İnsan hər şeydən öncə yol deməkdir
"Sevdiyim əsər”
layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında
söhbət edirik. Budəfəki həmsöhbətimiz yazıçı, şair, tərcüməçi, Azərbaycan
Yazıçılar Birliyinin üzvü Seyran Səxavətdir. Seyran müəllimin sevdiyi əsər
Ziqfrid Lentsin "Gözəgörünməz qonşu” hekayəsidir.
– Qoltuq ağacını?
– Hə, əvvəlcə əl yellədi, sonra qatar uzaqlaşanda ucuna ağ yaylıq bağlanmış qoltuq ağacını pəncərədən bayıra çıxarıb yellədi, ta gözdən itənədək...” Sualım ondan ibarətdir ki, qoltuq ağacına bağlanmış ağ yaylıq hekayədə hansı mənanı ifadə edir?
Mənim belə xarakterim var ki, yolda valideynlərinin yanında gedən qəşəng uşaq görəndə mütləq ayaq saxlayıb, onu əzizləyirəm, bəzən ərk edib yüngülcə, incitmədən çimdikləyirəm. Bu zaman elə hiss edirəm ki, o uşaq elə Şvammın oğludur. Həssas insanlar sanki Allaha bənzəyirlər. Hekayədəki hər üç obraz da belədir. Bu həssaslığa özüm ad vermişəm: sürtülmüş həssaslıq, yəni bir az ələ-ayağa dolaşan, öz vəzifəsini bitirmiş. Ən gözəl detallardan biri də budur ki, hər iki həssaslıq o uşaqdan keçib gedir. Çünki sürtülmüş həssaslıq məsumluqdan keçəndə öz əsl mahiyyətini dünyaya gətirir. Sanki həssaslığın "döl kampaniyası” başlayır. Bilirsən, necə ki odu, suyu, havanı qoruyuruq, belə həssaslığın da üstündə əsməliyik. Bax, hekayənin məziyyəti də, keyfiyyəti də, lap elə əziyyəti də elə budur...
Söhbətləşdi: Fərid Hüseyn
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Ziqfrid Lentsin
"Gözəgörünməz qonşu” hekayəsi sizin sevdiyiniz əsərdir?
– Düzü, çox da dərinliyə
getmək istəmirəm, çünki bu, – yəni əsərlərin məziyyət və keyfiyyətindən
danışmaq ədəbiyyatşünasların, ədəbi tənqidçilərin işidir. "Oxucu” təcrübəm
yazıçılıqdan çox olan biri kimi hekayənin məziyyətlərinə qalxmadan və ya
keyfiyyətlərinə enmədən deyə bilərəm ki, bu hekayə həyatın əkizidir, hətta,
həyatdan bir addım da üstün olacaq dərəcədə təbii və səmimidir. Madridə
səfərimizdə bizi bir kəndə apardılar, sanki Madriddən bir hissəni kəsib
kənddəki dağların üzərinə atmışdılar. Yəni həmin ərazi həm kənd idi, həm də
şəhərin mərkəzi. Eynilə "Gözəgörünməz qonşu”dakı məkan kimi şəhərdən kənarda,
amma eyni zamanda tam mərkəzdə. Bu əsəri təxminən 40 il əvvəl oxumuşam.
Bilirsən, Fərid, məndə bir xüsusiyyət var ki, kitabı ilk səhifədən açıb
oxumuram, ixtiyari bir yerdən vərəqləyib mütaliəyə başlayıram, əgər xoşuma gəlirsə, sonra əvvələ qayıdıram.
Z.Lentsin kitabını da açan kimi "Gözəgörünməz qonşu” hekayəsi olan səhifədən açdım.
Oxudum və çox xoşuma gəldi. Əgər bitirdikdən sonra hekayəni mənəvi cəhətdən
əlimə götürməyə çalışsaydım, belə bir şey mümkün olsaydı, inan qaldırmağa gücüm
çatmazdı.– Hekayədə üç obraz var: Şvamm,
onun oğlu və gözəgörünməz qonşu (adam). İstərdim obrazların əsərdəki
mahiyyətini, kimliyini şərh edəsiniz.
– Əsəri elə ilk oxuyanda da
hiss eləmişdim ki, Şvamm obrazı balaca uşaqla gözəgörünməz qonşu arasında
qalıb, hər iki tərəfdən sanki məngənə ilə sıxılır. Əslində, əsərdə ən çətin
duruma düşən odur – ortalıqda qalmaq çox pis şeydir. Bax, bu iki tərəfdən
sıxılan Şvammın bədii jest və mimikaları, söz-söhbəti özündə taleyi,
çarəsizliyi və bəzən də uğursuzluğu birləşdirir. Uşaq isə əsərdəki saflığın,
gələcəyin rəmzidir. Gözəgörünməz qonşu isə yaşanmış, bitmiş ömrün simvoludur.
Sanki bu obrazların hərəsi bir dövrü ifadə edir: Gözəgörünməz qonşu keçmişi,
Şvamm indiki zamanı, uşaq isə gələcəyi. Elə bil yazıçı demək istəyir ki,
əslində, bütün zamanlar bir yerdə – bir məkandadır. – "Hər dəfə məktəbə gedərkən yolda dəmiryolu şlaqbaumu bağlandığı üçün səhər
qatarının keçib getməsini gözləyən” uşağa qatarda əyləşən sərnişinlərdən heç
biri əl eləmir. Yazıçı bu detalla nə demək istəyir, yaxud siz hekayədəki bu
detalı necə mənalandırırsınız?
– Məncə, bu mənanı duymaq
çox da çətin başa gəlmir. Fikrimcə, insan hər şeydən öncə yol, hərəkət
deməkdir. Mən çox yerləri gəzmişəm, yolun fəlsəfəsi çox ağırdır. Əsərdəki o
qatar da dünyanı xarakterizə edir, onun gəldi-gedərliyini göstərir. O qatardakı
sərnişinlərin hamısı elə biganələşib ki, onlar artıq özlərinə qarşı da laqeyddirlər,
gözləri heç kimi görmür, eləcə də saflığı – o uşağı. – Şvammın oğluna əl eləmək üçün başqa bir şəhər gəldiyini biləndə
gözəgörünməz qonşu əsəbiləşir. O, Şvamma irad bildirir ki, bu hərəkətinlə sən
uşağı aldadırsan, onu ələ salırsan... Sizcə, oğlunu xoşbəxt etmək istəyən
atanın bu addımını gözəgörünməz qonşu niyə bu qədər aqressiv qarşılayır?
– Əslində, bu aqressiya əsərə tam hakim deyil, müəyyən zaman
kəsiyində baş verən məsələdir. Sonda gözəgörünməz qonşunun uşağa əl eləməyi də
bunu sübut edir. İnsan daxilinin neçə-neçə qatlarının olması balaca bir
hekayədə necə ustalıqla əks olunub... Hekayədəki pillələr ancaq aşağı və
yuxarıya aparmır, çoxyönlü, çoxünvanlıdır. Nəhəng yazıçı belə olar e..! Bəzi
əsərlər var ki, dost-tanış yanında tost niyyəti ilə tərif etmək belə, adama
günah kimi gəlir. Amma bu əsəri hamıya danışmaq istəyirsən... – Sizcə, müəllif gözəgörünməz qonşu obrazını niyə bu qədər gizli, sirli
saxlayır: Onun adı bilinmir, əsərin sonunda hara gedəcəyi aydın olmur. Hətta
gözəgörünməz qonşu Şvamı otağın işığını yandırmağa qoymur ki, onun siması
oxucuya bəlli olsun. Sanki bu qəhrəman həm var, həm də yoxdur... İstərdim bu
barədə danışasınız...
– Çox düzgün qeyd elədin, o həm var, həm də yoxdur. Əslində,
hamımız elə deyilikmi? Həm varıq, həm yoxuq. Mən sənin üçün varam, amma
Amerikadakı bir adam üçün heç doğulmamış kimiyəm. Dünya da elə həm var, həm yox
kimidir. – Sonda oğluna qatardan keçəndə əl eləmək üçün başqa bir şəhərə gələn
Şvamm mehmanxanada yatıb qalır və qatarı qaçırır, amma onun otaq yoldaşı həmin
şikəst adam – gözəgörünməz qonşu qatarla gedir və o, uşağa əl edir. Əsər belə
tamamlanır: "Şvamm axşamüstü evinə çox dilxor qayıtdı. Mehmanxanada bir gün də
artıq qalmağa imkanı yox idi. Qapını oğlu açdı. Uşağın gözündən xoşbəxtlik
saçırdı. Qapını taybatay açıb özünü atasının qucağına atdı. Balaca əlləri ilə
atasının kürəyini döyəcləyib sevinclə dedi:
–
Bu səhər qatarda bir nəfər mənə əl elədi. Həm də uzun-uzadı, ağacını da yellədi!– Qoltuq ağacını?
– Hə, əvvəlcə əl yellədi, sonra qatar uzaqlaşanda ucuna ağ yaylıq bağlanmış qoltuq ağacını pəncərədən bayıra çıxarıb yellədi, ta gözdən itənədək...” Sualım ondan ibarətdir ki, qoltuq ağacına bağlanmış ağ yaylıq hekayədə hansı mənanı ifadə edir?
– Mən istedadlı oxucu kimi belə qəbul etdim ki, o, sadəcə
təslim olur, ağ bayraq qaldırır. Bütün uşaqlardan zəhləsi gedən şəxs irəliliyə
doğru bir addım atır. Şvamm bilmir axı o – gözəgörünməz qonşu nəhəng adamdı,
yoxsa balacadır. Həm də o, bir az səliqəsiz adam təsiri bağışlayır. O, əl
ağacı, çamadanı ilə məkanı narahat edən adam idi. Hər şeyi mehmanxanadakı
otağın içində ortalıqda idi. Əsərdə insanın insana tamam fərqli yanaşması var.
Şvamm soruşur ki, sən bura intihar eləməyə gəlmisən? Cavabında "mən intihar
eləyən adama oxşayıram?” deyir. Şvamm əlavə edir: "Səni görürəm ki, biləm
oxşayırsan, ya yox...” Obrazın gizli
qalması yaxşı olur, çünki bu halda biz obrazı həm də vəziyyət kimi, məna kimi
başa düşürük.
– Gözəgörünməz qonşu uşağa əl eləyir, hətta fədakarlıq göstərir,
insanlığını sübut edir, amma o, Şvammla mehmanxanada söhbət edərkən uşaqlara
münasibətini belə dilə gətirir: "Məni uşaqlar maraqlandırmır, – naməlum qonşu
dedi. – Hətta onlara nifrət edirəm, uşaqlardan qaçıram. Çünki doğrusunu desəm,
uşaq ucbatından mən həyat yoldaşımı itirmişəm. O, elə ilk doğuşdaca öldü”.
Obrazın dedikləri ilə əməlləri arasındakı paradoksun nədən qaynaqlanır?
– Əslində, o, uşaqları
sevir. Uşağı günahsız adam kimi əfv edir, amma səbəb kimi bağışlaya bilmir, axı
həyat yoldaşı doğuş üstündə ölüb. Hekayənin sonluğu isə sanki dünyadakı bütün
uşaqlardan üzr istəməyin şəklidir... Əsas məsələ odur ki, müəllif bununla
göstərir ki, nifrət nə qədər güclü olur olsun, ona sevgi ilə qalib gəlmək
mümkündür. – Seyran müəllim, 40 il öncə oxuduğunuz əsəri tam təfərrüatı ilə
xatırlayırsınız. Maraqlıdır, bu illər ərzində hansı situasiyalarda,
ovqatlarda "Gözəgörünməz qonşu”ya
qayıdıbsınız?
– Məsələn, Frankfurtda olanda Z.Lentsi xatırlayıb, mümkünsüz
şəkildə "kaş ki görərdim” deyə düşünmüşəm. Bu müsahibədən qabaq yaradıcılığımı
tədqiq edən xanım zəng elədi ki, Vilayət Hacıyev Z.Lentin əsərlərini tərcümə
edib, məndən xahiş etdi ki, sizə onun kitabını çatdırım. Çünki o bilir ki, mən
bu hekayəni çox sevirəm. Sevdiyimiz şeylərlə başqalarının yadına düşməyimiz. Mənim belə xarakterim var ki, yolda valideynlərinin yanında gedən qəşəng uşaq görəndə mütləq ayaq saxlayıb, onu əzizləyirəm, bəzən ərk edib yüngülcə, incitmədən çimdikləyirəm. Bu zaman elə hiss edirəm ki, o uşaq elə Şvammın oğludur. Həssas insanlar sanki Allaha bənzəyirlər. Hekayədəki hər üç obraz da belədir. Bu həssaslığa özüm ad vermişəm: sürtülmüş həssaslıq, yəni bir az ələ-ayağa dolaşan, öz vəzifəsini bitirmiş. Ən gözəl detallardan biri də budur ki, hər iki həssaslıq o uşaqdan keçib gedir. Çünki sürtülmüş həssaslıq məsumluqdan keçəndə öz əsl mahiyyətini dünyaya gətirir. Sanki həssaslığın "döl kampaniyası” başlayır. Bilirsən, necə ki odu, suyu, havanı qoruyuruq, belə həssaslığın da üstündə əsməliyik. Bax, hekayənin məziyyəti də, keyfiyyəti də, lap elə əziyyəti də elə budur...
Söhbətləşdi: Fərid Hüseyn