• bazar, 15 Dekabr, 06:50
  • Baku Bakı -3°C

Çinin Cənubi Qafqazda artan nüfuzu

04.12.21 10:00 3009
Çinin Cənubi Qafqazda artan nüfuzu
Son illərdə beynəlxalq aləmdəki vakuumu doldurmağa çalışan rəsmi Pekin Azərbaycan, Gürcüstan və Ermənistanda iqtisadi nöqteyi-nəzərdən iştirakını mühüm dərəcədə genişləndirib
ABŞ hazırda çoxqütblü dünyada ortaya çıxan çağırışlara, qlobal geosiyasi vəziyyətə uyğunlaşmağa çalışır. Onun müasir dönəmdə əsas rəqiblərindən biri olan Çin isə beynəlxalq aləmdəki vakuumu doldurmaq üçün iqtisadi vasitələrdən istifadə edir.
İkinci Qarabağ müharibəsindən sonra Qərb dövlətlərinin Cənubi Qafqaz regionunda nüfuzu azalıb. Türkiyə ilə Rusiya bölgədə təsirini daha da gücləndirib. Söhbət iqtisadi, siyasi, hərbi sahələrdən gedir. Odur ki, Pekin ABŞ-Çin rəqabətinin daha da artdığı dönəmdə Cənubi Qafqazda iştirakını genişləndirməyə can atır.
Çinin Cənubi Qafqazda iqtisadi təsirini artırması
Gürcüstanlı ekspert Miro Popxadze 1955-ci ildən bəri ABŞ-da fəaliyyət göstərən nüfuzlu "Foreign Policy Research Institute”da (Xarici siyasət araşdırmaları üzrə İnstitut) dərc edilən məqaləsində qeyd edir ki, ötən il Ermənistanla Azərbaycan arasında baş vermiş müharibə və Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanatın imzalanması, əslində, Qərbin Cənubi Qafqazda təsirinin zəiflədiyini nümayiş etdirib.
Müəllif regionda cərəyan edən son hadisələrin Çinə regional məsələlərdə iştirak etmək üçün geniş imkanlar açdığını düşünür: "Son illərdə Çinin Azərbaycan, Gürcüstan və Ermənistanda iqtisadi nöqteyi-nəzərdən iştirakı mühüm dərəcədə genişlənib. Məsələn, Dünya Bankının hesabatına əsasən, 2005-ci ildən etibarən Pekinin Bakı, Yerevan və Tbilisi ilə ticarət dövriyyəsi müvafiq olaraq 2070%, 380% və 885% artıb”.
Ekspert vurğulayır ki, Çin Cənubi Qafqaz ölkələri ilə ikitərəfli sazişlər imzalayır və müxtəlif layihələrdə iştirak edir: "Pekin mühüm strateji əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi zamanı Asiya İnfrastruktur İnvestisiya Bankı, Çin İnkişaf Bankı, "Exim Bank”, Çin Sənaye və Maliyyə Bankı kimi, dövlət və özəl maliyyə institutlarından istifadə edir”.
Pekinin regiondakı nüfuzlu oyunçularla əlaqələri
M.Popxadzenin fikrincə, Rusiya, Türkiyə və İran hazırda ABŞ ilə Avropa İttifaqını Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa, regionda təsirini gücləndirməyə çalışır: "Bu, Çinin Cənubi Qafqazda investisiyalarını artırması üçün münbit şərait yaradır. Odur ki, indi Moskva Ankara və Tehranla əməkdaşlıq edərək Pekinlə regionda infrastruktur layihələri çərçivəsində yaxın əlaqələr qurmağa can atır”.
Müəllif qeyd edir ki, Türkiyə Qərbdən uzaqlaşdığı dövrdə Çinlə əməkdaşlığın genişlənməsinə çalışır: "Bu, Pekinin regiondakı nüfuzunun artmasına yardım göstərir. Çin hazırda Türkiyədə dəniz limanlarına, avtomagistrallara, dəmir yollarına, həmçinin neft-kimya, enerji və mədənçıxarma sənayesinə sərmayələr qoyur. Pekin Türkiyənin dəmir yolları şəbəkəsini "Orta dəhliz”ə inteqrasiya etməyə hazırdır. Xatırladaq ki, "Orta dəhliz” Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Çini Avropa ilə birləşdirəcək”.
Ekspert Çinin regionda nəqliyyat, rəqəmsal infrastrukturla bağlı həyata keçirilən layihələrə böyük miqdarda vəsait ayırdığını vurğulayır: "Üstəlik, Pekin öz nüfuzunu genişləndirmək məqsədilə yumşaq gücdən belə istifadə edir. Məsələn, Çin 2000-ci illərin əvvəllərindən etibarən Cənubi Qafqaz ölkələrində humanitar, mədəni və təhsil mərkəzlərinin tikintisini maliyyələşdirir”.
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsinin artması
M.Popxadze məqaləsində son illərdə Bakı ilə Pekin arasında ticarət əlaqələrinin mühüm dərəcədə inkişaf etdiyini vurğulayır: "Çin Azərbaycanda nəqliyyat, rəqəmsal texnologiya, təbii resurslar sahələri, həmçinin qeyri-neft sektoru ilə bağlı layihələrə böyük miqdarda vəsait xərcləyib. Pekin hazırda yerüstü ticarət yollarını inkişaf etdirir. Odur ki, o, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinə sərmayə qoyur. Pekinin Bakı ilə 821 milyon dollar dəyərində iqtisadi müqavilə imzaladığını da qeyd etmək yerinə düşər. Çin bununla Azərbaycanın qeyri-neft sektorunda iştirakını genişləndirməyə çalışır. Yeri gəlmişkən, tərəflər arasında imzalanmış müqavilə kimya sənaye parklarını, aqrar-sənaye və istixana komplekslərini də əhatə edir”.
Müəllifin sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə Rəqəmsal Ticarət Qovşağı yaradılıb: "Çinin bu təşəbbüsə yardımı nəticəsində isə Asiya-Avropa telekommunikasiya dəhlizi təsis olunacaq. Bu dəhliz Azərbaycan vasitəsilə Mumbay ilə Frankfurtu birləşdirəcək layihənin bir parçası olacaq”.
M.Popxadze bildirir ki, iki ölkə arasında ticarət dövriyyəsinin artdığı dönəmdə Çinin Azərbaycana qoyduğu investisiyalar da genişlənir: "Bu gün Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticari tərəfdaşıdır. 2012-ci ildə Azərbaycandan Çinə 183 milyon dollarlıq məhsul ixrac edilmişdi. Bu göstərici 2019-cü ildə 752 milyonadək yüksəlib. 2012-ci ildə Çindən Azərbaycana 631 milyon dollarlıq, 2020-ci ildə isə 1,41 milyard dollarlıq məhsul tədarük olunub”.
Müdafiə, təhsil və rəqəmsal texnologiya sahələrində əməkdaşlıq
Məqalədə qeyd edilir ki, Çin Azərbaycanla hərbi təchizat sahəsində də əməkdaşlığı inkişaf etdirir: "Çin ilə Azərbaycan arasında hərbi sahədə dərin əməkdaşlığın təməli qoyulub”.
Müəllif vurğulayır ki, Bakı-Pekin münasibətlərinin fəallaşdığı dövrdə Çinin Təhsil Nazirliyi Azərbaycan universitetləri ilə əməkdaşlıq edərək Azərbaycanda Konfutsi İnstitutu təsis edib: "Bu institut iki ölkə arasında tələbə mübadiləsi, çin dilində kursların keçirilməsi və mədəniyyət sahəsində layihələrin reallaşdırılmasına istiqamətlənib. Üstəlik, Konfutsi İnstitutu nəzdində fəaliyyət göstərən Dövlət İdarəçilik Akademiyası Azərbaycanın "Bir kəmər, bir yol” təşəbbüsündə iştirakını araşdırır”.
M.Popxadzenin sözlərinə görə, Çin Azərbaycanda rəqəmsal texnologiya sahəsində də iştirakını genişləndirir: "Məsələn, 2016-cı ildə "Huawei” şirkəti Azərbaycanda "Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram-layihə həyata keçirib”.
Sənan Ağamalızadə
banner

Oxşar Xəbərlər