• çərşənbə, 24 Aprel, 08:20
  • Baku Bakı 13°C

İngiltərə futbolunu dəyişən oyun - Video

20.04.20 15:06 645
İngiltərə futbolunu dəyişən oyun - Video
Azarkeşlər qayıtdı, reytinq yüksəldi, pul gəldi
Ötən əsrin 80-ci illərinin sonlarında İngiltərə futbolu acınacaqlı durumda idi. 1985-ci ildə Brüsseldə Çempionlar Kubokunun finalında keçirilən "Yuventus” - "Liverpul” qarşılaşmasında baş verən faciədən sonra İngiltərə klubları avrokuboklardan uzaqlaşdırılmışdı. Bu da ölkə çempionatının səviyyəsinin düşməsinə səbəb olmuşdu. Üstəlik, ölkə daxilində azarkeşlərin xuliqanlığı baş alıb gedirdi. Təsadüfi deyil ki, həmin vaxt İngiltərnin baş naziri olan Marqaret Tetçer futbol xuliqanlığının qarşısını almaq üçün xüsusi komissiya yaratmışdı. Stadionlarda xuliqanlıq edənlərə qarşı sərt qanunlar qəbul edildi. Qaydaları pozanlar həbs edilirdi. Bütün bunlar yığma komandaya da təsir edirdi. 1988-ci ildə keçirilən Avropa çempionatında İngiltərə yığması qrup səddini aşa bilmədi. Dünyanın ən yaxşı çempionatı statusu İtaliyaya keçdi. Həmin vaxt İtaliyada Platini və Maradona "meydan sulayırdı”, Ariqo Sakki isə tatktiki inqilab gerçəkləşdirirdi. Bir tərəfdən də, İngiltərədə siyasi gərginlik də artmışdı. Vətəndaşlar Tetçerin siyasi xəttinə etiraz edirdilər. Bütün bunlar da futbola ciddi təsir edirdi. Artıq stadionlar boşalmışdı. 1987/88 mövsümündə hər oyuna orta hesabla 19273 azarkeş gəlmişdi ki, bu da 1915-ci ildən bəri ən aşağı ikinci göstərici idi. Teleyayımla da bağlı ciddi problem yaşandı. BBC və BSB yayımla bağlı müqaviləni uzatmaqdan imtina etdi. Yayım paketini ITV 4 il müddətinə cəmisi 44 milyon funta aldı.
Futbolun bataqlıqda olduğu Premyer Liqanın 100 illiyinə həsr olunmuş turnirin final görüşündə aşkar hiss olundu. Birmingemdə keçirilən "Arsenal” – "Mançester Yunayted” oyununa cəmisi 22 min azarkeş gəldi.
Əslində 1988/89 mövsümü də ciddi şəkildə fərqlənmirdi. Fanatlara qalib gəlmək mümkün olmamışdı. "Liverpul” hər kəsdən bir baş üstün təsir bağışlayırdı. Komanda 16 mövsümdən 15-də 2-ci pillədən aşağı düşməmişdi.
Həmin mövsümün qışında "Arsenal” ən yaxın rəqibindən 11 xal ("Liverpul”dan 19 xal) öndə olsa da, bu komandaya heç kim inanmırdı. Klub, 1971-ci ildən bəri çempion ola bilmirdi. Hətta son 5 ildə top-5-ə daxil olmurdu. Necə deyərlər, "Arsenal” tipik ortabab sayılırdı. 1986-cı ildə komandaya Pol Qremin baş məşqçi gətirilməsindən sonra heyətə gənclər dəvət edilmişdi. Məsələn, "Liverpul”la oyuna qədər Toni Adams 22, Martin Heys 23, Li Dikson 25, Maykl Tomas 21, Alan Smit 26 yaşda idi. Bu da çempionatın sonrakı mərhələsində özünü göstərdi. Gənclərin qeyri-sabit oyunu nəticəsində "Arsenal” liderliyi əldən verdi. "Enfild”də keçirilən son oyun ərəfəsində "Liverpul” (39) topların fərqinə görə "Arsenal”ı (35) üstələyirdi. Hamı üçün çempionat başa çatmışdı. Bir sözlə, təxirə salınmış "Lievrpul” – "Arsenal” qarşılaşması "qızıl oyun” sayılsa da, heç kim şübhə etmirdi ki, "Liverpul” sakit şəkildə titulunu qoruyacaq. "Sənin şansın yoxdur, "Arsenal” – "Daily Mirror” belə yazırdı. Təkəbbürlü başlığı statistika da təsdiqləyirdi: 2 yanvar 1989-cu ildən bəri "qırmızılar” 24 oyundan 21-də qalib gəlmişdi. O cümlədən, "Arsenal”la oyundan 3 gün əvvəl İngiltərə kubokunu qazanmışdı. "Arsenal” isə bu müddətdə keçirdiyi 20 oyundan 10-unda qalib gəlmişdi. "Liverpul” iki ildən çox idi ki, "Enfild”də 2 top fərqi ilə məğlub olmurdu. "Arsenal”a çempiona olmaq üçün isə məhz 2 top fərqilə qalib gəlmək lazım idi. Üstəlik, "topçular” 15 il idi ki, bu stadionda qalib gələ bilmirdi.
"Liverpul”un hücumçusu İan Raş həmin oyunu belə xatırlayır: "Nə oyundan əvvəl, nə də oyun zamanı şübhə etmirdik ki, çempion olacağıq. Ehtiyat oyunçular skamyasında Barri Venisonla yanaşı oturmuşdum. Son dəqiqə gedirdi, mən isə idman kostyumumu çıxarıb meydana qaçmağa hazırlaşırdım. Barrı dedi: "Belə etmə, Mən də "Uembli”də "Everton”la keçirilən oyunun son dəqiqələrində belə etdim və onlar qol vurdular”. Ona dedim ki, axmaq olma, belə hal bir daha təkrarlana bilməz”.
Barri Raşa bu sözləri deyərkən "Arsenal” hesabda 1:0 öndə idi. İlk qol standart vəziyyətdən sonra vurulmuşdu. Uniterbern cərimə zərbəsi vurdu, Alan Smit də topu başla qapıya göndərdi. 90-cı dəqiqə gedirdi, "Enfild”də azarkeşlər mahnı oxuyurdu, "Liverpul” hücum edirdi, "Arsenal” özünün cərimə meydançasına çəkilmişdi. Riçardson topu aldı və qapıçı Lukiçə verdi. O isə dərhal topu Li Diksona atdı. Dikson da Alan Smitə uzun ötürmə etdi. Alan topu arxası qapıya tərəf qəbul etdi, çevrildi və paraşüt zərbəsi ilə Maykl Tomasın başı üzərindən atdı. Elektron tabloda 91:26-cı dəqiqə idi. "Arsenal”ın tribunasında aləm bir-birinə qarışdı. Bu da final fiti.
"Liverpul” bu məğlubiyyəti ləyaqətlə qəbul etdi. "Enfild” rəqibi alqışladı. Oyundan sonra "Liverpul”u futbolçular çempionluq üçün ayrılmış 200 butulka şampanı "Arsenal”a təqdim etdilər.
Növbəti gün qəzetlərin manşeti belə idi: "Futbol dirildi”, "Futbolun nüfuzu bərpa edildi". KİV xüsusilə qeyd edirdi ki, bu qarşılaşmada azarkeşlər həmişəkindən daha yaxşı davrandılar: iğtişaş və təcavüz olmadı. Matç televiziyada izləmə rekordu qırdı. Sponsorlar Liqaya ağlasığmaz müqavilə təklif etdilər.
Bir neçə ildən sonra bəlli oldu ki, həmin matç həqiqətən də İngiltərə futboluna, ümumilikdə dünya futboluna böyük təsir edib.
Kaspi.az
banner

Oxşar Xəbərlər