• cümə axşamı, 25 aprel, 07:31
  • Baku Bakı 14°C

İngilis klublarının qənimi

02.10.21 12:30 507
İngilis klublarının qənimi
Arsen Venger belə demişdi: "Sanki "PlayStation” oynayırdı. Hər bir səhvimizdən faydalandı. Daha altı-yeddi il ən yüksək səviyyədə oynayacaq. İmkansızları da reallaşdırır”
Sentyabrın 28-də PSJ Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Mançester Siti”yə qalib gəldi – 2:0. Paris klubunun ikinci qolunu isə Lionel Messi vurdu. Bu, argentinalı futbolçunun yeni klubunda ilk qolu idi. "Qurban” isə yenə də İngiltərə klubu oldu.
35 oyun, 28 qol
Leo İngiltərənin nəhəng klublarının qapısına az qol vurmayıb. 35 oyunda adlı-sanlı klubları 28 dəfə məyus etmək asan iş sayılmamalıdır. Təkcə bir fakta diqqət edək: Messini nəzərə almasaq, Çempionlar Liqasında İngiltərə klublarını ən çox məyus edən futbolçunun hesabında cəmisi 12 qol var. Hələ onu da qeyd edək ki, Leonun hesabında 6 məhsuldar ötürmə də var. Qol+ötürməni nəzərə alsaq, hər qarşılaşmada orta hesabla 0,94 faiz məhsuldarlıq alınır. Möhtəşəm nəticədir.
Sevimli "qurban” və Vengerin proqnozu
Messinin İngiltərə klubları arasında sevimli "qurban”ı da var. Bu, "Arsenal”dır. Argentinalı "topçular”ı 9 dəfə məyus edib. Bu qollardan 4-ü 2009/2010 mövsümündə keçirilən əfsanəvi oyunda vurulub. Leo həmin qarşılaşmada poker etmişdi. O oyundan sonra "Arsenal”ın baş məşqçisi Arsen Venger belə demişdi: "Sanki "PlayStation” oynayırdı. Hər bir səhvimizdən faydalandı. Daha altı-yeddi il ən yüksək səviyyədə oynayacaq. O, müasir dövrün müjdəsi ola bilər. İmkansızları da reallaşdırır”. Vengerin proqnozu özünü doğrultdu. Messi artıq 10 ildir ki, yüksək səviyyədə çıxış edir və həqiqətən də müasir futbolun əfsanəsi ola bildi.
Mançester nəhənglərini də "sevir”
Messi sabiq baş məşqçisi Xosep Qvardiolanın çalışdırdığı "Mançester Siti”ni də çox "sevir”. O, "şəhərlilər”in qapısından 7 top keçirib. Özü də balansı qorumaqla – 7 oyunda. Bu qollardan 3-nü bir oyunda - 2016-cı ildə "Nou Kamp”da keçirilən qarşılaşmada vurub. "Mançester Yunayted” isə onun əlinin "suyunu” 4 dəfə dadıb. Qollardan 2-si Çempionlar Liqasının finalında vurulub.
"Çelsi” ha qaçsa da...
Leonun uzun müddət məyus edə bilmədiyi İngiltərə klubu "Çelsi” olub (2012-ci ildə Çempionlar Liqasının yarımfinal qarşılaşmasını və qaçırılan penaltini xatırlayaq). Amma sonda "zadəganlar” da "təslim” olublar. Messi bu komandanı 2018-ci ildə keçirilən 2 oyunda 3 dəfə məyus edə bilib.
Hələ 90 dəqiqəsi də var
2018/2019 mövsümündə argentinalı futbolçu "Liverpul”un da qapısından 2 top keçirib. Amma bu qollar "Barselona”nın işinə yaramayıb. "Enfild”də keçirilən qarşılaşmada "Liverpul”un nə pəstah çıxartdığı hər kəsə bəllidir. "Tottenehm” də Messidən "2” alıb. 2018-ci ilin oktyabrında Leo Lorisi 2 dəfə məyus edib. Bu mövsüm onu İngiltərə klubları ilə ən azı bir oyun da gözləyir. Noyabrın 24-də "Mançester Siti” ilə. Bu isə o deməkdir ki, İngiltərə nəhənglərini məyus etmək üçün Leonun 90 dəqiqəsi də var.
Kaspi.az
banner

Oxşar Xəbərlər