənən təcrübəsini bölüşmək üçün ərsəyə gətirdiyi
təlim vəsaitindən danışdı: "Çətin tərbiyə olunan uşaqlardan ibarət kollektivlərlə
iş aparmaq üçün yalnız nəzəriyyəni bilmək kifayət deyil. Bunun üçün metodik
vasitələrlə yanaşı, müəyyən əlavə informasiyalara da ehtiyac duyulur”.
AMEA Memarlıq və İncəsənət İnstitutunun
"Teatr, kino və televiziya" şöbəsinin müdiri, teatrşünas Vidadi Qafarov vəsaitlə
tanış olduğunu bildirdi və kitabın teatr cameəsi üçün əhəmiyyətini vurğuladı: "İntiqam
Soltan bu kitada problemləri metodiki şəkildə qeyd edib. Metodik vəsaitin faydalı
cəhətləri çoxdur. Belə ki, kitab liderlik, tolerantlıq, özünəinamlılıq, cəsarət,
ciddilik, sadəlik, səmimiyyət, aktyorluq, rejissorluq, ssenaristlik kimi vərdişləri
aşılayır. İnsan üçün cəmiyyətdə lazım olan bütün keyfiyyətlər burada öz həllini
tapıb. Kitabın sonunda isə müasir və klassik dramdan nümunələr göstərilib. Metodik
vəsaitin istifadəyə verilməsi münasibəti ilə teatr ictimaiyyətini təbrik edirəm”.
Metodik
vəsaitin redaktoru Arzu Soltan müəllifin uzun
müddətdir ki, bu kitab üzərində çalışdığını bildirib: "İntiqam Soltanın bir çox
layihələri var. Bu kitabın ərsəyə gəlməsində Bakı Uşaq Teatrının da dəstəyi böyük
olub. Onlar uşaqlarla iş prosesinin iştirakçısıdırlar. Əslində, bu ideya çoxdan
yaranıb. Uşaqlarla iş təcrübəsi çoxdan var idi. Təhsil Nazirliyi bu işdə dəstək
olduğu üçün layihə məhz indi gerçəkləşdi. Çətin tərbiyə olunmayan insan yoxdur.
İnsanların hamısı çətin tərbiyə olunur”.
Arzu Soltan uşaqlara teatr
tərbiyəsinin pozulduğunu və onların bərpa edilməsi üçün valideynlərin maariflənməsinə
ehtiyac olduğunu qeyd edib: "Uşaq yaşlarından teatr mədəniyyəti
formalaşmalıdır. Biz məktəblərə gedib təlimlər keçirik və bu, tək bizim görə
biləcəyimiz iş deyil”.
Təqdimatda iştirak edən
qonaqlar İntiqam Soltanın Bakı Uşaq Teatrını hansı çətinliklərlə yaratdığından
və bu 30 ildə çox mürəkkəb problemlərlə üzləşdiyindən bəhs ediblər. Vurğulanıb
ki, bu kitab məhz həmin proseslərin nəticəsində əldə olunmuş təcrübəyə söykənən
dəyərli metodik vəsaitdir. Müzakirələrdə İntiqam Soltan azyaşları uşaqlara
teatr sevginin aşılanmasından və bunun həlli yollarından da bəhs edib.
Qeyd edək ki,
təqdimatda şair, yazıçı, dramaturq Əyyub
Qiyas, Xalq artistləri Vidadi Əliyev, Arif Quliyev, İrəvan Dövlət Azərbaycan
Dram Teatrının baş rejissoru, Əməkdar artist Sərvər Əliyev, Əməkdar müəllim
Almaz Həsrət, Bakı Uşaq Teatrının kollektivi və başqaları iştirak edib.
Xəyalə Rəis