Çinlə ABŞ arasındakı münasibətlər “texnoloji müharibə” mərhələsində

Çinlə ABŞ arasındakı münasibətlər “texnoloji müharibə” mərhələsində

Təfsilat
22 May 2019, 11:00 853
Bu günlərdə texnologiya dünyasında ciddi qalmaqal yaşanmaqdadır. Belə ki, ABŞ Çinin  "Huawei” şirkətini, telefonlardakı proqram təminatında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırır. Bu isə şirkətin dünya üzrə istifadəçiləri arasında ciddi ajiotaja səbəb olub. May ayının ortalarında ABŞ-ın ticarət naziri "Huawei” şirkətini Çin şirkətləri üçün Amerika istehsalçılarının texnologiyalarına yolunu bağlayan "qara siyahı”ya salıb. "Huawei”, eyni zamanda, müvafiq lisenziyası olmadan Amerika biznesi ilə iş görməyi qadağan edən siyahıdadır.

Bir qədər öncə Amerikanın "Google” şirkəti "Huawei”ə texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib. Çinin İKT nəhəngi bundan sonra "Android” proqram təminatından və "Google” şirkətinin tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək. 

Bəs görəsən ABŞ-ın ittihamları nə qədər əsaslıdır? Bu qadağalardan sonra istifadəçiləri nə gözləyir? Məsələ ilə bağlı ekspertlərin rəyini öyrəndik. 

Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz açıqlamasında bildirdi ki, uzun illərdir ki, sözügedən şirkətin Çin hökuməti ilə iş birliyində olduğu bildirilirdi: "Huawei” şirkətinin milyardlarla marketinq siyasəti və ucuz məhsul satmasının da məhz hökumətin dəstəyilə baş tutduğu bildirilirdi. Şirkət isə bunu təkzib edirdi. Belə görünür ki, ABŞ hökuməti artıq bunu isbat edib. Bu məsələ əslində 5G reallaşanda gündəmə gəldi. Yəni məlumat oğurluğu məsələsi zaman-zaman digər qlobal şirkətlərdə (FB, Apple, Google və s.) də olub. Amma 5G gündəmə gələndən sonra məlum oldu ki, belə davam edərsə, "Huawei” öz avadanlıq və proqramları, hədsiz böyük məlumat ötürmə sürəti ilə bütün əşyaları inteqrasiya edə biləcək, bir sözlə 2-ci bir real dünyamıza nəzarət edəcək. Odur ki, ABŞ təhlükəsizlik baxımından buna imkan verə bilməzdi. Güman olunur ki, bundan sonra "Huawei”in qlobal dünyada hökmranlığına son qoyulacaq və hansısa cərimələr və qadağalarla aşağı sırada olan bir şirkətə çevriləcək. "Azərbaycan üçün təhlükə varmı” sualına gəlincə isə deyə bilərəm ki, bəli, təhlükə var. Bizdə dövlət sektorunda "Huawei”in xüsusi çəkisi yetərincədir. Ucuz olduğu üçün bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib. Bildiyim qədər "BakTelecom”un (BTRİB) 80 faizi, "Aztelekom”un 70 faizi, hətta bəzi dövlət qurumlarının Data Mərkəzləri tamamilə "Huawei” məhsulları üzərində oturub. Sanksiyalar hələlik "Huawei” telefonlarla bağlıdır. Əgər sabah ABŞ sanksiyaları şirkətin bütün avadanlıqlarına və proqramlarına şamil olunarsa, nə baş verəcəyini təsəvvür etmək çox çətindir. Azərbaycan informasiya sahəsində çox ciddi təhdidlərlə üzləşə bilər. Vaxtilə NRYTN yeni qurduğu Data Mərkəz də az qala "Huawei” nəzarətinə keçirdi. Son anda "BestComp” şirkətinin çevik siyasəti ilə bu məsələ sovuşub. Düşünürəm ki,  bu hadisədən sonra XDMX bütün dövlət İT sektorunu monitorinq və audit etməlidir. Bildiyim qədəri ilə bizdə "Huawei” ilə daha çox əməkdaşlıq edən "Eurodesign” və "Ultra” şirkətləri olub. Sanksiyalarla əlaqəli gözlənilən təhlükələrdən yayınmaq üçün hökumət təcili B planı hazırlamalıdır.  "Huawei” şirkətinə qarşı ehtiyatlı olmağı tövsiyə edən İT mütəxəssisləri və şirkət rəhbərlərini buradan alqışlayıram. Hökumətə də çağırış edirəm ki, onlara dəyər versin və qorusun. Bu problem uzun zamandır ki, yalnız "Huawei” ilə əlaqəli olub. Çinin çoxsaylı digər şirkətlərinin hökumətə məlumat ötürməsi ilə bağlı hər hansı bir açıqlamalar olmayıb”.

Technote.az saytının təsisçisi Fərid Pərdəşünasbildirdi ki, yekun olaraq qəbul olunmuş qərar indi aktiv olan "Huawei” cihazlarına şamil olunmur. Mövcud cihazlar "Google” servislərindən istifadə edəcək və tətbiqlərini rahatlıqla yeniləyə biləcəklər. Lakin "Huawei”in bazara təqdim edəcəyi yeni cihazların əməliyyat sistemi hələ də sual altındadır və şirkət bununla bağlı qısa zamanda qərar qəbul etməlidir: "Bildiyimiz kimi, son 2 gündə texnologiya dünyası Amerika və Çin, şirkətlər tərəfində isə "Google” və "Huawei” münasibətləri ilə silkələndi. Hər şey 16 mayda Donald Trumpın ABŞ şirkətlərinin  "Huawei”  cihazlarından istifadəsinə qadağa qoyması ilə  başladı. Vəziyyət belə olunca, texnologiya dünyasını sarsıdan qərar 4 gün sonra "Google” tərəfindən gəldi. "Google” "Huawei” şirkətinə əməliyyat sistemi tərəfdən dəstək  verməyəcəyini bildirdi və əməkdaşlığı dayandırdı. Bu açıqlamadan sonra qlobal smartfon bazarının 20 faizinə sahib olan "Huawei” istifadəçiləri smartfonlarında "Android”in dəstəyinin dayanacağından qorxmağa başladılar. "Google” şirkəti gələn sorğulara cavab olaraq  Tvitter” səhifəsindən qoyulan qadağanın məhz yeni "Huawei” cihazlarına şamil olunacağını bildirdi. Yəni əgər siz "Huawei” smartfonu istifadəçisinizsə, smartfonunuzda "Google”un təqdim etdiyi servislərin hər birindən istifadə edə biləcəksiniz və tətbiqləri yeniləmək mümkün olacaq.  Ardınca Cihazlarda "Google” servislərinin dayanmayacağı təsdiq olunandan sonra istifadəçiləri düşündürən əsas sual isə "Huawei”in flaqman seriyalarına Android yenilənmələrinin gəlib-gəlməyəcəyi oldu. Bu haqda heç bir rəsmi açıqlama olmadığı üçün hər kəs artıq "Huawei”in Android yenilənmələri ilə vidalaşacağını düşünürdü. Amma mayın 20-də ABŞ Ticarət Departamentinin verdiyi yeni qərar məsələni bir qədər yumşaltdı. Belə ki, qərara əsasən "Huawei” şirkəti 19 avqust tarixinə qədər, yəni 90 gün müddətində mövcud cihazlarını texniki və proqram tərəfindən təmin etmək üçün Amerika şirkətləri ilə işləyə biləcək. "Google” şirkətinin sözçülərinin 2 ay əvvəl verdikləri açıqlamaları nəzərə alsaq, yeni əməliyyat sisteminin hazırlanması üçün "Huawei” ilə xüsusi əməkdaşlıq edilirdi. Bütün bunları nəzərə alsaq, 3 ay ərzində "Huawei” yeni əməliyyat sistemini cihazlarına göndərə bilər.  Lakin gündəmdə qalan əsas məsələ hələ də aktuallığını saxlayır. Belə ki, yeni təqdim olunacaq "Honor” modelləri və qatlana bilən "Mate X” smartfonu üçün heç bir problem görünmür. Lakin "Huawei” şirkətinin bu ilin payızında təqdim edəcəyi "Mate 30” seriyası üçün əməliyyat sistemi hələ də sual altındadır. Şirkət ona verilən 3 ay müddətində problemləri həll etməli və mövcud cihazlarına dəstək göstərməlidir. Bu müddət ərzində ABŞ və Çin münasibətlərinin yumşalacağı təqdirdə, bu gün qəbul edilmiş qərara dəyişikliyin olacağı istisna edilmir”.

İqtisadçı alim Vüqar Bayramovsöylədi ki, bütün bunlar artıq ABŞ və Çin arasındakı ticarət savaşının texnoloji müstəviyə keçməsindən xəbər verir: "Düzdür, "Huawei” şirkətinin rəsmiləri son qərarın onların fəaliyyətinə təsir göstərməyəcəyini açıqladı. Nəzərə almaq lazımdır ki, sözügedən şirkət dünyanın üç aparıcı mobil şirkətlərindən biri hesab olunur. "Huawei” qlobal şirkət olduğuna görə, onun satış həcmləri də kifayət qədər böyükdür. Amma istənilən halda  "Google” tərəfindən belə bir addımın atılması birmənalı şəkildə sözügedən şirkətin satışına və eləcə də alıcıların sayına ciddi təsir edəcək. Praktiki olaraq, şirkət kifayət qədər iddialıdır. Amma güman olunur ki, qərar Çin şirkətinin satış imkanlarını xeyli məhdudlaşdıracaq.  Şirkətin müştərilərinin sayında azalma gözlənilir. Əslində bununla  Çin və ABŞ arasındakı münasibətlər texnoloji müharibə mərhələsinə qədəm qoydu. Bəzi analitiklər Çin və ABŞ arasındakı münasibətlərin qısa zamanda bərpa olunacağını söyləsələr də, iki ölkə arasındakı münasibətlərin yaxın vaxt ərzində yaxşılaşacağı ehtimalı çox aşağıdır. Hesab edirəm ki, bu məsələdən sonra ticarət savaşını daha da dərinləşdirəcək”.

Onu da qeyd edək ki, Çinin telekommunikasiya nəhəngi "Huawei” şirkətinin qurucusu Jen Çjenfey məsələ ilə bağlı açıqlama verib. O, ABŞ-ın onların gücünü düzgün qiymətləndirmədiyini bildirib. "Biz ABŞ tərəfindən real nəzarəti hələ bir il öncə hiss etmişdik. Amerikalı siyasətçilər hazırkı fəaliyyətləri ilə "Huawei” şirkətinin gücünü düzgün qiymətləndirmirlər”, - deyə Jen Çjenfey mətbuata müsahibəsində bildirib. 2018-ci ildə "Huawei” şirkətinin gəliri 105 milyard dollar təşkil edib, xalis gəliri isə 8 milyard dolları keçib. Bu şirkət dünyada ikinci ən böyük smartfon istehsalçısıdır.

Şəbnəm Mehdizadə