• çərşənbə, 24 Aprel, 02:48
  • Baku Bakı 14°C

İnternetdə “artistlik”

15.12.18 10:00 836
İnternetdə “artistlik”
Bəzən sosial şəbəkələri "ev yıxan” adlandırırlar. Kimimiz onun xeyrini görürük - çünki informasiya tələbatımızı ödəyir, intellektimizi gücləndirir, biliyimizi təkmilləşdirir, yeni tanışlıqlar yaradırıq. Kimimiz isə zərərini görürük - virtual aləmin köləsinə çevrilirik, sosial şəbəkələrdə "yaşayırıq”, psixologiyamıza, səhhətimizə zərərli olan vərdişlər qazanırıq.

"Facebook”, "İnstagram” kimi sosial şəbəkələr bəzən də insanları bir-birinə düşmən, bəzilərini isə canlı olaraq üzlərini belə görmədiyi insanlarla doğmadan da doğma edir. Kimin kim olduğu, hansı məzhəbə qulluq etdiyini məhz bu şəbəkələr vasitəsi ilə də təyin etmək mümkündür. Çox zaman aktyorlar müsahibələrində bəzi həmkarlarının üzlərinə gülsə də, gizlin şəkildə onlara qarşı təxribat apardıqlarını da gizlətmirlər. Ötən gün istedadlı aktrisa Zülfiyyə Qurbanova öz "Facebook” səhifəsində belə bir paylaşım etmişdi: "Bir aktyor yoldaşım var. Özünə "YouTube”da başqa birinin adından 4-5 profil açıb. Ürəyi istəyəndə girib o saxta profillərdən həmkarlarına təhqiramiz ifadələr yazır. Sentyabrın əvvəlində bunu başqalarına etdiyinin şahidi olmuşdum. Aktyor və aktrisaların ünvanına daha nələr yazmırdı. Mən də düşünürdüm ki, nə əcəb, mənə girişmir. Ötən gün bir də baxıram ki, ünvanıma təhqirin biri bir qəpikdən şərhlər döşəyib. Adamda həvəsə bax, saxta profillər yaradıb, bir az irəli gedən həmkarını təhqir edir, tənqid yox ha, təhqir. Sonra o biri profildən girir, o yazılmış sözü dəstəkləyən başqa bir təhqiredici ifadə yazır. Bütün neqativ təhqirləri eyni danışıq tərzində, eyni yazı səhvi ilə yazır. Saf, təmiz, məsum, dünyadan xəbəri olmayan tamaşaçılar da yazırlar ki, aktrisanı niyə təhqir edirsiniz? Bu da yenə cavabında yazır ki, sən ona "atviçatsan?”. "Atviçat” e özü də. Adam özünü yandırır. Çünki təhqirlər eyni hərf səhvləri, eyni danışıq tərzi ilə yazılır. O, aktyorun normal həyatdakı danışıq tərzi kimi, ağzından horra tökülə-tökülə həmin profillərdən öz ləhcəsi ilə özünü tərifləyir, guya tamaşaçı fikridir. Əziz aktyor, şərəf və ləyaqətimi təhqir etdiyin üçün xəbərin olsun ki, sənə çox böyük təzminat ödədə bilərəm. Haqqında sübutlar yığılır, deyim biləsən...”

Əslində bu mövzu gündəmin əsas problemlərindəndir. Bu, təkcə tanınmış insanlara aid deyil. Gündəlik həyatda tanıdığımız insanlar da saxta profillərlə "klaviatura pəhləvanı”na çevrilirlər. Sevmədiyi insanların ünvanına təhqirlər yağdırır, söyüşlər yazırlar və bunu da özlərinə şərəf hesab edirlər.
Məsələnin aktual olduğunu nəzərə alaraq aktrisa Zülfiyyə Qurbanova ilə əlaqə saxladıq. Medianın marağına səbəb olan həmkarının kimliyini öyrənməyə çalışsaq da, bu mümkün olmadı: "O, insanın adını çəkməyəcəm. Ancaq bütün oxlar həmin insanı göstərir. Bu tək mənim yox, bir çox həmkarlarımın başına gəlib. Hər hansı serialda, filmdə oynadığımız obrazlar sosial şəbəkədə paylaşılanda, ora izləyicilər öz fikirlərini yazırlar. Elit tamaşaçı canlandırdığım obraza uyğun səviyyəli şəkildə fikrini bildirir, aktrisanın ləyaqətini təhqir etmədən şərh yazır. Mənəviyyatı zəif olanlar isə aktyorun ünvanına təhqiramiz ifadələr işlədir. Onu da qeyd edim ki, sosial şəbəkələrdə o təhqiramiz ifadələr bəzi hallarda bilərək yazılır. Uşaq deyilik ki, bunu hiss edirik. Mən sözügedən statusu yazdıqdan sonra həmin profildən şərh yazılmadı. Bu tək mənim başıma gəlmir. Bütün sahələrdə belə insanlar var. O şərhi yazmaqla düşünürlər ki, rejissorlar, ssenaristlər şərhlərə əsasən seriala aktyor seçirlər. O qədər zəif düşüncəli insanlar var ki, tamaşaçı fikrinə əsasən aktyor seçildiyini zənn edirlər. İstəyirlər ki, aktrisa haqqında əks fikir yaratsınlar. Düşünmürlər ki, aktyorlar peşəkarlığa, şəxsi potensiala görə seçilir. Belələri hesab edirlər ki, rejissorlar, ssenaristlər sosial şəbəkələrdə yatırlar, gördükləri işləri məhz orada yazılanlara görə təyin edirlər. Məhz yazılan şərhlərə əsasən aktrisalara obraz həvalə edirlər. Həmin o feyk profillərdən yazan aktyorlar başlayırlar özlərini tərifləməyə. Belə ki, şərh bölümündə öz adlarını yazaraq onun yaxşı oynadığını bildirir, ssenaristləri onlar haqqında gözəl səhnələr yazmağa səsləyirlər. Bu nə deməkdir? Ona elə gəlir ki, məni pisləyib, özünü tərifləməklə onun fikir ilə aktyorları seriala dəvət edəcəklər? Bu, ilk deyil. Dəfələrlə belə hadisələr olub. Bunu aktrisalarla öz aramızda müzakirə edirik və hər birimizin başına gəlib”.

Zülfiyyə xanım hər zaman fikrini açıq şəkildə səsləndirdiyini, heç nədən qorxmadığını iddia edir: "O statusu bilərək yazdım ki, həmin insanların qulağına çatsın. Bilsinlər ki, kənardan gülünc görünürlər. Hamı onların hərəkətlərini görür və fikirlərimlə razılaşırlar. Amma bir çox şeyləri səsli şəkildə deməkdən qorxurlar. Düşünürlər ki, görən kənardan necə qəbul olunarıq, haqqımızda nə düşünərlər? Sən onun dərininə gedib soruşsan, deyəcəklər ki, belə bir şey var. Ancaq baxırsan ki, hamımızın ortaq problemi ilə bağlı nəsə yazanda, risk edib "like” da etmirlər. Əgər mən hansısa həmkarımla razıyamsa, onun yazdığı hər hansı hadisə başıma gəlibsə, həmkar olaraq fikir bildirirəm. Çalışıram ki, belə şeyləri dəstəkləyim. Düzdür, mən o statusu dəstəkləsinlər deyə yazmamışam, ancaq bu və digər mövzularda həmkarlarıma dəstək oluram”.
Tanınmış aktrisa Zümrüd Qasımova mövzu ilə bağlı öz fikirlərini bildirərkən belə hadisələrin son zamanlar çoxaldığını dedi: "Bir neçə il bundan qabaq axşam verilişində çalışırdım. İş yoldaşlarımdan biri bir neçə profildən girib mənə xoşagəlməz sözlər yazırdı. Onu tanıyırdım. Məni görəndə yanımdan keçirdi və mehribanlıq edirdi. Üzərindən uzun zaman keçəndən sonra mənə "Facebook”-da dostluq göndərdi. Çox tərəddüd etdim, ancaq dostluğunu qəbul etdim. Məclislərin birində görüşdük, dedi ki, "səni çox istəyirəm”. O, bir media nümayəndəsidir. Əslində üzümə gülsə də, onun daxilən kim olduğunu yaxşı bilirəm. İndi isə deyir ki, sizinlə görüşmək istəyirəm. Mən o insanın içini tanıyıram. Mənə o pisliyi edən insan hansı sevgidən danışa bilər. Mən heç kimə pis şərh yazmıram. Kiminsə haqqında danışmıram. Özümdən razı insanam. Narazı deyiləm ki, başqasının həyatına müdaxilə edim. Kiminsə haqqında fikrim olsa, hər hansı sənət yoldaşımın oynadığı obrazı bəyənməsəm, ona irad bildirmərəm. Çünki bu onun şəxsi işidir. İkincisi isə, bu mənim sənətimə xələl gətirirsə, ətrafımda olan insanları incidirsə, mən sözümü deyib, ona ünvanlayaram. Heç nədən çəkinmərəm. Sadəcə, öz səviyyəmi salaraq ondan hər kəsin qarşısında danışmıram. Özünə deyərəm, əgər alınmasa, başqa şəkildə danışaram. İnanın ki, mənim müasir texnologiyalardan yaxşı başım çıxmır. Boş vaxtım yoxdur ki, belə işlərlə məşğul olum. Elə sənət adamları var ki, həyatından narazıdır. Onlara yazığım gəlir. Gözəl işlə məşğul olsalar, gözəl filmlərə çəkilsələr, tamaşalarda oynasalar, şəxsi həyatlarında xoşbəxt olsalar, belə şeylərə vaxt tapmazlar”.
Vəkillər Kollegiyasının üzvü,hüquqşünas Ceyhun Cəfərlibizimlə söhbətində, istənilən halda təhqirin yolverilməz olduğunu vurğuladı: "Əgər kiminsə adından istifadə edərək xoşagəlməz ifadələr, təhqirlər işlədilirsə, yaxud yalan məlumat yayılırsa, bu, şərəf və ləyaqətin müdafiəsi üçün məhkəməyə müraciət etməyin vacibliyini göstərir. Belə hallar varsa, Zülfiyyə xanım üçün məhkəməyə müraciət etməyə əsas yaranır. Həm də zərərçəkən şəxs öz şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi üçün kompensasiya tələb edə bilər. Bu, tam olaraq informasiya qanunvericiliyinin tələblərinin pozulmasıdır. Məhz saxta profildən istifadə etmək, kiminsə adından yazmaq, sosial şəbəkələrdə yalançı adlarla profillər yaradıb fəaliyyət göstərən şəbəkə istifadəçiləri bu gün saysızdır. Təəssüf ki, bu məsələdə birbaşa tənzimləmə yoxdur. Biri də var, kompyuter məlumatlarının saxtalaşdırılması. Burda məlumat bazası zərər görürsə, bu, cinayətdir. Hazırda Milli Məclisdə saxta məlumatlar yayma ilə bağlı müzakirələr gedir”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər