AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İnsan haqları yalnız Amerikaya lazım olanda yada düşür

İnsan haqları yalnız Amerikaya lazım olanda yada düşür

Siyasət
27 Fevral 2013, 17:34 1814
Hər il olduğu kimi, bu ildə Azərbaycan xalqı tarixinin ən faciəvi günlərindən biri olan Xocalı soyqırımının növbəti ildönümünü yaşadı. 21 ildir ki, xalqımız bəşəriyyətin indiyə qədər yaşadığı faciələrlə eyni tutulmalı olan bir soyqırımını ümumxalq hüzn günü kimi qeyd edir. Xocalı soyqırımı sözün əsl mənasında bütöv bir xalqa qarşı həyata keçirilən soyqırımıdır və beynəlxalq aləm də bunu belə qəbul etməlidir. Təəssüf doğuran hal ondan ibarətdir ki, faciə yaşanan gündən onun soyqırımı kimi beynəlxalq miqyasda tanınması istiqamətində addımlar atılmalı olduğu halda, bu baş vermədi. Başımız daha çox hakimiyyət çevrilişlərinə və daxildə düşmən axtarışlarına yönəldi. Nəticədə də arada uzun müddətlik bir fasilə yarandı. Düzdür, bu müddət ərzində soyqırımının beynəlxalq miqyasda tanınması üçün Azərbaycan hökuməti, xaricdəki diaspora nümayəndələri, diplomatik missiyalarımız müəyyən işlər görsələr də, bu, kifayət etmir.

Pakistan, Meksika və Kolumbiya parlamentləri Xocalı soyqırımını tanıyıb, “Xocalıya ədalət” kampaniyası davam edir, konfrans, seminar və sərgilərin sayı ildən-ilə artır. Bu il isə ənənədən kənara çıxılaraq qeyri-adi bir qərar qəbul edildi. Belə ki, yanvarın 26-sında ABŞ Azərbaycanlıları Şəbəkəsi qeyri-adi bir təşəbbüslə çıxış edərək Ağ evin saytında prezident Barak Obamaya petisiya yaratdı. Mövcud qaydalara görə, ABŞ hökuməti söz verir ki, 30 gün ərzində 100 min imza yığıldığı halda, prezident Barak Obama bu barədə rəsmi bəyanat verə bilər. ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerikadakı siyasi davranış qaydalarına nəzərə alaraq belə bir təşəbbüslə çıxış etdi. Ağ evin rəsmi səhifəsində yer alan “Biz xalqıq” (We the People) bölməsində yerləşdirilmiş petisiya Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün lazımınca imza toplanıldı. Nəzərdə tutulurdu ki, Obama faciə ilə bağlı çıxış etsə, ölkəsinin insan haqlarına həqiqətən biganə qalmadığını bir daha dünyaya göstərmiş olacaq. Lakin bu baş vermədi. Bir ay tamamında Birləşmiş Ştatlar petisiyaya sadəcə ümumi sözlərlə münasibət bildirməklə kifayətləndi.

Saytda verilən cavabda deyilir ki, Ağ Ev bu münaqişə ilə bağlı prezidentin adından bəyanat verməyəcək. “Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında baş vermiş müharibə nəticəsində faciəli itkilərə dərindən təəssüfləndiyini bildirir. Bu bir daha xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Yalnız uzunmüddətli sülh sazişi regiona sabitlik, çiçəklənmə gətirə bilər. ABŞ Minsk Qrupunun həmsədri kimi, münaqişə tərəfləri ilə bu istiqamətdə işləməyə davam edəcək” - deyə Ağ Evin cavabında qeyd olunur.

Dünyaya demokratiya, insanların hüquq və azadlıqlarının qorunması sahəsində az qala hər gün dərs keçən Birləşmiş Ştatların belə açıqlaması sadəcə təəssüf doğurmadı. Bu, bir daha dünyaya insan haqları və demokratiya məsələsinin kağız üzərində olduğunu nümayiş etdirmiş oldu. Obamanın təkcə Amerika prezidenti kimi yox, eyni zamanda dünyada sülhü qorumaq öhdəliyi götürmüş Nobel Sülh Mükafatının sahibi kimi Cənubi Qafqazda baş vermiş erməni vandalizmindən xəbəri olmaya bilməzdi. Necə olur ki, qondarma erməni soyqırımı ilə bağlı məsələyə hər il Ağ evin rəhbəri münasibət bildirir, ancaq hamımızın şahidi olduğu bir qətliama hələ də qeyri-müəyyən reaksiya sərgiləyir. Bax budur, ədalətsiz mövqe, haqsızlıq.

Birləşmiş Ştatlar və Qərb mətbuatı Suriyada az qala hər gün yaşanan insanlıq faciəsini daim diqqətdə saxlayır, ona dünyanın bir saylı problemi kimi yanaşırlar. Suriyadakı qətliama reaksiya verilirsə, niyə çox da uzaq olmayan bir tarixdə baş verənlərə reaksiya verilmir? Halbuki, bunu bir çox beynəlxalq təşkilatlar, nüfuzlu media vasitələri öz xəbər saytlarında yerləşdirib, videoları nümayiş etdiriblər. Belə misalları çox göstərmək olar. Avropanın düz göbəyində Srebrenitsada törədilən vəhşilikləri də yada salaq. Özü də Xocalı soyqırımı bu qətliama da bənzəmir. Doğrudur, Xocalıdakı faciədən 3 il sonra baş verən Srebrenitsa qətliamında daha çox insan - 5 min nəfər öldürülmüşdü, ancaq serb başkəsənləri qadın, uşaq və qocaları sərbəst buraxmışdılar, Xocalıda isə nə baş verdiyini hamımız yaxşı bilirik. Srebrenitsa qətliamından bütün dünyanın xəbəri var, Xocalıda törədilən daha qəddar qətliamdan da xəbər tutmalıdır.

Yüz il bundan öncə baş verdiyi iddia edilən “erməni soyqırımı” haqqında fərqli mülahizələr varkən Xocalı soyqırımı 21 il bundan öncə hamının gözü qarşısında baş verib, xeyli şəkil, video və canlı şahid var. ABŞ həmin qətliamları törədənlərin həbsi ilə bağlı beynəlxalq məhkəmə qurur, onların həbsi və axtarışı istiqamətində işlər görür. Lakin Xocalı soyqırımını törədənlər barədə beynəlxalq məhkəməyə müraciət edən Azərbaycanın tələbinə reaksiya verən tapılmır. Bəs nədən bu addımı atmır? Şübhəsiz ki, burada da ermənilərin böyük rolu qeyd edilməlidir. Birləşmiş Ştatların erməni icmasının güclü maliyyəsinin təsiri altında olan ABŞ qanunvericiləri buna reaksiya verməyə cəsarət etmirlər.

Deməli, insan haqları yalnız Amerikaya lazım olanda yada düşür və sadəcə görüntü xatirinə xarici siyasətinin prioriteti elan edilib. Ötən əsrin ən dəhşətli faciəsi kimi Holokost və Xatınla eyni sırada dayanan Xocalıya belə ədalətsiz münasibət bir çox nəticələr çıxarmağa əsas verir. Ən mühüm nəticə isə budur ki, insan haqları böyük dövlətlərin əlində yalnız başqalarının daxili işlərinə müdaxilə vasitəsinə, demoqogiya alətinə çevrilib.

Azər NURİYEV