• cümə axşamı, 28 mart, 19:04
  • Baku Bakı 13°C

“İnsanın hərtərəfli yetişməsi öz dilinə mükəmməl sahiblənməyindən keçir” - Mənim balam

03.05.19 15:00 2549
“İnsanın hərtərəfli yetişməsi öz dilinə mükəmməl sahiblənməyindən keçir” - Mənim balam
Hər insan övlad sahibi ola bilər, ancaq hər övlad sahibi valideyn adını qazana bilməz. Çünki övlad yetişdirmək insandan səbir, dözüm, məsuliyyət tələb edir. Övladı bir ağac kimi təsəvvür edin, siz onu necə bəsləyərsinizsə, ona necə baxarsınızsa, o da bu cür öz bəhrəsini verəcək. Bu gün müsahibimlə "Mənim balam” rubrikasında görüşdük. Müsahibimdən öyrəndim ki, yaxşı valideyn olmaq üçün hər şeydən əvvəl uşağını sevmək lazımdır. Amma uşaqlara sevgini göstərməklə iş bitmir. Onlarla davranmaq üçün həm də müdriklik, ağıl və bacarıq tələb olunur.

Beləliklə, müsahibim media əhlinin daha yaxından tanıdığı, hörmət etdiyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovdur. O, 3 övlad atasıdır. Böyük övladı Cabirin 15, ortancıl övladı Ayanın 12, üçüncü övladı Fidanın isə 6 yaşı var.
- Bəşarət müəllim, övladlarınızı yetişdirərkən dədə-baba üsuluna üstünlük verirsiniz, ya sizin xüsusi tərbiyə metodlarınız var?
- Hər kəs düşünür ki, onun yanaşması, dünyagörüşü daha doğrudur və müdrik yanaşmadır. Uşaqlarımızın tərbiyə məsələsində hər birimizin görüb-götürdüyümüz, kökümüzə dayandığımız bir bağ var. İstər-istəməz, bu hər kəsdə özünü büruzə verir. Burada dünyagörüşü, həyata baxış tərzi, oxuduğun elm sahəsinin də müəyyən təsirləri var. Mən də öz övladlarımın tərbiyəsində - ta körpəlikdən - ilk növbədə onların sağlamlığını düşünmüşəm. Tərbiyə metodikasında özümün şəxsi olaraq doğru hesab etdiklərim yox, müəyyən müzakirələrin yekununda özümün qəbul edib düşündüyüm prinsiplərə əsaslanmağa çalışmışam. İnsan nəzəri olaraq çox şeyi bilsə də, onun tətbiqi məsələsi hər adamda doğru alınmaya bilər. Bu baxımdan, çalışmışam ki, hər zaman doğru metodu seçim. Mən övladlarıma açıqfikirli və müstəqil düşüncəyə sahib olmağı, istər valideynə, istərsə də yaşıdlarına, çevrəsindəki insanlara səmimi hörmət etməyi aşılamağa çalışmışam. Həmişə problemlərə baxanda düşünmüşəm ki, biz tarixən reallıqları ya çox gec qəbul etmişik, ya da reallıqlarla barışmaq istəməmişik. Bir çox problemlərimizin kökündə də bu durur.
Övladlarımın yaşları artdıqca, onlarla daha çox müzakirəyə üstünlük verirəm. Hesab edirəm ki, bu, daha faydalı yanaşmadır.

- Övladlarınıza açıq fikirlilik, müstəqil düşüncə aşılamağa çalışdığınızı dediniz. Bunu necə edirsiniz? Tətbiq metodunuz maraqlıdır.
- Müzakirələr vasitəsilə. Misal üçün, onlara deyirəm ki, hər hansı bir mövzu ilə bağlı mənlə açıq danışın. Düşünməyin ki, bu, atamızın xoşuna gəlməyə bilər. Onlara deyirəm ki, əgər atanız məsələyə bu cür yanaşırsa, siz atanızın yanaşma tərzi ilə deyil, düşüncə tərzi ilə razılaşmırsınızsa, bu, məcburi deyil. Ola bilsin, sabah sən mənim yaşıma çatanda mənim kimi deyil, bir az fərqli yanaşacaqsan. Onların davranışında, düşüncələrində bunun müsbət cizgilərini hiss edirəm.
- Misal üçün, bunu hansı prosesdə hiss edə bilirsiniz?
- Məktəbdə müəllimlərin ən çox təqdir etdikləri xüsusiyyətlərdən biri kimi məsuliyyətli, açıq fikirli olmalarından yola çıxaraq bunu deyə bilərəm. İstənilən məsələdə özlərinə məxsus fikirlərinin mövcudluğu var. Təbii ki, bir valideyn kimi, bu mənə xoş təsir bağışlayır.
- Adətən valideynlər həyata keçirə bilmədikləri arzularını övladlarının üzərində realizə etməyə çalışırlar. Bəs siz necə?
- Qeyd etdiyiniz məsələ cəmiyyətimizin ən problemli mövzusudur. Belə olduqda, elə bir vəziyyət yaranır ki, uşaqlar diktə altında yaşayır. Prosesi kökündən yanlış hesab edirəm. Bunun çoxsaylı nümunələri ilə rastlaşmışıq. Valideyn təsiri ilə peşə seçən insanlar ya peşələrində uğur qazana bilmirlər, yaxud da işlərini sevərək görmürlər. Bu gün bir sıra tanınmış adamlar da göstərə bilərik ki, onlar öz peşələrini dəyişdikdən sonra daha çox uğur qazanaraq tanınıb, faydalı nəticələrə nail olublar.

Digər tərəfdən, nənə-baba ilə yaşayan uşaqlarda hədsiz qayğı ilə əhatə olunma var. Basqı altında qalan uşaq nənə-babanın, valideynin arzularını gerçəkləşdirmək üçün bir vasitəyə çevrilir.

- Övladlarınızla zaman keçirə bilirsinizmi? Bu onların formalaşmasında nə kimi rol oynayır?
- Uşaqlarla zaman keçirmək ən vacib məqamlardan biridir. Bacardığım qədər övladlarımla zaman keçirməyə çalışıram. Valideyn-övlad münasibəti, onlarla birlikdə keçən zaman uşaqların dünyagörüşünün inkişafına daha çox təsir edir. Sən övladlarına ən yaxşı paltarları geyindirə, maddi tərəfdən təmin edə bilərsən, ancaq səninlə onun arasında bir bağ yaranmasa, gələcəkdə özündə boşluq hiss edəcək. Valideynlərlə keçirilən səmərəli vaxt onların tərbiyəsi və hərtərəfli yetişməsi üçün mühüm amillərdəndir.
- Oğlunuz 9-cu sinifdə oxuyur. İndi istiqamətini müəyyənləşdirdiyi məqamdır. Peşə seçərkən ona necə yardımçı olursunuz?
- Bu mövzuda övladlara basqının olmasının tərəfdarı deyiləm. Mənim özümdə də belə basqı olmayıb. Oğlumun aşağı siniflərdə humanitar sahəyə meyli var idi. Düşündüm ki, burda qan və gen faktorunun təsiri var. Ancaq yuxarı siniflərə gəldikcə, onun fənlərə marağı dəyişdi. Belə ki, kimya, fizika ixtisasına daha çox maraq göstərdi. Hazırda İT sahəsinə yiyələnmək istədiyini deyir. Mən də onun istəyinə hörmətlə yanaşıram. Hələ tam dəqiq ixtisaslaşma olmayıb. Öz seçdiyi fənlər üzrə olimpiadalara, fənn yarışmalarına qatılır. Bu sahədə marağının olduğunu da görürəm. İstənilən addımı atarkən inamlı olmaq ən vacib şərtlərdəndir. İnsan əldə etdiyi uğurda, hətta uğursuzluğun özündə müəyyən çətinliklərlə rastlaşır. Ən pis halda uğursuz nəticə əldə edirsə və o addımı özü atıbsa, daha inadkar, çalışqan olacaq ki, uğura tərəf yol alsın. Məhz bu səbəbdən uşaqlara bu sərbəstliyi verməyin tərəfdarıyam. Hesab edirəm ki, valideyn bəzi məsələlərdə müşahidəçi olmalıdır. Valideyn görərsə ki övladın qərarı tamam səhvdir, təkid və basqı ilə deyil, əsaslandırmaqla onun fikrinin dəyişməsinə cəhd edə bilər.

Deyirlər, uşaqlar valideynlərindən çox zəmanələrinə bənzəyirlər. Bu, həqiqətən belədir. İndi uşaqların düşüncələri o qədər inkişaf edib ki, özümü həmin yaşla müqayisə edəndə görürəm ki, onlar məndən daha çox inkişaf ediblər. Çünki bunu zəmanə tələb edir.

- Danılmaz faktdır ki, uşaqların formalaşmasında onların təhsil aldıqları müəssisələrin, müəllimlərin də böyük rolu var. Müəllimləri övladlarınızla sərt rəftar edərsə, bir valideyn kimi reaksiyanız necə olar?
- Bir çox hallarda belə məsələlərdə yalnız müəllimin adı hallanır. Əvvəlki illərə nəzər yetirsəniz görərsiniz ki, valideyn övladını məktəbə gətirəndə, onu müəllimə təqdim edib "əti sənin, sümüyü mənim” deyirdi. Yəni ki, övladımı formalaşdır, bilikli və çalışqan bir şagirdə çevir. Bu da valideynin müəllimə olan inam və etimadından qaynaqlanırdı. Bəzi hallarda müəllim-şagird münasibətlərində olmamış hadisənin olmuş kimi təqdim edilməsi məsələni mübahisəyə və müzakirəyə çevirir. Təbii ki, bu proses düz deyil. Bu, valideynlə müəllimin arasında qarşılıqlı etimadın olmamasından irəli gəlir. Valideynin məktəblə əlaqələrində zəiflik müşahidə olunur. Bu gün məktəblərdə təhsil sistemində valideynlərlə qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi ən vacib bəndlərdən biridir. Bunun üzərində kifayət qədər işlər görülür. Valideyn müəllimə etimad göstərməli və bilməlidir ki, müəllimin hər hansı tənbehi onun övladının inkişafı və gələcəyi üçündür. Bu, şagirdin daha yaxşı tərəfə dəyişməsi üçün müəllimin etdiyi bir cəhd ola bilər. Sadəcə, müəllimin seçdiyi yolun doğru və yanlış formaları var.

O ki qaldı sualınıza, övladlarım ibtidai sinifdə oxuyanda müəllimlərinə bir söz demişəm: "Mənim övladıma heç bir uşaqdan fərqli münasibət göstərməyin”. Əvvəl mətbuat sahəsində çalışmışam və oğlum indi də ondan soruşulanda deyir ki, atam jurnalistdir. Mən onlara demişəm ki, bu kimi məsələlərdə heç bir dəstək göstərməyəcəyəm. İzah edirdim ki, sabah mən onların yanında olmayacağam. Münasibət quracaq, çətinliyə düşəcək, kiminsə haqlı və haqsız vəziyyətini görərək onu dərk edəcəksiniz. Sabah bu nəticələr onların formalaşmasında böyük rol oynayacaq. Uşaqlıqdan hər bir çətinliyi görən adam həm həyata alışır, həm də bu kimi hadisələrlə qarşılaşanda bu, onlara zərbə olmur. Qayğı ilə, vakuumda böyüyən uşaq isə sabah bu cəmiyyətdə özünə yer tapmaqda çətinlik çəkəcək. Əgər hədsiz haqsızlıq olarsa, buna müdaxiləm olar. Ancaq bu heç bir zaman müəllimə, məktəbə hörmətsiz çərçivədə qurulmamalıdır.
- Övladlarınız rus, yoxsa Azərbaycan bölməsində təhsil alırlar?
- Övladlarım Azərbaycan bölməsində təhsil alırlar. Hər insan öz dilini sevməli və ona hörmət etməlidir. Təbii ki, bir sıra dillərə yiyələnmək gözəl tendensiyadır. Düşünürəm ki, insanın hərtərəfli yetişməsi elə onun öz dilinə mükəmməl sahiblənməyindən keçir. Valideynlər bir şeyi bilməlidirlər ki, məktəblər dil tədris kursu deyil. Adından göründüyü kimi, tədris ocağıdır, təlim-tərbiyə müəssisəsidir. Məktəb dil öyrətməklə kifayətlənmir, kompleks halda yetkin vətəndaş yetişdirmək vəzifəsini yerinə yetirir.
- Uşaqların yetişməsində, bir fərd kimi formalaşmasında çevrənin rolunu necə qiymətləndirirsiniz?
- Əlbəttə ki, ətrafın, mühitin böyük rolu var. Uşaq olduğu mühitin təmsilçisinə çevrilir. Bəzən deyirlər, uşaqları qorumaq üçün internetdən ayırmaq lazımdır. Ancaq mən bu düşüncədə deyiləm. Övladlarımla danışarkən deyirəm ki, hamı sizin kimi olmalıdır deyə bir anlayış yoxdur. Hər kəs sizin düşündüyünüz kimi düşünə bilməz. Hər bir məsələdə mövqeyinizi qorumağı bacarmalısınız. Övladlarıma təsir altına düşməyərək, özlərini qorumağı və düşündükləri sağlam xətti təbliğ etməyi məsləhət görürəm. Çünki bu, insanın düşdüyü mühitdə müqavimət qüvvəsidir. Uşaqları düşdükləri mühitdən təcrid etsək, gələcəkdə kamil övlad yetişdirə bilmərik. Belə olduqda, onlar cəmiyyətdə öz ayaqlarını üzərində dura bilməz. Valideyn lazımi anda hər şeyin mahiyyətini, fəlsəfəsini açaraq nəzarətini övladına hiss etdirməlidir və istiqamət verməyi bacarmalıdır. Bu ziyanlıdır - demək kifayət deyil. Bu nə üçün ziyanlıdır - izahını vermək lazımdır. Hər uşağın da öz qavrama qabiliyyəti var və uşağa məsələ o yerə qədər izah olunmalıdır ki, bunun nə üçün zərərli olduğunu tam dərk etsin. Bəzən deyirlər ki, insan savadlı ola bilər, ancaq yaxşı müəllim ola bilməz. Çünki öyrətmək özü xüsusi bir qabiliyyətdir. Öyrətdiyin məsələnin, mövzunun mahiyyətini izah etməyi bacarmalısan. Tərbiyədə məhz bu prinsipi əsas götürürəm.

Xəyalə Rəis



banner

Oxşar Xəbərlər