• cümə, 29 Mart, 02:47
  • Baku Bakı 7°C

İnternet aludəçilərini bir baxışda tanıyacaqsınız

23.12.19 11:37 772
İnternet aludəçilərini bir baxışda tanıyacaqsınız
Texnologiyanın həyatımızın bütün sahələrinə hakim kəsilməsi internetin də hamı üçün əlçatan olmasına şərait yaratdı. Artıq istənilən məkanda daimi və sürətli internet vacib göstəricilərdən biridir. Ancaq internet insanları informasiyaya bir barmaq ucu qədər yaxınlaşdırmaqla bərabər, bir çox xəstəliyin də vasitəçisi oldu.
"Zəmanənin xəstəlikləri” kimi təsvir edilən problemlər son üç ildə qloballaşmağa başladı. Xüsusilə də, gənc nəslin "internet aludəçiliyi” artıq həyəcan təbili çaldırır. Həyatın demək olar ki, hər anında işimizi asanlaşdıran internet müasir insanın münasibətlərinin modelini və gündəlik vərdişlərini dəyişdirdi. Artıq səhər planlaşdırmaları, səhər və şam yeməyi söhbətlərini səssiz internet "surfing”ləri tutub. Hətta telekommunikasiya nəhəngi "Samsung” bu məqsədlə "həyatı əldən vermə” adlı sosial çarx belə çəkdi. Bəs, bu "xəstəliy”i necə ayırd edib, doğmalarımızı gündəlik insani fəaliyyətlərə yönləndirə bilərik?! "listinlist” internet aludəçilərini fərqləndirən cəhətləri siyahılaşdırıb:
· İnternet olmayan yerlərdə əsəbi, söhbət etmək istəməyən, könülsüz iştirakçıya çevrilənlər.
· Diqqət dağınıqlığı səbəbilə işlərini mütəmadi şəkildə sabaha saxlayanlar.
· "İnformasiya almaq” məqsədini irəli sürüb, əslində "fear of missing out” ("nədənsə xəbərsiz qalma”) sindromuna tutulanlar.
· Səhər yataqdan qalxmadan telefona "göz gəzdirənlər”.
· Yeməyə başlamamış, şəklini çəkənlər.
· Film izləmək üçün kinoteatrdan imtina edənlər.
· Daxil olduğu hər məkanda wi-fi şifrəsi soruşanlar.
· Durmadan səhifə yeniləyənlər.
· Sadəcə internetdə oxuduqları, gördükləri haqqında danışanlar.
· Üz-üzə gələndə münasibət qurmaqda, söhbətə başlamaqda çəkingənlik edənlər.
Əgər yuxarıda sadalananlar 14 yaş qrupuna daxil övladlarınızda da təzahür edirsə, onda dərhal bununla mübarizəyə başlayın. İnternetdəki zamanın səmərəli keçməsi üçün onu konkret mənbələrə yönləndirin, pis vərdişləyən aşılayan mənbələrin qarşısını alın. İnternetdə keçən zaman üçün məhdudiyyət qoyun, bu zamanı gündəlik fəaliyyətlərlə yükləyin – ərzaq bazarlığı, ev heyvanlarını gəzdirmək, yeni məkanlar kəşf etmək, kitab təqdimatlarında iştirak, s cizgi filmi kinoteatrda izləmək və s. Həftədə bir neçə dəfə yaşıdları ilə kostyum ziyafəti, gəzinti, ekskursiya, nahar yeməyi təşkil etmək onlar üçün həm etibarlı çevrə yaradacaq, həm də reallıqla iç-içə qalmaqlarını təmin edəcək. Əgər bu planlaşdırmaların heç biri işə yaramır və övladınızın internet aludəçiliyi ilə mübarizə apara bilmirsinizsə, zaman itirmədən professional dəstək almalısınız.

banner

Oxşar Xəbərlər