• cümə, 29 Mart, 12:55
  • Baku Bakı 14°C

“İnsanı sona qədər həyəcanda saxlayır” - Onun film seçimi...

09.10.17 10:00 5194
“İnsanı sona qədər həyəcanda saxlayır” - Onun film seçimi...
Bəzən insanlardan boş vaxtlarında nə ilə məşğul olduğunu soruşanda filmə baxdığını deyir. Film artıq insanlar üçün estetik zövq verən, onların dünyagörüşünü inkişaf etdirən ən gözəl vasitədir. Boş vaxtı olan şəxslər dostlardan baxmağa, zamanı xərcləməyə dəyən yaxşı film soruşurlar. Bu zaman çoxlu film adları məsləhət verənlər olur. Bu dəfə isə film məsləhəti üçün həm televiziya, həm də radio aparıcısı, CBC Sport televiziyasının şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərliyə müraciət etdik.

R.Əfsərli deyir ki, film seçimini ölkələrə, rejissorlara və ya janrlara görə aparmır. Bu mənada zövqü universaldır: "Amma sevdiyim ölkələr, rejissorlar və janrlar da var. Azərbaycan filmlərini çox sevirəm. Böyük əksəriyyətinə dəfələrlə baxmışam, əzbərdən bildiyim replikalar çoxdur. Rejissorlar arasında Kventin Tarantinonun kino sənətinə yanaşması, stereotipləri dağıtması xoşuma gəlir. Fikrimcə, film anlayışını dəyişmiş insandır. Az çəkir, amma hər çəkdiyi şedevrdir. Janrlar arasında isə psixoloji filmlərə üstünlük verirəm. Süjet xətti elə olmalıdır ki, yuxulamayım. İndi sadalayacağım "5-lik” yaxın vaxtlarda dəyişə bilər. Amma bu gün üçün sizin sualınıza cavab olaraq ilk ağlıma gələn filmlər bunlardır”.

Onun ilk seçimi Kventin Tarantinonun rejissorluğu ilə çəkilən "Şərəfsiz əclaflar”dır. Deyir ki, alternativ tarix həmişə diqqətini cəlb edib: "Burada da tarixi hadisələr olduğu kimi yekunlaşmır. Rejissorun dünyaya və tarixə öz baxışı var. Üstəlik, qarışıq süjet xətti və dialoqlar çox maraqlıdır. Bir də ki, Kristof Valtzın oyunu əladır. Həm ironik, həm qəddar, həm zarafatcıl, həm də ciddidir. Bu aktyoru kəşf elədim və fikrimcə, gördüyüm ən yaxşı aktyordur. Filmin musiqi seçimi də əladır. Tarantino ümumiyyətlə, "rəfdə qalmış" köhnə bəstələrə yeni həyat verir”.

"Həyat gözəldir” filmini də bəyənir. Deyir ki, italyan filmlərində özünəməxsus yumor hissi var: "Burada Roberto Beninyi özünü dahi göstərib, həm rejissordur, həm də baş rolun ifaçısı. Filmdə həm tarixi dövr, həm də bir xalqın xüsusiyyətləri dəqiq təsvir edilib. 1940-cı illərin İtaliyası haqda heç nə bilməsən belə, bu filmə baxmaqla hər şeyi öyrənmək olar. Qanlı müharibəni qan olmadan və gülüşlə təsvir edən başqa film tanımıram. Gördüyüm ən qəmli komediyadır. Xüsusilə, ata olandan sonra baş qəhrəmanın yaşadıqlarını hiss edirəm”.

Robert Zemekisin rejissorluğu ilə ekranlaşdırılan "Geriyə gələcəyə doğru” (hər 3 hissə) filmini də sevdiyini dedi: "Zaman və zaman maşını ilə bağlı filmləri və kitabları çox sevirəm. Düşünürəm ki, bu mövzuda daha yaxşısı çəkilməyib. Yaradıcılar nöqtə-vergülünə qədər gələcəyi dəqiq göstəriblər. Süjet yormur, yumor və ironiya var. Aktyor oyunu yüksək səviyyədədir”.

"Oldboy” filminə qədər bir dənə də olsun Koreya filminə baxmadığını deyir. Amma bu film onu yaxşı mənada təəccübləndirib: "Keyfiyyət yüksək səviyyədədir. Film adına hər şey var. İnsanı sona qədər həyəcanda saxlayır. Mövzusu isə çox dərindir. Batil münasibətləri tənqid edir, Rejissor, montaj işi əladır”.

Yorulmadan, dəfələrlə baxdığı film "İstintaq”dır: "Azərbaycan filmlərini ayırmıram. Yorulmadan və dəfələrlə baxaram. Köhnə filmlərimizdə ən çox sevdiyim amil hər kəsin işinə çox diqqətli və incə yanaşmasıdır. Boş yerə seçim yoxdur. Aktyorlar konkret rola görə seçilir və "nöqtəyə" düşürlər. Bu, Rasim Ocaqovun bacarığıdır. "İstintaq"da hər şey yüksək səviyyədədir. Həsən Məmmədov və Aleksandr Kalyaginin fantastik oyunu, Səməndər Rzayevin fantastik dublyajı çox yaxşıdır. Rus versiyasına da baxmışam və deyə bilərəm ki, Səməndər Rzayev Kalyagini onun özündən daha yaxşı səsləndirib. Və əlbəttə, böyük Emin Sabitoğlunun əla musiqisinin də rolu danılmazdır”.

Günel Azadə
banner

Oxşar Xəbərlər