• çərşənbə axşamı, 16 aprel, 22:40
  • Baku Bakı 18°C

İnsan yaxşı hadisələrdən də depressiyaya düşə bilir - Gör-götür

04.01.19 11:00 2425
İnsan yaxşı hadisələrdən də depressiyaya düşə bilir - Gör-götür
Deyir ki, müasir psixologiya düşüncənin üstündə çox dayanır. Çünki bəzən elə çox şey bundan asılı olur. Biz depressiya, psixoloji problemləri adətən, pis hadisələrin yaratdığını düşünürük. Lakin bəzən yaxşı hadisələr də insanda depressiya yarada bilir. "İnsanın situasiyanı necə qəbul etməsindən də çox şey asılıdır. Düşüncədən asılı olaraq müsbət hadisələr adama mənfi yükləyə bilər” – deyən müsahibimiz psixiatr Orxan Fərəclidir.

- Sosial şəbəkələrdə "Qadınlar qarğışla, kişilər söyüşlə danışmağa başlayıblarsa, böyük ehtimalla "nevroz” yaxınlaşır” yazmışdınız. Maraqlıdır, burda yaxınlaşmaq deyəndə nəyi nəzərdə tutursunuz?
- Bu, əslində, elmi fakt yox, həkim müşahidəsi, subyektiv baxışıdır. Əsəbilik ayrıca xəstəlik deyil, müxtəlif xəstəliklərin əlamətidir. Mən dediyim onlardan biridir, sadəcə, içinə bir az da yumor qatılıb.

- Bizdə əsəbiləşən kimi qarğışla danışan qadınların, söyüşlə fikrini ifadə etməyə çalışan kişilərin sayı heç də az deyil. Nevroz çox adamda yaxınlaşmaq üzrədir?
- Bəzən adam kefsizdirsə, depressiyaya düşdüyünü, əsəbidirsə nevroz olduğunu deyirlər, amma bu, belə deyil. Mövzuya o kontekstdən baxsaq, qarğış və söyüşlə danışan adamlarda əsəbilik ola bilər, amma yüz faiz nevroz da adlandıra bilmərik. Bir simptoma görə diaqnoz qoymaq peşəkarlıqdan uzaqdır. O baxımdan "yaxınlaşır” sözü yerinə oturub, yəni, yaxınlaşır, hələ özü deyil.


- Müsahibə üçün danışanda dediniz ki, pasientlərdən vaxt edib ofisə gəlmək çətin olacaq. Pasientin sayı çoxdursa, deməli, ya sizin sahəyə müraciət edənlərin sayı artıb, ya da həkim olaraq sizə tələb var.
- 2-3 il öncə Dövlət Statistika Komitəsinə ölkədəki psixiatrların sayı ilə bağlı sorğu göndərmişdim. O vaxt 330 nəfər psixiatr var idi, indi lap 400 olsun. Çağımızda əsəb, sinir problemlərinin nə qədər artdığını nəzərə alsaq, yenə də bu qədər mütəxəssis on milyonluq ölkə üçün azdır. Bunu birbaşa şəxsimlə əlaqələndirməzdim, həm həkim sayı azdır, həm də xəstəliklər artıb.

- Psixitar yanına nə vaxt gedilməlidir? Nə vaxt məsələ psixoloqluqdan çıxır?
- Siz müsahibədən öncə mənim o "yurdumun insanı” müraciət formamı xatırlatdınız. Bax, o, yurdumun insanı hələ psixiatr və psixoloqa qədər uzun bir yol keçir. Əsəb problemləri ilə bağlı birinci falçı və mollalara müraciət edirlər, düzəlmirsə, ekstrasenslərə üz tuturlar. Əgər orda da bir şey alınmırsa, terapevtlər, ardınca nevropatoloqlar yada düşür. Bunları keçirlər və nəticə alınmadığını görəndə psixiatr, psixoloqlara gedirlər. Yəni, doğru ünvana qədər 5-6 yerə gedirlər.

Mövzunu depressiya üzərində izah edək. Depressiyada olan adamın hansı hallarda psixoloqa, nə vaxt psixiatra müraciət etməsi ilk olaraq şəxsin özündən asılı məsələdir. Amma depressiyanın müalicəsi ilə bağlı kliniki protokolun tövsiyəsinə əsasən, əgər problem yüngül dərəcəlidirsə, sadəcə psixo terapiyalarla aradan qaldırıla bilərsə, seansı psixoloq da edə bilər, psixiatr da. Burda mütəxəssis fərqi yoxdur. Depressiyanın dərəcəsi orta və ya ağırdırsa, intihar düşüncələri varsa, burda hər ikisinin müdaxiləsi lazımdır. Həm dərman, həm psixoloji seans. Əslində, burda da problemin kökündə nəyin durmasına baxılır. Problemin kökü ailə məsələləri ilə bağlıdırsa, o zaman psixoloji seans olması daha yaxşıdır, nəinki dərman. Problemə görə, dəyişən məsələdir. Filan vaxt psixoloqa, filan vaxt psixiatra gedilməsi ilə bağlı konkret nöqtə yoxdur.


- Ürəyi ağrıyan adam bunu özü deyir, amma, məncə, psixoloji problem elədir ki, insanlar bunu bir az qəbul etmək istəmirlər...
- Bu, daha çox şizofreniya kimi ağır xəstəliklərdə olur. Onlar çox vaxt özlərində xəstəlik əlaməti görmürlər. Günümüzdə daha çox yayılmış depressiya, təşviş-həyəcan pozuntularında insanlar problemin fərqində olurlar. Ürək məsələsini vurğuladınız. Deyim ki, ürək ağrılarının müəyyən bir hissəsi psixoloji səbəblərdəndir. Xəstənin ürəyi çırpınır, boğulur, havası çatmır, ağrı qoluna, kürəyinə vurur. İnsanların ağıla ilk gələn infarkt olur. Amma müayinə zamanı ürəkdə problem çıxmır. Mədə-bağırsağı pozulan, yaxud dərisində səpkilər yaranan adam bütün müayinələrdən keçir, yenə heç bir problem aşkarlanmır. Burda işin psixoloji tərəfi ortaya çıxır. Yəni, xəstəliyi yaradan birbaşa səbəb tapılmırsa, deməli, psixoloji nüans var. İnsanlar təəccüblənirlər ki, əsəbə görə ürəkdə bu cür ağrı ola bilər? Əsəb dediyin vurub-yıxmaq deyil, psixoloji gərginlikdən bədəndə müəyyən ağrılar yarana bilir. Hətta bir müddət sonra doğmaları da onlara inanmırlar, deyirlər ki, yoxlatdıq, heç nə çıxmadı.

- Bu zaman deyirlər ki, səndə problem psixolojidir. Amma o mənada ki, sən orda xəstəlik olduğunu öz beyninə yeritmisən, əslində, heç nə yoxdur. Gərginlikdən dolayı ağrını isə qəbul etmirlər...
- Bəli, insanlar bunu qəbul etmək istəmirlər. Elə bilirlər ki, psixolojidirsə, deməli, bilə-bilə özün beyninə salmısan. Amma bu, insanın özündən asılı deyil. Boğulursa, havası çatmırsa, həqiqətən bunu yaşayır.

- Xoş və pis anların insana psixoloji təsirindən danışaq. Çünki nədənsə pis anların insanda təsiri daha çox qalır...
- Pis anlardan çox danışılır, mən yaxşı anların təsirindən qısa bir şey demək istəyirəm. Depressiyada tətbiq edilən interpersonal adlı terapiya növü var. Orda depressiyanın yaranma səbəblərindən biri də rol keçidi qiymətləndirilir. Yəni, insan bir mərhələdən digərinə keçəndə depressiya yaşaya bilər. Biz depressiya deyəndə ağlımıza daha çox pis şeylər gəlir, amma əslində, bəzən insan yaxşı hadisələrdən də depressiyaya düşə bilir. Məsələn, tibb tələbəsi illərlə həkim kimi çalışmağı arzu edir. Amma vaxt yetişir, universiteti bitirib həkim kimi işə başlayanda depressiya yaşayır. Tələbəlikdən həkimliyə keçid yaxşıdır, amma tələbəliyin nostalgiyasını yaşayır, o dövrün xoş anlarını xatırlayır. Yaxud, gənc qadın ana olmağı çox istəyir, lakin ana olanda depressiya yaşayır. Hər ikisi müsbət haldır, amma insana depressiya verə bilir. İnsanın situasiyanı necə qəbul etməsindən də çox şey asılıdır.


- Pozitiv düşünmə insanın təməlində olmalıdır?
- Yox, düşdüyü situasiyadan, o anın şərtlərindən, həmin an verdiyi qiymətdən asılıdır. Biz müasir psixoterapiyada düşüncənin üstündə çox dayanırıq. İnsan həmin an nə düşünür? Məsələn, bir pasientim deyirdi ki, qapını döyürəm, anam bir dəqiqə gec açan kimi ona nə isə olduğunu fikirləşirəm. Bunu düşünən kimi həyəcanlanır, ürəyi çırpınır, bədənini istilik basır, tərləyir və s. Amma anasının qonşuda, ya hamamda olduğunu düşünsə, bədənində o əlamətlər olmayacaq. Nə düşündüyündən çox şey asılıdır. Düşüncədən asılı olaraq müsbət hadisələr adama mənfi yükləyə bilər.

- İnsanların psixoloqu durumu ilə bağlı sosial şəbəkədə hər hansı dəyərləndirmə aparmaq mümkündür?
- Müəyyən təəssürat yarana bilər, amma oturuşmuş fikir demək olmaz. Çünki bizim sahədə hər şeyə xəstəlik, problem demək də inanılmaz çətindir. Tutaq ki, bir nəfər əlini 10-15 dəfə yumasa, rahat olmur. Siz deyə bilərsiniz ki, bu qədər əl yumaq olar? Bu, o adamı narahat etmirsə, problem deyil. Düzdür, bu təmizlik məsələsinin problem halına gəldiyi məqamlar da var. Amma məsələyə daha geniş baxsaq, adamın özünü narahat etmirsə, baş verənə problem kimi baxmaq çətin məsələdir. Siz o adama necə diaqnoz qoya bilərsiniz ki, sizdə obsessiv-kompulsiv pozuntudur.

- "Əsəb bizdə ailədədir” deyənləri çox görürük. Amma belə fikir də var ki, valideyn əsəbi olursa, bu, uşağa gərginlik ötürür.
- Burda da konkret nə isə demək çətindir. Şizofreniya kimi xəstəliklərin genetik yolu araşdırılıb. Əgər valideynlərdən biri bu xəstəlikdən əziyyət çəkirsə, 10-13 faiz övladlarından birində olma ehtimalı var. Amma bildiyim qədərilə əsəbiliyin genetikası öyrənilməyib. Bəli, "hamımız əsəbiyik, hamımıza həkim lazımdır” deyən ailələr var. Amma yenə də burada genetikanın, yoxsa yetişmə tərzinin daha çox rolu olduğunu araşdırmaq lazımdır. Məsələn, əsəbi ailənin 3 uşağı var, o uşaqlardan birini daha sakit ailəyə versinlər. Görək sakit ailədə böyüyən yenə əsəbi olacaq? Bunları araşdırmaq lazımdır. Çünki bu məsələnin tərsi də var. Çox səs-küylü əsəbi ailələrdə sakit uşaqları da görmüşük.

- Bizdə belə fikir var ki, nevroz müalicə ilə tam sağalmır, dərmanlar müvəqqəti sakitləşdirir...
- Qətiyyən belə deyil. Sağalma nisbi anlayışdır. Tam sağalan nə qədər xəstəlik tanıyırsınız? Deyək ki, mədədə qastrit var. Müalicə ilə keçdi, amma sonra nə gəldi yesəniz, təkrar problem olacaq. Boğazınız ağrıyır, müalicə edirsiniz keçir, soyuq su içən kimi yenə ağrıyacaq. Müalicə olunanda xəstəliklərin əlamətləri gedir, amma qayıda bilər və çoxu təkrarlanır. Bəzi cərrahi, infeksion xəstəlikləri çıxa bilərik. Nevrozlar da belədir, adam dərmanlarını içib yaxşılaşır. Sonra getdi narkotik maddə istifadə etdi, gecə 4-5-ə qədər telefonda oturdu, yatmır, spirtli içki qəbul edir. Bunlar xəstəliyi yenə geri qaytaracaq. Həyat tərzi, hadisələrə yanaşma, günlük rejim və s. təsir edir.


- Telefon məsələsinə toxundunuz. Telefon bütün gün əlimizdədir. Bunun əsəbi olmağımıza nə kimi təsiri olur?
- Birincisi, bütün pasientlərimə deyirəm ki, yuxunuza fikir verin. Bu, bir az geniş məfhumdur, yəni tez yatıb, tez durun. İkincisi, nəyə baxmaq önəmlidir. Bütün günü baş kəsmə videolarına, neqativ yüklü xəbərlərə baxsanız, təsirsiz ötüşməyəcək. Yəni, gec saatlara qədər telefonda olmursunuzsa, yuxunuzdan alıb ora vermirsinizsə, doğmalarına ayırdığın vaxtdan kəsmirsənsə, problem deyil.

- Adam var evdə daha əsəbidir, adam var çöldə...
- Çox vaxt birinci ilə rastlaşırıq. Adam evdə əsəbi olur, çöldə yox. Amma çöldə əsəbi olanın evdə əsəbiləşməməyi mümkün deyil. Ümumiyyətlə, biz gərgin olduğumuzu, bundan dolayı nəyəsə əsəbiləşdiyimizi əsasən yaxınlarımıza hiss etdiririk. Gərək elə həddə çatasan ki, artıq hamıya qarşı kobudluq edəsən.

- Komplekslərdən də danışaq. Adam "komplekssizəm” deyir, amma tamam başqa məsələdə əsl kompleksi ortaya çıxır. Komplekssiz adam varmı?
- Yoxdur, tam komplekssizliyin özü də kompleksdir. Adam düşünür ki, filan sahədə kompleksli olsam, mənə "kompleksli” deyəcəklər. O da bunu qəbul etmir. Bu, xəstəlik deyil, amma sosial insanıqsa, müəyyən dəyərlər var ki, onları nəzərə almalıyıq. Məsələn, utancaqlıq dediyimiz sosial fobiya var. Onlar auditoriya qarşısında çıxış edə bilmirlər, fikirləşirlər ki, nəyisə səhv deyər, hamı onlara baxar, pərt olar. Danışanda üzləri qızarır. Yeni paltarı ilk dəfə işə geyinmək, hamı oturandan sonra qapını döyüb otağa girmək, nə isə mal alanda geri qaytarmaq adi həyati situasiyalardır, amma onlar üçün dəhşətli problemdir. Yaxud xarici görünüşünə görə kompleks keçirənlər olur. Qaşımın biri aşağıdır, burnumun forması qəribədir, qulağım, sinəm belədir və s. Bunun üçün ağır əməliyyatlara getməkdən belə çəkinmirlər. Bəzən estetik olaraq adamın əməliyyata ehtiyac olduğunu görürsən, amma heç də həmişə belə olmur.

- Bir dəfə toyda sizinlə yanaşı oturmuşduq. Hamı toyda əylənirdi, siz telefonda pasientlərə cavab verirdiniz. Sanki toyda deyildiniz. Bu, sizə gərginlik vermir?
- Telefon mənə xəstəyə baxmaqdan çox gərginlik verir. Gündə ortalama 120-130 zəng cavablandırıram. Fiziki olaraq artıq votsapda mesajlara cavab verməyə çatdıra bilmirəm. Bir dostum Almaniyada psixiatr işləyir, deyir ki, həkimin şəxsi nömrəsinin pasientdə olması pasient üçün lüksdür. Çox nadir haldır. Amma bizdə bütün reseptlərimdə şəxsi nömrəm yazılır. Bir az daha fərqli işləmə üslubum var. Bu təkcə mənə yox, bizdəki bütün həkimlərə aiddir. Məsələn, bir dərman təyin edirik. Onun yan təsirləri ola bilər. Bəzən ağır xəstələrlə işləyirik, intihar, özünə zərər vermə riskləri ola bilər. Ona görə pasientlə əlaqədə olmağı özüm istəyirəm. Amma bir müddət sonra bu, artıq müəyyən həddi aşır. Bu, bütün pasientlərə də aid deyil, eləsi var ki, axşam saatlarında, istirahət günlərində yığmırlar. Amma heç kim kefindən yığmır, problem olur ki, zəng vururlar. Bacardığım qədər cavablandırmağa çalışıram, amma yorucu olur. Bunu da etiraf edim.
Müayinə vaxtı telefona cavab vermirəm, çünki pasientdən diqqətim yayına bilər.

- Müayinə zamanı diqqət yayınsa...
- Diqqətin müayinədə olması şərtdir, çünki bəzən hansısa problemi açmaq üçün bir sözü tutmaq lazımdır. Xəstəyə kifayət qədər diqqətlə qulaq asmaq lazımdır. Bir dəfə bir oğlanı atası yanıma gətirmişdi. Müayinə zamanı oğlanda nə isə əlamət tutmaq olmadı, çünki gizlədirdi. Axırda sağollaşmaq üçün əlimi uzadanda oğlan əlini stola vurub sonra mənə əl verdi. Belə bir obsessiya var ki, birini bura vurdu, birini ora. Mənim diqqətimi çəkdi, sual verdim. Əsl müayinə ondan sonra başladı. Adamı 40 dəqiqə müayinə etdim, o hiss etməməyim üçün özünü sıxırdı. Bu detal da mənim gözümdən qaçsaydı, heç də yaxşı olmazdı. Düzdür, onun yaxınları məlumat verəcəkdi, amma həkimin özü görməyi də başqadır.


- Müayinədə insanı çözmək nə dərəcədə asan olur?
- İnsanı çözmək çox çətindir. Çünki insanlar, problemlər, baş verənlərə baxış bucaqları fərqlidir. Ona görə ilkin müayinələr 40-50 dəqiqə çəkir, insanı duya bilmək üçün bu belə azdır. Empatiya qurmağa çalışırıq. Pasient sizinlə ünsiyyətdən sonra müəyyən rahatlıq əldə etməlidir. "Narahat olma”, "yaxşı ol” tipli söhbətlə yox. Pasient onu başa düşdüyünüzü hiss etməlidir.

- İntihardan xilas edə bilmədiyiniz xəstəniz olub?
- 2-3 pasientim intihar edib, amma müalicə ərəfəsində yox. 6 ay, bir il sonra olub. Bu, həkim kimi narahat olduğum məqamlardan biridir, onu maksimum nəzarətdə saxlamağa çalışıram.

- Maraqlıdır, heç öz psixoloji durumunuzu dəyərləndirirsiniz?
- Bəli, hazırda antidepresant içirəm. İşlərdən dolayı gərginlik yarana bilir. Bunu daha çox doğmalarımız hiss edir. Özümü qorumaq üçün yuxu rejimimə diqqət edirəm. Əksər hallarda on, on birin yarısı yatıram, səhər yeddidə oyanıram. Gecə yuxusu qaydasında olanda əsəb problemlərinin böyük hissəsi həll olunmuş sayılır.

- Peşə xəstəlikləri ilə bağlı bir yazı hazırlaşmışdım. Müsahibim demişdi ki, psixiatrlaruzun müddət psixi xəstələrlə təmasda olduqları üçün çalışdıqları mühit, şərait onlardapeşə xəstəliyi- nevrozlar əmələ gətirə bilir.
- Əskinə, peşəm psixoloji durumumu qorumaqda mənə kömək edir. Əvvəllər, bizim evdə nə atamda, nə qardaşımda, nə məndə avtomobil yox idi. Buna həvəsli deyildik. 7-8 il əvvəl qardaşım avtomobil aldı. Mənim ağlıma gəldi ki, o, maşını vuracaq. Həqiqətən də vurdu. Əgər mən psixiatr olmasaydım, düşünəcəkdim ki, ağlıma gəldi deyə vurdu. Ondan sonra ağlıma başqa nə gəlsə, fikirləşərdim ki yenə olacaq. Amma fikirləşdim ki, mənim qardaşımın o maşını vurma ehtimalı çox idi. Çünki ilk dəfə idi otururdu, vurması da təbi idi.

Ümumiyyətlə, bizdə psixiatr olan məclislərdə iki baxış olur. Bir qrup özünü yığışdırır ki, baxıb mənə nə isə deyər. Bəziləri də baxır ki, psixiatrın öz başı xarab olubmu?

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər